Məhkəmə qərarları › İş №2(105)-2076/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2076/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2076/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(034)-114/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Zəngilan Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(034)-114/2021 saylı qətnaməsilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qayada 4518,81 manat əsas borc və 583,68 manat faiz borcu olmaqla, cəmi 5102,49 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. (hakim G.İmanova) Qətnamədən narazı qalan Cavabdeh1 ondan apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4518,81 manat əsas borc, 583,68 manat faiz borcu və 30,40 manat ödənilmiş dövlət rüsmunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tələbini bununla əsaslandırmışdır ki, Cəmiyyətlə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli, 393- NBK-0001-19 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə 5200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC arasında 30 oktyabr 2019-cu il tarixli, 393-NBK-0001-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən X2 iddiaçı qarşısında öhdəlikləri yerinə yetirlənədək Cavabdeh1 zamin durmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 07.08.2020-ci il tarixə əsas borcu 4518,81 manat və faiz borcu 583,68 manat olmaqla, ümumi borcu 5102,49 manat təşkil edir və bu borcun cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Göründüyü kimi cavabdehlər müqavilənin şəhrtlərini pozmuş və iddiaçını müqavilə bağlanarkən umid etməyə haqqı çatanlardan məhrum etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsasızdır. Belə ki, qətnamədə qeyd edildiyi kimi iddiaçıdan 2019-cu ilin 30 oktyabr tarixində kredit müqaviləsi imzalayaraq 5.200 manat məbləğində pulu kredit götürmüşdür. Borc pul məbləğini götürməkdə məqsədi toy və şənliklərdə çəkiliş edə bilmək üçün kamera avadanlıqları almaq olmuşdur. Məhz bu səbəbdən iddiaçının onlara verdiyi kredit məbləğinin təyinatı istehlak yox, biznes krediti olmuşdur. İddiaçıdan borc məbləği götürüldükdən sonra müqavilənin şərtlərinə uyğun olaraq ödənişi həyata keçirmişlər. 2019-cu ilin 30 oktyabr tarixindən 2020-ci ilin mart ayınadək onlar tərəfindən vaxtlı vaxtında ödənişlər olunmuşdur. Lakin 2020-ci ilin mart ayından etibarən məlum koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edildiyindən və bütün ölkə üzrə toy və şənliklərin keçirilməsinə qadağa qoyulduğu üçün təbii ki, kiçik biznes sahəsi olan toy çəkilişləri dayanmışdır. Nəticədə isə iddiaçı qarşısında borc yaranmışdır. Lakin bununla əlaqədar bank heç bir addım atmadan birbaşa məhkəməyə müraciət edib borcunu tələb etmişdir. İddiaçı onun müştərisi olaraq onlarla əlaqə saxlayıb biznes kreditindən yaranan pozuntuların hansı səbəbdən yarandığını və ya bunun qarşısını almaq üçün hər hansı tədbirlərin görülməsini müzakirə etməmiş birbaşa olaraq məhkəməyə müraciət edib borcunu tələb etməsi özü-özlüyündə hüquq pozuntusudur. Əgər belə olmasaydı hansı məqsədlə vətəndaşlara verilən kredit məbləğləri biznes və ya istehlak kateqoriyalarına bölünürlər? Biznes krediti verən təşkilat kredit verdiyi müştərisinin borcu hansı səbəbdən gecikdirdiyini və bu gecikmənin qarşısını almaq üçün məhkəmədən kənar tədbirləri həyata keçirməyə borcludur. Bundan başqa, məlum pandemiyaya görə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi və qadağalar hamıya məlumdur və bunun hər hansı sübuta ehtiyacı yoxdur. Lakin bununla belə, iddiaçı məhkəmədə iddia qaldırarkən iddia tələbində bununla bağlı heç nə göstərməmiş və birinci instansiya məhkəməsi bu faktları görməzdən gələrək heç bir araşdırma aparmamışdır. Məhkəmə yalnız Mülki Məcəllənin 425,442 və 448-ci maddələrinə istinad etməklə belə nəticəyə gəlmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Halbuki, tərəflərin müqavilə bağlayarkən sonradan vəziyyətin əhəmiyyətli dərəcədə dəyişəcəyindən heç birinin xəbəri olmamışdır və bunu heç ehtimal belə edə bilməzdilər. Belə olan halda isə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 422 və 448-ci maddələrinin tələblərini nəzərə alaraq qətnamə qəbul etməli idi. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia isə təmin edilməməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. İddiaçının nümayəndəsi teleqramla məhkəməyə müraciət edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası məhkəmə iclasını tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmiş və mübahisəni onun iştirakı olmadan yekunlaşdırmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli, 393-NBK-0001-19 saylı kredit müqaviləsindən görünür ki, ona 24 ay müddətinə illik 30 % tətbiq edilməklə 5200 manat məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan Cavabdeh2 ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC arasında 30 oktyabr 2019-cu il tarixli, 393-NBK-0001-19 saylı zaminlik müqaviləsindən görünür ki, eyni tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icrasını Cavabdeh2 zamin kimi təmin etməsini öz üzərinə götürmüşdür. Yenə də iş materiallarında olan 07.08.2020-ci il tarixli arayışdan görünür ki, cavabdehin banka 07.08.2020-ci il tarixinə 4518,81 manat əsas və 583,68 manat faiz borcu olmaqla, cəmi 5102,49 manat borcu vardır. İşdə olan 23.10.2020-ci il və 02.07.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit borcunun ödənilməsi barədə Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən xəbərdarlıq edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(034)- 114/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-dən 30 oktyabr 2019-cu il 393-NBK-0001-19 saylı kredit müqaviləsinə əsasən illik 30 faizlə, 24 ay müddətinə 5200 manat borc almışdır. Bu kredit müqaviləsinin təminatı olaraq, Cəmiyyətlə digər Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin zaminlə birlikdə daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə borclu kreditor qarşısında məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəliklərini yerinə yetirmədiyinə görə 4518,81 manat əsas və 583,68 manat faiz borcu olmaqla, cəmi 5102,49 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, o cümlədən maliyyə arayışı ilə təsdiq olunur. Cavabdeh1 apelyasiya şikayətində kredit borcunu mübahisələndirsə də, bu borcun əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası bu dəlilləri qiymətləndirərək belə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, digər Cavabdeh2 kredit öhdəliklərinə təminatçı kimi zamin durduğundan yaranmış borc hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Ümumilikdə mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə çıxarılmış qətnamə əsaslıdır və onun tam və ya hissəvi ləğvi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətinə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(034)-114/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar