Məhkəmə qərarları › İş №2(105)-2074/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2074/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2074/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və əldən çıxmış faydanın qaytarılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-103/2021 saylı, 30 mart 2021-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-103/2021 saylı, 30 mart 2021-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim G.İmanova) iddia təmin edilmiş, Cavabdeh 4000 manat əsas borc və 4000 manat əldən çıxmış fayda olmaqla, cəmi 8000 (səkkiz min) manat pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh ondan apelyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 2(034)-103/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul eilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı şəhəri 15 saylı notariat kontorunda təsdiq olunmuş 14 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə 14 mart 2017-ci il tarixədək ödəməli olduğu 4000 manat borc, həmin pul məbləğini ödəmədiyi hər ay üçün 500 manat əldən çıxmış fayda kimi 12 ay müddətinə yığılmış 6000 manat məbləğ və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11030 manat pul məbləğinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə 4000 manat əsas borc, müqavilə öhdəliyi üzrə ödəməkən yayındığı 4 il müddətinə, hər ili 1000 manat olmaqla 4000 manat əldən çıxmış fayda məbləği və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 8030 manat pulun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Cavabdeh Bakı şəhəri, 15 saylı notariat kontorunda 14 fevral 2017-ci ildə kredit müqalisəni rəsmiləşdirərək 14 mart 2017-ci ildə geri qayataracağı şərti ilə ona 4000 (dörd min) manat pulu borc vermişdir. Cavabdeh vəd etdiyi müddətdə öhdəliyini icra etmir və 2017-cü ilin fevral ayında iddiaçıdan müqavilə əsasında aldığı pul məbləğini müxtəlif bəhanələrlə qaytarmaqdan yayınır. Bununla da, cavabdeh ona əhəmiyyətli dərəcədə zərər vurur. Belə ki, cavabdehə verdiyi pul məbləğini o, kreditə götürmüşdür və artıq xeyli miqdarda pulu qaytarıb banka ödəmişdir. Cavabdehin ondan borc aldığı pul məbləğini qaytara bilmədiyi müddətə görə də izafi pul ödəməyə məcburdur. İddiaçı 2017-ci ilin yanvar ayından Azərbaycan Respublikası Arıçılar Asossasiyasının üzvü olaraq, 35 arı ailəsinə qulluq edir. Cavabdehə borc verib vaxtında geri ala bilmədiyi pul məbləğini 35 arı ailəsinin bəslənməsinə sərf etmiş olsaydı 1 ildə qazancı 1000 manatdan artıq olacaqdı. Ötən 4 il müddətində pulunu qaytarmadığına görə cavabdeh onun 4000 manat məbləğində fayda qazanmağına mane olmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Mübahisə araşdırılarkən onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Bundan başqa, tərəflər arasında imzlanmış kredit müqaviləsi üzrə tələbetmə müddəti 14 fevral 2020-ci il tarixdə bitsə də, işə baxan məhkəmə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş 3 illik müqavilə tələbləri üzrə iddia müddətinin keçməsini nəzərə almamışdır. Bu hallar nəzərə alınmadığına görə qətnamə ləğv edilməli, iş üzrə icraata xitma verilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, həmçinin onun vəkili və nümayəndəsi X2 şikayətə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan 14.02.202017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 14.03.2017-ci il tarxədək qaytarmaq şərti ilə faizsiz olaraq 4000 manat pul vermişdir. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Arıçılar Asossasiyası tərəfindən verilmiş 06.11.2020-ci il tarixli arayışdan görünür ki, X3 həqiqətən də 14 yanvar 2017-ci il tarixdən həmin Asossasiyanın üzvüdür və hazırda 35 arı ailəsini bəsləməklə bal məhsulunun istehlası ilə məşğuldur. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, əldən çıxmış faydanın qaytarılması hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməli və iddia tələbi əldən çıxmış faydanın qaytarılması hissəsində təmin edilməməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh Bakı şəhəri, 15 saylı notariat kontorunda təsdiq edilmiş 14 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə 14 mart 2017-ci ildə geri qaytarmaq şərti ilə 4000 (dörd min) manat faizsiz borc vermişdir. Lakin kredit müqaviləsində nəzərdə tutulmuş müddət başa çatmadığına baxmayaraq, borc cavabdeh tərəfindən qaytarılmamışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh imzaladığı kredit müqaviləsinə əsasən iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 4000 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, habelə özünün etirafı ilə təsdiq olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, bu hissədə qətnamə qanuni və əsaslıdır. Kredit müqaviləsi üzrə tələb etmə (iddia) müddətinin keçməsi barədə cavabdehin şikayətinin dəlili əsassızdır. Belə ki, işdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir. Bununla belə, məhkəmə kollegiyasının iclası və yeri barədə ona göndərilmiş bildiriş qəbul edilmiş, AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə onun mobil telefonuna SMS bildirişi göndərilmiş, lakin Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bununla da iddia müddətinin tətbiq edilməsilə bağlı ərizə təqdim etməmişdir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə bu cür ərizə verilmədən mübahisə üzrə iddia müddətinin tətbiq edilməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinin 2-ci bəndində müəyyən olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Əldən çıxmış fayda kimi 4000 manat pulun qaytarılması barədə tələbə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bu hissədə tələbini əsaslandıra bilməmiş, bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İş materiallarından İddiaçı 4 il ərzində əldən çıxmış faydasının miqdarı barədə mötəbər sübut yoxdur. İddiaçı iddia ərizəsində arıçılıq fəaliyyəti göstərdiyini və borc verdiyi vəsaiti bu fəaliyyətə yatırsaydı il ərzində 1000 manat fayda götürəcəyini qeyd etsə də, digər tərəfdən o, göstərmişdir ki, cavabdehə borcu bankdan kredit götürərək vermiş, nəticədə artıq faiz ödənişləri edərək maddi ziyan çəkmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əldən çıxmış faydanın tələb edilməsi ilə maddi ziyan tələbi fərqli institutlardır və hazırkı mübahisə üzrə İddiaçı əldən çıxmış fayda barədə məhkəməyə legitim sübut təqdim etməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianı bu hissədə də təmin etmiş, kifayət qədər əsas olmadan Cavabdeh 4000 manat əldən çıxmış fayda tutmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə bu hissədə qanunsuzdur və ləğv olunmalıdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, Cavabdeh isə apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-103/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi, Cavabdeh İddiaçı Rmiz oğlunun xeyrinə 4000 (dörd min) manat əldən çıxmış faydanın tutulması hissəsində ləğv edilsin. Bu hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. Qətnamə Cavabdeh 4000 (dörd min) manat əsas borc məbləğinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar