Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-208/2022 20.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(067)-1191/2021-006 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) İddiaçı MMC-nin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6135 manat dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 17 dekabr 2020-ci il tarixdə idarə etdiyi DAF FT XF markalı ** AC *** i/o dartıcı və SCHMİTZ SKO 24 markalı ** ZA *** d/q nişanlı yarımqoşqu ilə Rusiya Federasiyasının Moskva şəhərinin 91-ci km-nə qalmış DAF FT XF YÜK markalı dartıcının mühərriki xarab olduğundan RF ərazisində nəqliyyat vasitəsini saxlamaqla, eləcə də maddi məsul şəxsə təhvil verməyərək orada qoyub getmişdir. İddiaçı tərəfindən cavabdehə yol üçün 600 manat, 57500 rubl—1373 manat, 1550 litr yanacaq—930 manat verilmişdir. Eləcə də mühərrikin təmiri üçün Rusiya Federasiyasına İddiaçı MMC tərəfindən 4 ədəd gilz 200 manat x 4 ədəd=800 manat, 1 ədəd remkomplekt 570 manat, 1 ədəd karterin prokladkası 150 manat, 40 litrlik 10x40 markalı mühərrik yağ 400 manat, 40 litrlik antifris 140 manat, 1 ədəd yağ filtri 35 manat, 1 ədəd dizel filtri 35 manat olmaqla ehtiyat hissələri göndərilmiş, ilkin olaraq müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya 5035 manat ziyan vurmuşdur. Daha sonra məlum olmuşdur ki, 29 yanrvar 2021-ci il tarixli Rusiya Federasiyasının Moskva şəhərində «LİDERTRANSLAYN» OOO şirkətinə DAF FT XF markalı ** AC *** i/o dövlət qeydiyyat nişanlı dartıcının mühərriki təmir edilmiş, işin həcmi və sifarişin başlanğıc dəyəri 403983 rubl, yəni 1100 manat təşkil etdiyindən İddiaçı MMC tərəfindən «LİDERTRANSLAYN» OOO şirkətinə 1100 manat-403983 rubl pul ödənmişdir. Bununla da Cavabdeh İddiaçı MMC-yə cəmi 6135 manat ziyan vurmuşdur. Lakin hazırki günə qədər cavabdeh tərəfindən vurulmuş 6135 manat ziyan iddiaçıya ödənilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "xxxx" MMC Xaçmaz Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, eyni zamanda qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən və aktlardan görünür ki, cavabdehin səhlənkarlığı nəticəsində avtomaşının mühərrəkində su olmama səbəbindən, mühərrik bağlanmış və müəssisəyə xeyli ziyan dəymişdir. Cavabdeh ilə bağlanmış əmək müqaviləsinin, “tam maddi məsuliyyət haqqında” müqaviləni və qol çəkdiyi iltizamlardakı şərtləri tam pozmuş, heç bir xəbərdarlıq etmədən avtomaşını küçədə atıb getmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prossual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçı tərəfin qeyd olunan ziyanın məhz cavabdehin qəsd və yaxud da ehtiyatsızlığı nəticəsində yarandığına dair heç bir sübutu məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, nəticəni mübahisələndirmişdir. İşdən görünür ki, iddia tələbi ziyanın ödənilməsi barədədir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, cavabdeh müqavilələr üzrə üzərinə tam maddi məsuliyyət haqqında öhdəlik götürmüşdür. İşin mübahisə olunmayan digər halı ondan ibarətdir ki, DAF FT XF markalı ** AC *** i/o dartıcı və SCHMİTZ SKO 24 markalı ** ZA *** d/q nişanlı yarımqoşqu ilə Rusiya Federasiyasının Moskva şəhərinin 91-ci km-nə qalmış DAF FT XF YÜK markalı dartıcının mühərriki xarab olmuş, avtomobilə maddi ziyan dəymişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 199-cu maddəsi təşkil edir. Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Qeyd olunan maddi hüquq norması işçinin tam maddi məsuliyyət daşıdığı halları təsbit etmişdir. Tam maddi məsuliyyət, yəni vurulmuş ziyanın tam həcmdə ödənilməsi vəzifəsi o halda işçinin üzərinə qoyula bilər ki, bu ziyan Əmək Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş olsun. Yəni tam maddi məsuliyyət bilavasitə qanunvericiliklə nəzərdə tutulmuş hallarda işçinin üzərinə qoyula bilər. Nəzərə almaq lazımdır ki, tam maddi məsuliyyət işçilərlə işəgötürənlərin bağladıqları tam maddi məsuliyyət haqqında xüsusi müqavilələr əsasında yaranır. Belə müqavilələr bütün işçilərlə deyil, yalnız saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakı və digər sərvətlərin salamatlığını təmin etməyi öz üzərinə götürən, yəni maddi sərvətlərə bilavasitə xidmət göstərilməsi ilə bağlı vəzifələr tutan, yaxud işləri yerinə yetirən işçilərlə bağlanır. Məsuliyyətin əsası qismində işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığının təmin edilməməsi çıxış edir. İşdən göründüyü kimi iddiaçının balansında olan və avabdehə təhkim edilmiş onun tərəfindən idarə edilmiş DAF FT XF markalı ** AC *** i/o dartıcı və SCHMİTZ SKO 24 markalı ** ZA *** d/q nişanlı yarımqoşqu ilə 17 dekabr 2020-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərinin 91-ci kilometrinə qalmış DAF FT XF yük markalı dartıcının mühərriki sürücü Cavabdeh səhlənkarlığı ucbatından xarab olmuşdur. Tərəflər arasında bağlanmış əmək, tam maddi məsuliyyət haqqında müqavilələr və cavabdeh tərəfindən verilmiş iltizama əsasən işəgötürənə vurulacaq ziyana görə məsuliyyət daşıdığı barədə xəbərdar edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından da görünür ki, iddiaçıya məxsus “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə saz vəziyyətdə təhvil verilmişdir. Əmək Məcəlləsinin 200-cü maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1700 saylı 11 may 2022-ci il tarixli əmtəəşünaslıq ekspertizası rəyi ilə nəzəri hesablama yolu ilə İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2395,00 manat müəyyən edilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). İş materiallarında olan “tam maddi məsuliyyət haqqında” müqavilə ilə və cavabdeh tərəfindən imzalanmış 09 noyabr 2020-ci il tarixli iltizamlarla cavabdeh “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin saz vəziyyətdə idarə edilərək saxlanmasına, məsul şəxsə təhvil verəcəyinə, çatışmazlıqlar olarsa qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağına, şirkətə vurulacaq ziyan barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağına, ziyan vurulacağı təqdirdə vurulmuş ziyanı özü ödəyəcəyinə, məsuliyyəti özü daşıyacağı barədə öhdəlik götürdüyündən və üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi məbləğdə deyil, ekspertiza rəyi ilə müəyyən edilmiş “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2395 (iki min üç yüz doxsan beş) manat məbləğində ziyanın əvəzini ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı olaraq Cavabdeh hazırkı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməli, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 2395 (iki min üç yüz doxsan beş) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Cavabdeh hazırkı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-208/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-208/2022
20.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver