Məhkəmə qərarları › İş №2(105)-2070/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2070/2023

06.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2070/2023 06.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Hı̇ cran qızının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X11 Məmmədov və X7 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(067)-1918/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməsi və tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 manat mediasiya xərcinin də cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1512/2020 saylı və 2(067)-291/2020 saylı qətnamələri ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 130 manat və 160 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Bunların sübut olunmasına əlavə sübuta ehtiyac yoxdur. Hazırda bir uşağın saxlanılması üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Cavabdeh hər uşaq üçün 220 manat aliment ödəməlidir. Cavabdeh usta işləməklə yüksək qazanc əldə edir.

3. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, o, iki xəstə uşaq böyüdür. Qarşı tərəf qeyd edir ki, o, sosial yardım alır, lakin elə bir şey yoxdur. Uşaqları ata qayğısından məhrum böyüsələr də, onlara hər bir nəvazişi göstərir. Lakin atalarının heç olmasa maddi baxımından kömək etməyini istəyir. Düzdür, aliment təyin olunub və ümumilikdə iki uşağa 290 manat aliment təyin olunub. Amma aliment məbləği təkcə bir uşağın xərclərini qarşılayır. Övladının biri asma xəstəsidir və müalicə alır. Üstəlik həkimi də burda deyil, hər dəfə yoxlanışa və müalicəyə aparır. Uşağının biri bağçaya gedir. İstəmir ki, övladları atalarına görə kimlərdənsə geri qalsınlar. Aliment məbləği olduqca azdır. Cavabdeh onun işləməyini bəhanə edir. Eyni zamanda, digər övladı burun-boğaz əməliyyatı olunmalıdır. Bunlar hamısı puldur və o, təkbaşına bunları qarşılıya bilmir. Həmçinin aliment məbləği 2023-cü il üçün minimum 220 manat təyin olunub.

4. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı heç bir şəkildə qəbul etmir. O, özü xəstədir və ikinci dəfə ailə həyatı qurmuşdur, övladı vardır. Onun da maddi imkanı yaxşı deyildir. İddianın rədd edilməsini xahiş edir.

5. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz vermişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, o, iddia tələbi ilə razılaşmır. Uşaqların saxlanılması üçün məhkəmə tərəfindən təyin olunmuş aliment pulunu vaxtlı-vaxtında ödəyir, uşaqların dolanışığı və güzaranı ilə maraqlanır. O, cavabdehdən ayrıldıqdan sonra X3 ilə ailə həyatı qurmuş, nikahları xx.xx.2023-cü il tarixdə rəsmi olaraq qeydə alınmışdır. “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 21 iyun 2023-cü il tarixli PHŞ- 6-43/2-1910/23 saylı arayışından göründüyü kimi həyat yoldaşı Sahilə Müzəffərova həkimginekoloq tərəfindən müayinə olunmuş və ona 22 həftəlik hamiləlik diaqnozu təyin olunmuşdur. Yəni onun ikinci ailəsi də vardır. Digər tərəfdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X2 verilmiş 04 iyul 2023-cü il tarixli məktuba əsasən o, müxtəlif vaxtlarda mütəmadi olaraq Quba rayon PNRM-da stasionar müalicə almışdır. Bir sözlə 2015-ci ildən “Üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyindən əziyyət çəkir. Hətta bu xəstəliyi ilə əlaqədar Bakı şəhəri Məştağa qəsəbəsində yerləşən 1 saylı Psixatriya Xəstəxanasında da müalicə almışdır. Hal-hazırda onun daimi iş yeri yoxdur. Xəstəliyinə görə ağır işlərdə işləyə bilmir, yalnız günəmuzd yüngül iş tapdığı halda işləyib pul qazanaraq evinə qazanc gətirir. Yaşlı anası da onun himayəsindədir. Qeyd etdiyi kimi günəmuzd işləyib pul qazanaraq aliment pulunu vaxtlı-vaxtında ödəyir və onun başqa yerdən heç bir gəlir mənbəyi yoxdur. O, iddiaçının qeyd etdiyi hər uşağa görə 220 manat, ümumilikdə 440 manat pulu ödəmək iqtidarında deyil. Yalnız hər uşağa görə hər ay 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində aliment ödəyə bilər. Uşaqların hər birinin yaş həddi 3 yaşdan yuxarıdır və iddiaçı əmək qabiliyyətli bir şəxsdir, bu səbəbdən də işləmək üçün yetərincə imkanı vardır. Hal-hazırda o, Xaçmaz şəhəri 5 saylı tam orta məktəbdə katibə işləyir və kifayət qədər məvacib alır. Əlavə olaraq o, uşaqlara görə sosial yardım da alır. Yəni o da işləyib bir valideyn kimi uşaqları saxlamağa borcludur. İddiaçı tərəfindən ona qarşı verilmiş alimentin miqdarının artırılması tələbinə dair iddianın qismən təmin olunması, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay 150 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat miqdarında alimentin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.

7. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1512/2020 saylı və 2(067)-291/2020 saylı qətnamələrindən müəyyən olunur ki, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 160 manat və 130 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. Xaçmaz Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(067)-1918/2023 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddianın qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1512/2020 saylı və 2(067)-291/2020 saylı qətnamələrinə əsasən müəyyən edilmiş alimentlərin miqdarının dəyişdirilməsi (artırılsın), xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat məbləğində sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.1.1, 78.1, 78.2 və 112.1-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13 və 19-cu maddələri, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27 və 5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 119.2, 121.1, 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(067)-1918/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə rəsmi nigaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həmin nikah münasibətindən xx.xx.2011-ci il tarixdə X10 və xx.xx.2019-cu il tarixdə X8 adlı 2 uşaqları anadan olmuşdur. İlkin vaxtlar iddiaçı ilə normal yaşasalar da sonralar münasibətləri pozulmuşdur. 2019-cu ilin sonunda nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-291/2020 saylı qətnaməsi ilə 130 manat alimentin tutulması qət edilmişdir. 2020-ci ilin sonunda iddiaçı yenidən məhkəməyə ərizə ilə müraciət edərək alimentin artırılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsi alimentin məbləğini artıraraq hər uşağa 80 manat olmaqla 160 manat alimentin tutulmasmı qət etmişdir. Baxmayaraq həmin vaxtı o, iddiaçı ilə barışdığı üçün bir yerdə yaşayırdı. Təxminən 1 il bir yerdə yaşadıqdan sonra iddiaçı yenidən valideynlərinin yanına getmiş və həmin 1 il ərzində yığılan alimenti ondan tələb etmişdir. Halbuki, bir yerdə yaşamışlar və uşaqların bütün təminatı onun tərəfindən ödənilmişdir. Bildirir ki, hal-hazırda o, ailə qurmuş və həyat yoldaşı hamilədir. Özü uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkdiyi üçün heç bir yerdə işləmir. Xəstə olduğuna baxmayaraq işləmək üçün Məşğulluq İdarəsinə müraciət etmişdir. Ona bildirmişlər ki, qeydiyyata alınır və iş olduğu təqdirdə ona məlumat veriləcək. Lakin bugünkü günə kimi işsizdir. Anasının aldığı 370 manat əmək haqqından uşaqlarına aliment ödəyirdi. O, sadaladığı problemləri məhkəməyə bildirməklə rəsmi arayışlar təqdim etməsinə baxmayaraq, məhkəmə buna əhəmiyyət verməyərək iddiaçının iddiasını təmin etmişdir. Halbuki onun heç bir maddi imkanının olmamasını, yeni ailə qurmasını, maddi çətinliklərinin olması və anasının köməkliyi ilə alimentin ödənildiyini nəzərə almadan qətnamə qəbul edilmiş və həmin 1 il ərzində yığılan aliment ondan tələb edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

14. İddiaçı apellyasiya şikayətini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin rəsmi iş yeri olmasa da, sonuncu fərdi qaydada işləyir, ev təmiri ilə məşğuldur, kifayət qədər qazancı var, iddia edilən aliment məbləğini ödəməyə maddi imkanı yetir.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

17. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

20. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

24. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı hazırda uşaqların saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə övladlarının saxlamaqda maddi baxımdan çətinlik çəkir. Məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin hazırda uşağın saxlanılmaları üçün kifayət etmədiyini iddia edərək iddiaçı alimentin artırılması və hər ay hər uşağa 220 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir.

26. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1512/2020 saylı və 2(067)-291/2020 saylı qətnamələrinə əsasən müəyyən edilmiş alimentlərin miqdarının dəyişdirilməsi (artırılsın), xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat məbləğində sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

28. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.

29. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

30. Göründüyü kimi apellyator şikayətin dəlillərini yenidən ailə qurması, həyat yoldaşının hamilə olması, özünun uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkməsi ilə əlaqədar heç bir yerdə işləyə bilməməsi ilə əsaslandırmışdır.

31. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etmir.

32. Kollegiyanın qənaətincə cavabdehin ailə vəziyyətində dəyişikliyin olması, heç bir yerdə işləməməsi onu hazırkı aliment öhdəliyindən azad olunması, yaxud alimentin miqdarının azaldırmasına əsas verən hal kimi çıxış edə bilməz.

33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.

34. Qeyd olunmalıdır ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.

35. Məhkəmə uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək uşaqların saxlanılması üçün minimum dolanışıq xərclərinə yaxın məbləğdə alimentin cavabdehdən iddiaçının xeyinə tutulmasını əsaslı və ədalətli, eləcə də valideynlərin üzərinə uşaqların saxlanılması vəzifəsinin qoyulması ilə bağlı konstitusiya prinsipinə uyğun hesab edir.

36. Bununla yanaşı kollegiya qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımaqla yanaşı, aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.

37. Aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır.

38. İşin müəyyən edilmiş faktiki hallarına istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda alimentin təyin edilmiş məbləği öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etmir, onun əlverişsiz vəziyyətə düşməsinə şərait yaradacaq məbləğ kimi qiymətləndirilə bilməz. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarda alimentin müəyyən edilməsini məhkəmə hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına, tərəflərin əmlak vəziyyətinə uyğun hesab edir.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xaçmaz Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(067)-1918/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar