Məhkəmə qərarları › İş №2(105)-2083/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2083/2023

27.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2083/2023 27.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin cavabehlər X4, Ələsgərov Arif Cəlal oğluna qarşı torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin icarəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X23 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X6 (sonuncu məhkəmə iclasına gəlməmişdir), cavabdeh X2, hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs, onun nümayəndəsi və vəkili Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X7 və X11 iştirakı ilə, İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin cavabehlər X4, Ələsgərov Arif Cəlal oğluna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X16 və X8 cəlb olunmaqla) torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2311/2007 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.1983-cü il tarixli 856 nömrəli müqavilənin surətindən görünür ki, Sumqayıt şəhər X14 Bağlar təsərrüfatı İdarəsi Ələsgərov Arif Cəlal oğluna “Novxanı” bağlar massivində yerləşən sahəsi 0.23 ha olan 230 saylı bağ torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir. Müqavilə 10 il müddətinə bağlanılmış və qüvvədə olan müddəti xx.xx.1976-cı ildən xx.xx.1986-cı il tarixədək müəyyən edilmişdir.

2. İV ЖГ seriyalı 345285 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh Ələsgərov Arif Cəlal oğlu xx.xx.1992-ci ildə ölmüşdür.

3. Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 03 nömrəli Şəhid ailəsi X9 mülkiyyətinə torpaq sahəsinin verilməsi haqqında qərarından görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin rəyi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi nəzərə alınaraq “Novxanı” bağları ərazisində sahəsi 1100 kv.m olan B-230 saylı bağ torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən Zərdab şəhəri, 1 May küçəsi, ev 20-də yaşayan şəhid ailəsi X9 mülkiyyətinə verilməsi qərara alınmışdır.

4. Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 03 nömrəli Şəhid ailəsi X3 mülkiyyətinə torpaq sahəsinin verilməsi haqqında qərarından görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin rəyi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi nəzərə alınaraq “Novxanı” bağları ərazisində sahəsi 1100 kv.m olan B-230 saylı bağ torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, ev 213, mənzil 8-də yaşayan şəhid anası X3 mülkiyyətinə verilməsi qərara alınmışdır.

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarıxli, 2(105)-2083/23 nömrəli qərardadı ilə mülki iş üzrə icraata cavabdeh Ələsgərov Arif Cəlal oğluna aid hissədə xitam verilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Sumqayıt şəhər Bələdiyyəsi cavabehlər X4, Ələsgərov Arif Cəlal oğluna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 cəlb olunmaqla) torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin 230 saylı bağ torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi və xx.xx.1983-cü il tarixli icarə müqavilə müddətinin qurtarması ilə əlaqədar etibarsız hesab edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər X14 Bağlar təsərrüfatı İdarəsi ilə Ələsgərov Arif Cəlal oğlu arasında bağlanmış 856 saylı 24 iyun 1983-cü il tarixli müqaviləyə əsasən “Novxanı” bağlar massivində yerləşən, sahəsi 0.23 ha olan 230 saylı bağ torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir. İcarə müqaviləsi 10 il müddətinə bağlanmış və qüvvədə olan müddəti 07 aprel 1976-cı ildən 07 aprel 1986-cı il tarixədək müəyyən edilmişdir Lakin icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra nə Maraqlı şəxs, nə də onun ailə üzvlərindən hər hansı biri həmin müqavilənin müddətinin uzadılması ilə bağlı müraciət etməmişdir. Eyni zamanda icarəçi uzun illərdi ki, nə icarə haqqı, nə də torpaq vergisi ürə ödənişləri həyata keçirmir. Həmçinin, Sumqayıt şəhər bələdiyyəsinin bağ təsərrüfatı şöbəsinin işçiləri tərəfindən aparılmış inventarlaşdırma işləri zamanı müəyyən edilmişdir ki, 230 saylı bağ torpaq sahəsindən uzun müddətdir başqa şəxslər istifadə edir. Araşdırmalar zamanı 230 saylı bağ torpaq sahəsin bir hissəsinin qeyri-rəsmi olaraq X1 aşkar edilmişdir. Hal-hazırda həmin bağ torpaq sahəsi qeyd edilən şəxsin istifadəsindədir və Ə.Bəşirovun bildirdiyinə görə o, həmin ərazini istifadəyə yararlı vəziyyətə gətirmiş, bağ sahəsinə iki yüzə qədər avtomaşın yükü torpaq daşıtdırıb tökdürmüş, qamışlığın bir hissəsini təmizlətdirmişdir. Həmçinin bağ torpaq sahəsi icarəsinə verilmiş Maraqlı şəxs qızı Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında məlum olmuşdur ki, A.Əlsgərov və onun həyat yoldaşı Ələsgərova Şəfiqə vəfat etmiş, mərhum icarəçinin vərəsələri ilə Azərbaycan Respublikasından kənarda yaşayırlar.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2311/07 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Ələsgərov Arif Cəlal oğlunun və onun ailə üzvlərinin 203 saylı bağ torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi və xx.xx.1983-cü il tarixli icarə müqaviləsinin müqavilə müddətinin qurtarması ilə əlaqədar olaraq etibarsız hesab edilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1, Torpaq Məcəlləsinin 73 və 75, Mülki Prosessual Məcəllənin 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

10. Hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2311/07 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs xx.xx.2007-ci il tarixli qətnamədən məlumatı olmamışdır. X17 atasının vəfatından sonra həmin bağ torpaq sahəsinə görə torpaq vergisi ödəməyə davam etmişdir. Həmçinin Ələsgərov Arif Cəlal oğlunun digər vərəsələri məhkəmə prosesinə cəlb edilməmiş, onlara məlumat verilməmişdir. Məhkəmələr tərəfindən vərəsəlik qanunun tətbiq edilməsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 1979-cu il 28 sentyabr tarixli 5 saylı qərarında (həmin qərar 29 oktyabr 2007-ci tarixində qüvvədən düşmüşdür) qeyd edilir ki, vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır. Miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, qalan mirasın harda olmasında asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş sayılır. Miras qanunun tələbinə əsasən qəbul olunmuş, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirməmişdirsə, bu mirasa qarşı hüququn itirilməsi üçün səbəb ola bilməz. Vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə-binanın təmiri, həyatyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s., yaxud sığorta tədiyəsi və ev üçün vergini ödəmişsə, kirayənişinlərdən mənzil pulunu yiğmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasını və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Məhkəmə zamanı Ələsgərov Arif Cəlal oğlunun vərəsələrinin olubolmaması araşdırılmamış, vərəsəlik işinin açılıb-açılmaması müəyyənləşdirilməmişdir. Baxmayaraq ki, xx.xx.1983-cü il tarixli müqavilədə Ələsgərov Arif Cəlal oğlunun ailə üzvlərinin adları qeyd edilib, iddiaçı Sumqayıt Şəhər Bələdiyyəsi Ələsgərov Arif Cəlal oğlunun yalnız bir vərəsəsinə qarşı iddia qaldırmış, məhkəmə isə həmin iddianı təmin edərək digər vərəsələrin təbii hüququ olan miras hüququnu dolayı üsulla məhdudlaşdırmışdır.

12. Müqavilə müddəti keçdikdən sonra kirayədarın etirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda müqavilə qeyri-müəyyən müddətə təzələnmiş olur. Həmçinin xx.xx.1983-cü il tarixli İcarə müqaviləsinin 10-cu maddəsində əmlakın yenidən icarəyə verilməsi zamanı icarəçinin üstünlük hüququ tanınır. Az SSRİ Mülki Məcəlləsinin 275 və 276-cı maddələrindən və xx.xx.1983-cü il tarixli müqavilənin 10-cu maddəsinin məzmunundan belə nəticəyə gəlmək mümkündür ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.1986-cı ildə bitsə də, tərəflərin etirazı olmadığından və icarəçi əmlakdan istifadə etdiyindən müqavilə qeyri-müəyyən müddətə uzadılmışdır. Həmin dövrdəki qanunvericiliyə əsasən, qeyri-müəyyən müddətə uzadılmış müqaviləyə xitam vermək istəyən tərəflərdən biri əvvəlcədən xəbərdarlıq etməlidir. Yəni iddiaçı müqavilə müddətin bitməsi əsası ilə müqaviləyə xitam verilməsi üçün qanunvericilikdə qeyd edilmiş müddətləri gözləməklə vərəsələrə yazılı xəbərdarlıq etməli idi. “İcarə haqqında” Qanunun 13.5-ci maddəsinə görə müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir.

13. Mülki Məcəllənin 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Lakin Sumqayıt Şəhər Məhkəməsi xx.xx.1983-cü il tarixli müqavilədə adları qeyd olunan Ələsgərov Arif Cəlal oğlunun ailə üzvlərinin heç birini mülki işə cəlb etməmişdir.

14. Məhkəmə qətnaməsində digər ailə üzvlərinin ölkə xaricində olması qeyd olunsa da bu iş materiallarında olan heç bir sənədə sübut olunmamışdır. Məhkəmə sadəcə iddiaçının və cavabdehin izahatına əsasən digər ailə üzvlərinin xaricdə olması qənaətinə gəlmişdir. Lakin qətnamə qəbul olunan tarixdə Maraqlı şəxs ölkə xaricində olmamışdır.

15. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2311/07 nömrəli qərardadı ilə Ələsgərov Arif Cəlal oğlu qətnamə hüquq və vəziflərinə toxunulan şəxs hesab edilməklə onun apellyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Elmir Hüseynov).

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

18. İddiaçının nümayəndəsi X18 (sonuncu məhkəmə iclasında gəlməmişdir) iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında cavabdeh X10 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər X13, X19 və X20 hər biri ayrıayrılıqda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə üçüncü şəxslər X15, X16 və X8 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər.

22. Məhkəmə kollegiyası üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

26. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

27. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

28. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

29. Maddə 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

30. Maddə 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

31. Maddə 56.5. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

32. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

39. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Apellyasiya şikayətindən görünür ki, hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2311/07 nömrəli qətnaməsini tam mübahisələndirmişdir.

44. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsini tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi rədd edilməlidir.

46. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

47. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 719.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilməsi nəzərdə tutulsa da, hazırkı iş üzrə isə iddiaçının tələbi mülkiyyətində olduğu torpaq sahəsinə dair icarə müqaviləsinin müddətin qurtarması ilə əlaqədar etibarsız hesab edilməsi və icarə hüququna xitam verilməsindən ibarətdir.

48. Göründüyü kimi, iddiaçı fərqli hüquqi nəticələr yaradan tələbləri: müqavilənin etibarsız hesab edilməsi və eyni zamanda müqavilə üzrə icarə hüququnun xitam verilməsini irəli sürmüşdür.

49. İşin faktiki hallarından görünür ki, xx.xx.1983-cü il tarixli müqavilə ilə Sumqayıt şəhər X14 Bağlar təsərrüfatı İdarəsi Ələsgərov Arif Cəlal oğluna “Novxanı” bağlar massivində yerləşən sahəsi 0.23 ha olan 230 saylı bağ torpaq sahəsini sonuncunun icarəsinə verilmişdir. Müqavilə 10 il müddətinə bağlanılmış və qüvvədə olan müddəti xx.xx.1976-cı ildən xx.xx.1986-cı il tarixədək müəyyən edilmişdir. Sonradan Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi nəzərə alınaraq “Novxanı” bağları ərazisində yerləşən mübahisəli bağ torpaq sahəsi (hər birinə 1100 kv.m) şəhid ailələrinin üzvləri X9 və X3 mülkiyyətlərinə verilmişdir.

50. Kollegiya bununla bağlı qeyd edir ki, birinci instansya məhkəməsi müddətin qurtarması əsası ilə müqaviləni etibarsız hesab etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, mülki qanunvericiliyinin müddəalarına əsasən müddətin qurtarması müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.

51. Digər tərəfdən qeyd olunmalıdır ki, müqavilənin müddətin qurtarması müqavilə üzrə hüquq münasibətlərinin xitamına səbəb ola bilər. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müddəti bitmiş icarə müqaviləsi üzrə özü-özlüyündə xitam olunmuş icarə hüququna xitam verməklə səhvə yol vermişdir.

52. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

53. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2311/07 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2311/07 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar