Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2082/2022 02.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk iddia və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiaya dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, icarə müqaviləsinin ləğvi və pul tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(028)-96/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh 2452 manat dəymiş ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 2552 (iki min beş yüz əlli iki) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC ilə bağlanmış 17 mart 2018-ci il tarixli, AL-268 saylı daxili lizinq müqaviləsinə əsasən lizinqə verilmiş “Ravon Nexia R3 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nömrəli (qeydiyyat şəhadətnaməsi AD156125 seriyalı, 2017-ci il buraxılışı, ban XWBTF69V9HA047855, ağ rəngli) avtomobili etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdehin hərəkətləri nəticəsində avtomobilə zərər dəymişdir. 17 sentyabr 2021-ci il tarixdə Cavabdeh icarə haqqını ödəyərkən avtomobildə nasazlıqlar olduğu aşkarlamışdır. Avtomobil təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomobilə 2452 manat zərər dəymişdir. Lakin cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə xx.xx.2021-ci ildə imzalanmış icarə müqaviləsinin ləğv edilməsi və İddiaçı 3750 (üç min yeddi yüz) manat maddi ziyan məbləğinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı tərəfindən “Ravon Nexia R3 minik” markalı, **-PR-*** qeydiyyat nömrəli avtomobil ona icarəyə verilmişdir. Depozit olaraq onun tərəfindən 900 manat məbləğində pul ödənilərək, aylıq icarə haqqı gündəlik 15 manat olmaqla, aylıq 450 manat müəyyən edilmiş və müqavilə müddəti 60 ay müəyyən edilmişdir.Lakin müqavilənin 11-ci bəndinə əsasən 60 aylıq müddət keçdikdən sonra icarəyə verən şəxs tərəfindən avtomobilin ona bağışlanması vədi ilə bağlanmışdır. Onun tərəfindən müqavilənin şərtlərinə əməl olunduğu halda, 6 aylıq icarə haqqı ödənilmiş, heç bir əsas olmadan, xx.xx.2021-ci ildə avtomobil təmir adı ilə onun razılığı olmadan ondan alınaraq, başqa bir şəxsə icarəyə verilmişdir.Ona qarşı verilmiş iddia əsassızdır. İddiaçı “Ravon Nexia R3 minik” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobili ona icarəyə verərkən və ondan qanunsuz olaraq alarkən avtomobilin ümumi vəziyyətinə dair təhvil-təslim aktı tərtib edilməmiş, qeyd edilən nasazlıqların kimin təqsirli hərəkəti ucbatından baş verdiyi isə tam olaraq qaranlıq qalmışdır. Digər tərəfdən xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilmədən, tərəflərin hüquq və vəzifələri müəyyən edilmədən qeyri-qanuni olaraq avtomobil başqa bir şəxsə icarəyə verilmişdir.Belə olan halda ödənilmiş 900 manat depozit məbləği və aylıq 450 manat olmaqla 6 aylıq icarə haqqı və xx.xx.2021-ci il tarixədək ödənilmiş 150 manat məbləğində maddi ziyan müəyyən edilməlidir. Tərəflərin iddia tələblərinə qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarında olan AD seriyalı 156125 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon Nexia R3 minik” markalı **-PR-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. "xxxx" MMC və İddiaçı arasında bağlanmış 17 mart 2018-ci il tarixli, AL-268 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı sifarişi ilə “Ravon Nexia R3 minik” markalı, ağ rəngli avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. POA********** saylı, xx.xx.2021-ci il tarixli və POA********** saylı, xx.xx.2021-ci il tarixli etibarnamələrdən görünür ki, "xxxx" MMC “Ravon Nexia R3 minik” markalı **-PR-*** dövlət qeydiyyat nömrəli (qeydiyyat şəhadətnaməsi AD156125 seriyalı, 2017-ci il buraxılışı, ban XWBTF69V9HA047855, ağ rəngli) avtomobili etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə xx.xx.2021-ci il tarixədək vermişdir. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 59 saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən şəxs-İddiaçı nəqliyyat vasitəsini icarəyə götürən şəxs Cavabdeh verir. xx.xx.2021-ci il tarixli, 59 saylı avtomobilin təhvil-təslim aktından görünür ki, Cavabdeh təhvil verilən “Ravon Nexia R3 minik” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobil texniki baxımdan saz vəziyyətdədir, heç bir qüsuru yoxdur və bütün ləvazimatları yerindədir. İddiaçı və digər şəxslər tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki,xx.xx.2021-ci il tarixdə Cavabdeh “Ravon Nexia R3 minik” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobili RS servisinin həyətinə gətirib, heç bir sənədləşmə aparmadan açarları üstündə saxlayıb getmişdir. Həmin avtomaşına baxış zamanı 4 detalların dəyişdirdiyini və maddi ziyan dəydiyi aşkar olunmuşdur - akkumulyator, təkər, arxa sağ stop, ön fara (sağ-sol). RS Avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, “Ravon Nexia R3 minik” markalı **-PR-*** dövlət qeydiyyat nömrəli, 2017-ci il buraxılışı, ağ rəngli avtomobilin 9 ehtiyyat hissələrinin xarab olduğu müəyyən olunmuşdur.Ehtiyyat hissələrin və təmirə çəkiləcək xərclərin ümumi dəyəri 2452 manat müəyyən edilmişdir. Ehtiyyat hissələri - 977 manat, işçilik xərcləri -1475 manat. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, Cavabdeh hərəkətləri nəticəsində avtomobilə 2452 manat zərər dəymiş və zərərin xx.xx.2022-ci il tarixədək ödənilməsi xahiş olunur.Əks halda məhkəməyə müraciət olunacaqdır. İş materialları ilə müəyyən olur ki, Fiziki şəxs X1, VÖEN ********** tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, seriya ĞLM N 484404 mədaxil qəbzinin kötüyündən görünür ki, ehtiyyat hissələri və zəhmət haqqı üçün 2452 manat ödənilmişdir.Lakin kim tərəfindən və hansı nəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi mədaxil qəbzində qeyd olunmamışdır. “RS Avtoservis” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, İddiaçı və digər şəxslər tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktında göstərilmiş 4 detalların -akkumulyator, təkər, arxa sağ stop, ön fara (sağ-sol) təmirinə çəkiləcək xərclərin ümumi dəyəri 845 manat müəyyən edilmişdir. İddiaçı və Cavabdeh arasında bağlanmış 59 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən icarəyə götürən şəxs avtomobili istifadə etmə məsuliyyətini öz üzərinə, hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Müqavilənin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs tərəfindən müqavilənin bütün bəndlərində nəzərdə tutulan əsaslara və qaydalara əməl olunmadıqda nəqliyyat vasitəsini icarəyə verən şəxs birtərəfli qaydada nəqliyyat vasitəsini icarəyə götürən şəxsdən alır və müqaviləyə xitam verir. Lakin iddiaçı tərəfindən nəqliyyat vasitəsini icarəyə götürən şəxs tərəfindən müqavilənin bütün bəndlərində nəzərdə tutulan əsaslara və qaydalara əməl olunmadığını təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məkkəməyə təqdim etməmişdir. Müqavilənin 4-cü bəndinə əsasən nəgliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilatına olan borc qalığını ödəməlidir və ya depozit məbləğindən verilməlidir. Müqaviləsinin 9-cu maddəsinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə götürən şəxs geri qaytararsa və ya nəqliyyat vasitəsini icarəyə götürən şəxs qaydalara əməl etmədiyi halda nəqliyyat vasitəsini icarəyə verən şəxs tərəfindən geriya alınarsa, həmin vaxta qədər nəqliyyat vasitəsini icarəyə götürən şəxs tərəfindən ödədiyi pul geri qaytarılmır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki İddiaçı və digər şəxslər tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktında göstərilmiş 4 detalların -akkumulyator, təkər, arxa sağ stop, ön fara (sağ-sol) təmirinə çəkiləcək xərclərin ümumi dəyəri 845 manat depozitə qoyulmuş 900 manat hesabına ödənilməklə, təmirə çəkilmiş işçilik xərcləri 400 manat məbləğində müəyyən edilməlidir. Qubadlı Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(028)-96/2022 nömrəli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair ilk iddia qismən təmin edilib, Cavabdeh 345 manat dəymiş ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 50 manat olmaqla, ümumilikdə 395 (üç yüz doxsan beş) manat pulun tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası qismən təmin edilib, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci ildə imzalanmış icarə müqaviləsi ləğv edilərək qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələblərinə hüquqi qiymət verərək hesab etmişdir ki, “Ravon Nexia R3 minik” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobil Cavabdeh tərəfindən xx.xx.2021-ci ildə RS servisinin həyətinə gətirilmiş, lakin dəymiş zərərin hesablanmasına dair akt bir aydan sonra, xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir.Belə olan halda “Ravon Nexia R3 minik” markalı 90PR-447 qeydiyyat nömrəli avtomobil iddiaçının istifadəsində olmuş və xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktında göstərilmiş avtomobilin 5 ehtiyyat hissələri məhz iddiaçının günahı ucbatından xarab olmuşdur. İddiaçı və Cavabdeh arasında bağlanmış 59 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 1.6-ci bəndinə əsasən icarəyə götürən şəxs avtomobili istifadə etmə məsuliyyətini öz üzərinə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 23, 421.2, 700.1, 700.2, 700.3, 1097.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106, 217-ci maddələri və tərəflər arasında bağlanmış icarə müqaviləsinin 1.6, 1.8, 2, 4, 9-cu bəndələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(028)-96/2022 nömrəli qətnaməsinin qismən ləğv edilib, ilk iddianın təmin edilməyən hissəsində iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyant birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirmiş, qarşılıqlı iddia tələbinə dair hissəsində mübahisələndirməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməyən hissəsində yoxlanılır. Şikayətin dəlilləri: İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktda avtomobilin nasaz vəziyyətdə olmuş detallarının sayının 9 olduğu və bu detalların yenisi ilə əvəz olunması xərclərinin ümumi dəyərinin 977 manat olması göstərilmişdir. Həmçinin həmin aktda avtomobilin təmirinə çəkilmiş işçilik xərclərinin 1475 manat olması qeyd edilmişdir. Həmin akta əsasən avtomobilə dəymiş zərər yekun olaraq 2452 manat hesablanmışdır. Qeyd olunanlar avtomobilin təmir olunduğu avtoservis tərəfindən müştəriyə sonuncunun ödədiyi məbləğə görə vermiş olduğu ödəniş qəbzi ilə də təsdiq olunur. Bundan başqa məhkəmə qətnamədə cavabdeh tərəfindən avtomobilin yararsız hala salınmış detallarının yenisi ilə əvəz olunması xərclərinin sonuncunun icarə müqaviləsi bağlayarkən ona vermiş olduğu 900 manat depozit məbləğindən ödənilməli olmasını göstərmişdir. Halbuki, onunla cavabdeh arasında bağlanmış 16 fevral 2021-ci il tarixli, 59 nömrəli icarə müqaviləsinin 5-ci bəndində göstərilir ki, nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini üç aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır, üç aydan sonra qaytararsa isə depozit məbləğinin 50 faizi geri qaytarılır. Nəqliyyat vasitəsini icarəyə götürən şəxsin nəqliyyat vasitəsini icarəyə verən şəxsə borcu olduğu halda həmin borc depozit məbləğindən tutulur. Cavabdehin depozit məbləğində qalan 50 faiz, yəni 450 manatdan isə icarə haqqına görə cavabdeh tərəfindən ödənilməyən borclar və inzibati pozuntulara görə cavabdehə yazılmış, lakin sonuncunun yerinə mənim tərəfimdən ödənilmiş cərimə ödənişləri çıxılmışdır. Ona görə də cavabdehin depozitində 1 manat da olsa məbləğ qalmamışdır və dəymiş ziyanın bir qisminin depozit hesabından çıxılması mümkün olmamışdır. Məhkəmə qətnamədə heç bir əsaslandırma aparmadan əsassız şəkildə avtomobilin təmirinə çəkilmiş işçilik xərclərini 400 manat və yararsız hala salınmış detallarının yenisi ilə əvəz olunması xərclərini isə 845 manat miqdarında müəyyən etmiş, bundan başqa avtomobilin yararsız hala salınmış detallarının yenisi ilə əvəz olunması xərclərinin cavabdehin depozitə qoymuş olduğu məbləğdən ödənilməli olduğu qərarına gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən ilk iddia ərizəsində və apellyasiya şikayətində göstərilən dəlillər tam araşdırılaraq hüquqi qiymət verilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə 2157 (2552- 395=2157) manat təşkil edir. Ona görə də qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(028)-96/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2082/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2082/2022
02.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver