Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2077/2021 23.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Şuşa Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli, 2(077)-197/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şuşa Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli, 2(077)-197/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Allahverən Həsənov) İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinə xitam verilməsi və kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli, 800804- 556053/5 saylı kredit müqaviləsinə xitam verilməsi, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli, 800804-556053/5 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4239,13 manat əsas, 421,66 manat faiz borcu olmaqla, cəmi 4660,79 manat məbləğində borcun İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 04 dekabr 2019-cu il tarixli, 800804-556053/5 nömrəli kredit müqaviləsi üzrə 4239,13 manat əsas borc və 421,66 manat faiz borcu olmaqla, cəmi 4660,79 manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, cəmiyyətlə borcalan Cavabdeh arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli, 800804-556053/5 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 25% dərəcəsi ilə 4500 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Dəfələrlə şifahi və yazılı xəbərdar olunsa da, cavabdeh banka olan borcunu ödəməmişdir. 05 avqust 2020-ci il tarixinə borclunun kredit müqaviləsi üzrə 4239,13 manat əsas borc və 421,66 manat faiz borcu olmaqla, cəmi 4660,79 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı açıq səhmdar cəmiyyəti iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək həm də 04 dekabr 2019-cu il tarixli, 230804-556053/5 saylı kredit müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə aralarında bağlanmış 04 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25 % ödəmək şərti ilə 4500 manat məbləğində kredit verilmişdir. Məhkəmə qətnaməsinə əsasən iddia qismən təmin edilərək İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ondan 4239,13 manat əsas borc, 421,66 manat faiz borcunun tutulması qət edilmişdir. Qətnamə qəbul edilərkən iş tam və obyektiv araşdırılmamışdır. Qətnamədə göstərilən ümumi məbləğ onun götürdüyü kredit məbləğindən çoxdur. Faizlərin hesablanması düzgün aparılmamışdır. Həmçinin məhkəmə iclası onun iştirakı təmin olunmadan keçirilmiş və çəkişmə prinsipi pozulmuşdur. Cavabdeh apellyasiya şikayətində iş üzrə qətnamənin ləğv edilməsi və iddianın əsassız olduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Gəncə filialı ilə bağlanmış 04 dekabr 2019-cu il tarixli, 800804-556053/5 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 25 faiz ödənilməsi şərti ilə 4500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 04 dekabr 2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Gəncə filialı tərəfindən Cavabdeh 4500 manat ödənilmişdir. İş materiallarında olan 05 avqust 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 dekabr 2019-cu il tarixli, 800804-556053/5 saylı kredit müqaviləsi üzrə həmin tarixə banka 4239,13 manat əsas borcu, 421,66 manat faiz borcu olmaqla, cəmi 4660,79 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Gəncə filialı tərəfindən Cavabdeh ünvanlanmış 19 may 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, 04 dekabr 2019-cü il tarixli, 800804-556053/5 saylı kredit müqaviləsi üzrə borcu 5 gün müddətinə ödəməsi tələb edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Gəncə filialı ilə bağlanmış 04 dekabr 2019-cu il tarixli, 800804-556053/5 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 25 faiz ödənilməsi şərti ilə 4500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 5.1.5-ci bəndinə əsasən ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmadıqda və ya lazımi qaydada icra olunmadıqda və faizlər borc alan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixinədək 2 dəfə ardıcıl olaraq ödənilmədikdə bank müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə ödənişləri 121 gün gecikdirmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti hazırki iddia ilə 14 avqust 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd edilən hal müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, müqavilə üzrə ödənişləri ödəmə müddəti ərzində aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması mülki işin materialları ilə də inkar edilmədiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsinə xitam verilməsi, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli, 800804-556053/5 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4239,13 manat əsas, 421,66 manat faiz borcu olmaqla, cəmi 4660,79 manat məbləğində borcun İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması nəticəsinə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində faizlərin hesablanmasının düzgün aparılmadığını göstərsə də, bu dəlilini əsaslandırmamışdır və onun bu dəlili iş materiallarında olan malliyə arayışı ilə təkzib olunur. Cavabdeh apellyasiya şikayətində məhkəmə iclasının onun iştirakı olmadan keçirildiyini qeyd etmişdir. İşin 30, 41 və 45-ci vərəqələrində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən görünür ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq işə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şuşa Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli, 2(077)-197/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2077/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2077/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver