Məhkəmə qərarları › İş №2(105)-2078/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2078/2022

11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2078/2022 11.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e-2(012)-2598/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e-2(012)-2598/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış debitor borcuna görə 820.20 manat, dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin e-2(012)-2598/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsinə və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 820,80 (səkkiz yüz iyirmi manat 80 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 828,20 (səkkiz yüz iyirmi səkkiz manat 20 qəpik) manat pulun və 42,96 manat 49 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1691,90 (bir min altı yüz doxsan bir manat 90 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********,M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdirlən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Cavabdeh tərəfindən qaz xəttinə rezin boru vasitəsi ilə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar edilmiş, aşkar olunmuş fakt yerində Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. xx.xx.2021-ci il tarixli Tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 8208 kub.m təşkil etmişdir. Hesablanmış 828.80 (səkkiz yüz iyirmi səkkiz manat səksən qəpik) manat məbləğində dəymiş ziyan 2021-ci ilin aprel ayından könüllü ödəməsi üçün abonentin **********04536 saylı koduna yerləşdirilmişdir. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə iddiaçıya ziyan vurmuşdur (buna dair fotoşəkil iş materiallarında mövcuddur). Lakin 1-ci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində kobud səhvə yol vermişdir.Cavabdeh tərəfin sayğacdan əvvəl təbii qazı talaması halı sübuta yetirilir. Buna dair iş materiallarında bu faktı təsdiq edən fotoşəkil mövcuddur. Bu faktdır ki, cavabdeh sayğacsız təbii qazdan istifadə edərək, iddiaçı “ Azəriqaz” İB-yə ziyan vurmuşdur. Cavabdehə aid olan **********00010 abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Odur ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2598/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsinə və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətindən görünür ki, apelyant qətnaməni qismən, iddia tələbinin təmin olunmayan hissəsini mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı təşkilatın apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin e- 2(012)-2598/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixində ******* nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqavilə»sinin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İşin materiallarında olan İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli 02898453 saylı aktdan müəyyən edilir ki, Abşeron rayonu, Məhəmmədi kəndində (abonent kodu: **********04536) yaşayan istehlakçı Cavabdeh sayğac qoyulana qədər rezin boru vasitəsi ilə qeyri-qanuni qoşularaq qazdan istifadə edilməsi aşkar edilmişdir. Bu əsasda ona 8208 kub.m. təbii qazdan sərfiyyata görə 820.8 manat ziyana görə cərimə yazılmışdır. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli abonentin saldo cədvəlindən müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçı İByə xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında sayğac qoyulana qədər 820.8 manat cərimə məbləği kimi ziyan dəymişdir. Bundan əlavə olaraq cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2021-ci il üçün 828.20 manat debitor borcu qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh yaşadığı ünvanda sayğac qoyulana qədər rezin boru vasitəsi ilə qeyri-qanuni qoşularaq qazdan istifadə edilməsi aşkar olunması ilə əlaqədar akt tərtib edilmişdir. Halbuki, sayğacdan əvvəlki dövr üçün həmin ünvanda təbii qazdan istifadə olunması hər hansı sübutla təsdiq olunmur. Bununla da iddiaçı iddia tələbinin qeyd edilən hissəsində, sayğac quraşdırılandan əvvəlki dövrdə rezin boru qeyri-qanuni istifadə üçün 820,80 (səkkiz yüz iyirmi manat 80 qəpik) manat məbləğində zərərin hesablanmasında dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublmkası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin iddia tələbi qismən təmin edildiyi üçün MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, sayğac quraşdırılandan əvvəlki dövrdə cavabdeh tərəfindən rezin boru qeyri-qanuni qoşulma ilə qazdan istifadə etməsinə dair hər hansı bir rəsmi sənəd təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e-2(012)-2598/2022 nömrəli qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e-2(012)-2598/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar