Məhkəmə qərarları › İş №2(105)-2075/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2075/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2075/2021 11.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-34/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-34/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1855,52 ABŞ dolları əsas, 1122,9 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 19 iyul 2017-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 457,9 ABŞ drolları məbləğində faiz olmaqla cəmi 3936.32 ABŞ dolları borc və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim G.K.İmanova). Qətnamədən Cavabdeh3 apelyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 2(034)-34/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, qarşı borcun tutulması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1855,52 ABŞ dolları əsas, 1122,9 ABŞ dolları faiz, 1394,76 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 19 iyul 2017-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 457,9 ABŞ drolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4831,08 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(034)-34/2021 saylı qəbul etdiyi qətnamədən mən narazıdır, belə ki, hakim ədalətsiz qətnamə çıxarmışdır. Bildirir ki, o, həmin işdə zamindir, həmin puldan ona verilməmişdir. Cavabdeh1 pulu götürərkən bildirmişdir ki, pulu vaxtlı-vaxtında ödəyəsək. Lakin o, icra şöbəsindən çağrılanda məlum olub ki, pul banka ödənilməyib və iş üzrə qətnamə çıxarılıb. Bildirir ki, götürülən pulun üzərinə həddən artıq çox faiz hesablanmışdır. O, həmin faizlərlə qəti razı deyil, bu qanunsuzluqdur. O, banka olan pulu ödəməyə etiraz etmir, lakin şişirdilmiş faizlərin azaldılmasını istəyir. Bildirirəm ki, mən özüm məcburi köçkünəm.Rəsmi olaraq da iş yerim yoxdur. Heç olmasa bunların nəzərə alınmasını xahiş edirəm. Zəngilan məhəkəməsi isə bunların heç birin nəzərə almayaraq ədalətsiz qətnamə çıxarıb. Məhkəmənin bu qətnaməsi ilə bir vətəndaş kimi onun hüquqlarım pozulmuşdur. Məhkəmə işi hərtərəfli araşdırmadan qətnamə çıxarmışdır, həm də cəriməni daha çox məbləğdə göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən Zəngilan Rayon Məhkəməsinin 2(034)-34/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 2(034)-34/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-34/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsi qismən – iddianın Cavabdeh3 qarşı təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh3 qarşı hissədə təmin edilməməlidir. Barəsində şikayət verilən qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iddianı cavabdeh (kredit müqaviləsi üzrə zamin) Cavabdeh3 qarşı qismən təmin edərkən iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit sazişinə Cavabdeh3 zamin durmasına istinad etmiş, həmin hissədə gəldiyi nəticəni də Mülki Məcəllənin 472.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki qətnamə cavabdeh (zamin) Cavabdeh3 qarşı iddianın təmin edilən hissəsində işin faktiki hallarına uyğun deyil və Cavabdeh3 qarşı iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Nikoyl İKB) ilə Cavabdeh1 arasında bağlanmış 23 oktyabr 2014 il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 21 faizlə 24 ay müddətinə 5000 ABŞ dolları kredit götürmüşdür. 24 iyul 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 19 iyul 2017-ci il tarixədək təyin edilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 23 oktyabr 2014 il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin banka 1855,52 ABŞ dolları əsas, 1122,9 ABŞ dolları faiz, 1394,76 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 19 iyul 2017-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 457,9 ABŞ drolları məbləğində faiz olmaqla, ümumilikdə cəmi 4831,08 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci madələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitinin qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər ə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya meqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə ənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddiaçının tələb etdiyi 1394,76 ABŞ dolları məbləğində cərimənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 500 ABŞ dolları məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh3 dair iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Nikoyl İKB) ilə cavabdehlər-borcalan Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 23 oktyabr 2014 il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 21 faizlə 24 ay müddətinə 5000 ABŞ dolları kredit götürmüş, Cavabdeh2 və Cavabdeh3 isə zamin durmuşlar həmin kredit müqaviləsinin verilmə tarixi 23.10.2014-cü il, kre ditin müddəti 24 ay, kreditin bağlanma tarixi isə 23.10.2016-cı il tarix qeyd edilmişdir. Bundan başqa iş materiallarında olan 19.03.2015-ci il tarixli, 23.10.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əlavədən görünür ki, müqavilənin 1.2.6-cı bəndində göstərilmiş «24 ay» sözləri «28 ay» sözləri ilə əvəz edilmiş, kreditin müddəti «28 ay» hesab edilmişdir. Müqavilənin 1.2.8-ci bəndində göstərilmiş «23.10.2016» sözləri «23.07.2017» sözləri ilə əvəz edilmiş, kreditin bağlanma tarixi «23.07.2017» hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin bağlanma tarixi ziddiyyət yaradır. Belə ki, müqavilədə müddət 24 ay göstərilmiş, müqavilənin bağlanma tarixi 23.10.2016-cı il tarix göstərilmişdir. Müqaviləyə əlavədə isə müqavilənin müddəti 28 ay qeyd olunmasına baxmayaraq kreditin bağlanma tarixi 05 ay fərqlə, yəni 23.07.2017-ci il göstərilmişdir ki, bu da məntiqə uyğun deyil. Belə ki, sadə riyazi hesablamaya görə əvvəlki müqavilənin müddəti 04 ay artırılanda kreditin bitmə müddəti 23.02.2017-ci il tarixə təsadüf edir. Məhkəmə kollegiyası hesab edir ki, bu ziddiyyət vətəndaşın xeyrinə həll olunmalıdır. Yəni kreditin bitmə müddəti müqavilədə 23.07.2017-ci il deyil, 23.02.2017-ci il qeyd edilməli idi Bundan başqa iş materiallarında olan 24 iyul 2015-ci il tarixli, 23.10.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əlavədən görünür ki, müqavilənin 1.2.6-cı bəndində göstərilmiş «24 ay» sözləri «32 ay 26 gün» sözləri ilə əvəz edilmiş, kreditin müddəti «32 ay 26 gün» hesab edilmişdir. Müqavilənin 1.2.8-ci bəndində göstərilmiş «23.06.2017» sözləri (müqavilədə «23.10.2016») «23.07.2017» sözləri ilə əvəz edilmiş, kreditin bağlanma tarixi «19.07.2017» hesab edilmişdir. Beləliklə müəyyən olunmuşdur ki, borclu ilə bağlanan müqavilənin təminatı kimi bağlanmış zaminlik müqaviləsində kreditin müddəti 24 ay, faiz dərəcəsi 22 faiz, 19.03.2015-ci il tarixli müqaviləyə əlavədə müddət 28 ay göstərilmişdir, müqavilə və əlavə zaminlər tərəfiqndən imzalanmışdır. Lakin 24.07.2015-ci il tarixli kredit müqaviləsinə əlavədə kreditin müddətti 32 ay, faiz dərəcəsi 21 faiz qeyd olunmasına baxmayaraq zaminlər, o cümlədən Cavabdeh3 Yesif oğlu tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zaminlər kredit xətti müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır… Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir… Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.» Göründüyü kimi, qanunuvericilik fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilmək hüququnu, müqavilənin ləğv edilmə qaydasını müəyyən etmiş, eyni zamanda öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə əməl etməli olmasını təsbit etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, zaminliyə xitam verilməsinin əsasları Mülki Məcəllənin 477-ci maddəsində nəzərə tutulmuşdur. Həmin normaya əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Məhkəmə kollegiyası hesab edir ki, razılaşmalar üzrə zamin Cavabdeh3 oğlunun razılığı olmadan həmin öhdəlik dəyişdirildiyindən, yəni müqavilə üzrə yeni qaydalar müəyyən edildiyindən, bu hal heç də kredit xətti üzrə razılaşmanın davamı kimi qəbul edilməməlidir və zamin Cavabdeh3 oğlunun həmin öhdəliklərin icrası kimi qəbul edilməsinə əsaslar verə bilməz. Beləliklə, zamin Cavabdeh3 oğlunun 24.07.2015-ci il tarixli müqaviləyə əlavə ilə tanış olmamışdır. Belə razılığın alınmaması isə zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə kollegiyası Cavabdeh3 oğlunun apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, qətnamənin tamamilə ləğvi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə yalnız Cavabdeh3 oğluna münasibətdə ləğv edilə bilər. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin şərh olunan bu hallarına düzgün qiymət verməmiş və Cavabdeh3 oğluna qarşı iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının təbiqində səhvə yol vermişdir. Bu da qətnamənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu baxımdan, qətnamə iddia tələbinin Cavabdeh3 oğluna qarşı təmin edilən hissəsində ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi Cavabdeh3 oğluna dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh3 apelyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-34/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsi qismən - iddianın Cavabdeh3 qarşı təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh3 qarşı hissədə təmin edilməməlidir. Şərh edilənlərə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 apelyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-34/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsi qismən - iddianın Cavabdeh3 qarşı təmin edilən hissəsində ləğv edilsin. İddia tələbi Cavabdeh3 qarşı hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar