Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2074/2023 14.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mövludşah qızının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(067)-1574/2023 saylı qətnaməsindən İddiaçı Mövludşah qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Mövludşah qızı məhkəmədə iddia qaldıraraq, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 300 manat olmaqla sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və ilkin mediasiya sessiyası üçün ödənilmiş 55 manat rüsumun cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1493/2022 nömrəli, xx.xx.2022-ci tarixli qətnaməsinə əsasən aralarında olan nikaha xitam verilmiş, birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək onun himayəsinə verilmişdir və uşaq üçün ayda 145 (yüz qırx beş) manat olmaqla sabit pul məbləğində aliment təyin edilmişdir. Hal-hazırda ayda 145 manat uşağını dolandırmaq üçün heç nəyə kifayət etmir və həmin məbləğlə uşağın maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Hal-hazırda Cavabdeh işlədiyi şirkətdən 900 manat maaş alır.
3. İddia tələbinə dair etiraz daxil olmamışdır.
4. Xaçmaz Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 2(067)-1574/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1493/2022 nömrəli, xx.xx.2022-ci tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (artırılması), Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat məbləğində sabit pul şəklində alimentin alınaraq İddiaçı Mövludşah qızına verilməsi qət edilmişdir (hakim Vüsalə Qasımova).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, uşağın saxlanılması hər iki valideynin üzərinə düşdüyündən iddia qismən təmin edilməlidir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 76.1.1, 78.1, 78.2, 112.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı Mövludşah qızı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 2(067)-1574/2023 saylı qətnaməsinin ləğv edib, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlillər:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində pul təşkil edir. Məhkəmə işə qiymət verərkən bu halı heç araşdırmamışdır. Cavabdeh hal-hazırda işlədiyi müəssisədən 900 manat əmək haqqı alır. Məhkəmə araşdırma hüququndan istifadə edərək araşdırsa idi bu hal aydın olardı. Cavadeh izahatında qeyd edir ki, o rəsmi heç yerdə işləmir. Onun “Food City” şirkətində işlədiyini qeyd edir. Bu halda məhkəmə üst-üstə-düşməyən izahatları araşdırmaq üçün cavabdehin faktiki işləyib və ya işləmədiyini aydınlaşdırmaq üşün məhkəmə sorğusu verə bilərdi, ama bu hal araşdırılmayıb. Məhkəmə cavabdehin boş və yalan mülahizələrinə inanaraq qərar qəbul edib. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas borcudur. Cavabdeh isə bu vəzifəni yerinə yetirməkdən boyun qaçırır. 1 uşağı saxlamaq üçün ayda qeyd etdiyi məbləğdə aliment vermək cavabdeh üçün maddi durumunda heç bir çətinlik yaratmasa belə o bu vəzifəni yerinə yetirməkdən boyun qaçırır. Məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddənində tələblərinə önəm verməyərək qərar çıxararkən aliment artımını ərizə məhkəməyə daxil olduğu gündən deyil qətnamənin qüvvəyə minəcəyi gündən aliment tutulmasını qeyd etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İ.Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
14. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
17. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini alimentin miqdarı və alimentin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan tutulması hissəsini mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini müəyyən olunmuş alimentin məbləğinə dair hissədə müzakirə edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat məbləğində sabit pul şəklində alimentin alınaraq İddiaçı Mövludşah qızına verilməsi hissəsində dəyişdirilməli, cavabdehdən tutulan alimentin məbləği 220 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1493/2022 nömrəli, xx.xx.2022-ci tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Fəridin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 145 manat aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi uşağın saxlanılması hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq iddianı qismən təmin etmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin alimentin məbləğinə dair hissədə gəldiyi nəticəni əsaslı hesab etməyərək qeyd edir ki, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
22. İş materiallarından görünür ki, tərəflərin faktiki nikahlarından doğulmuş uşağın saxlanılması üçün müəyyən edilmiş 145 manat aliment 2022-ci ildə, uşağın 13 yaşı olanda tutulmuşdur. Hazırda uşağın 14 yaşı var və onun tələbatları da artmışdır.
23. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir dəfə dəyişiklik edilərək uşaq üçün yaşayış minimumu artırılmışdır.
24. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, alimentin məbləği dəyişdirilərək uşaq üçün 220 manat müəyyən edilməlidir.
25. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahata qiymət verərək hesab edir ki, maddi imkanının zəif olması, rəsmi iş yerinin olmaması onun övladının saxlanılması üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
26. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
27. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehdən hər ay üçün 300 manat məbləğində aliment tələb etsə də cavabdehin qeyd edilən məbləğdə alimenti ödəmək qabiliyyətinin olmasına dair hər hansı sübutu təqdim etməmişdir.
28. Halbuki AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür.
29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahdan olan uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği dəyişdirilərək 220 manat müəyyən edilməlidir.
30. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, artırılmış aliment məbləği qətnamənin qanuni qüvvəsini aldıqdan sonra hesablanmalıdır.
31. Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz.
32. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq artırılmış alimentin tutulma vaxtının qətnamənin qanuni qüvvəsini aldıqdan sonra hesablanılması nəticəsinə gəlmişdir.
34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 2(067)-1574/2023 saylı qətnaməsi Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat məbləğində sabit pul şəklində alimentin alınaraq İddiaçı Mövludşah qızına verilməsi hissəsində dəyişdirilməli, cavabdehdən tutulan alimentin məbləği 220 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(067)-1574/2023 saylı qətnaməsi Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat məbləğində sabit pul şəklində alimentin alınaraq İddiaçı Mövludşah qızına verilməsi hissəsində dəyişdirilsin. Cavabdehdən tutulan alimentin məbləği 220 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.