Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2087/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh Abbasov Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Abbasov Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(027)-1621/2022 nömrəli qətnaməsindən cavabdeh Abbasov Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(027)-1621/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 15 iyul 2015-ci il təvəllüdlü Abbasova Ayan Cavabdeh qızının və 23 oktyabr 2016-cı il təvəllüdlü Abbasov Ümid Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 2(027)- 720/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq cavabdeh Abbasov Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi, Abbasov Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim Rahim Həsənov). Cavabdeh Abbasov Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(027)-1621/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan 15 iyul 2015-ci il təvəllüdlü Abbasova Ayan Cavabdeh qızının və 23 oktyabr 2016-cı il təvəllüdlü Abbasov Ümid Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Quba Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(027)720/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, Abbasov Cavabdeh hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Cavabdeh Abbasov Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə göstərilən aliment məbləği ilə razılaşmır. Belə ki, heç bir yerdə işləmir, hər ay 350 manat məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəfindən onun qeyd etdiyi heç bir arqumenti nəzərə alınmadan qətnamə qəbul edilmişdir. Bundan əlavə sonuncu dəfə alimentin miqdarı 18 iyul 2020-ci il tarixdə, Quba Rayon Məhkəməsinin2(027)-720/2020 saylı qətnaməsi ilə artırılmışdır. İddiaçı hazırda alimentin artırılması üçün əsas olan səbəbi göstərməmişdir. Qanunla alimentin miqdarı tərəflərin maddi vəziyyətində dəyişiklik olan zaman artırıla bilər. Maddi vəziyyətində heç bir dəyişiklik baş verməmiş, əksinə xəstə olduğu üçün daha da ağırlaşmışdır. Bundan başqa alimentin miqdarının artırılmasının üzərindən bir il keçmişdir. İddiaçının bu hərəkəti yəni hər il alimentin artırılması barədə məhkəməyə iddia verməsi, üstəlik artırılma üçün heç bir əsas olmadan bunu etməsi onun onsuz da çətin olan maddi vəziyyətinin pisləşməsinə, ödəyə bilməyəcəyi bir yükün altına girməyinə səbəb olacaqdır ki, bunun da sonu fəlakətlə nəticələnəcək. Alimentin məqsədi uşağın saxlanması üçündür. İddiaçı isə bu əməllə uşağını alimentsiz qoyacaqdır. Ona görə ki, yığılan ödəyə bilməyəcəyi borcun nəticəsində uşağın mənafeyinə zərər vurulacaqdır. Bundan əlavə uşağı saxlamaq təkcə onun deyil, həmçinin valideyn olaraq ananın da borcudur. Hər bir halda qanunun tələbinə əsasən alimentin artırılması üçün onun gəlirlərində dəyişiklik olmalıdır ki, bunu da iddiaçı sübut etməlidir. Bundan əlavə iş materiallarında olan kredit müqaviləsinə əlavədən görünür ki, o, anasının xəstəliyi ilə əlaqədar göz və ürək əməliyyatı üçün 5000 (beş min) manat məbləğində kredit almışdır. Bundan əlavə anası şəkər xəstəsidir və onun himayəsindədir. İndi əmək haqqından həmin krediti ödəyir. Bundan əlavə iş materiallarına əlavə etdiyi Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, bundan əvvəlki evliliyindən olan Əziz adlı oğlunun saxlanılması üçün 130 manat məbləğində aliment ödəyir. Həmçinin o, yeni ailə qurmuş, bu yaxınlarda övladı olacaq. Onun gəlirlərində heç bir artım olmamış, əksinə xərcləri daha da çoxalmışdır. Yuxarıda sadaladığı heç bir hal Quba Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Hesab edir ki, iddiaçı ilə birgə nikahdan olan uşaqların yuxarıda sadalanan digər halların olmaması nəzərə alınsa, 300 manat məbləğində aliment uşaqların əvvəlki təminat səviyyəsinin qorunub saxlanması üçün kifayət edir. Odur ki, Quba Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(027)-1621/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Abbasov Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, qardaşının mübahisələndirilən aliment öhdəliyindən əlavə, Naxçıvan Muxtar Respublikasında da bir övladı var və onun üçün də aliment ödəyir. Bundan əlavə cavabdeh hazırda üçüncü dəfə ailə qurub və arvadı hamilədir. Cavabdeh Abbasov bank qarşısında kredit öhdəliyi daşıyır, səhhətində problemlər var, bununla əlaqədar əməliyyat olunub. Onun üçün alimenti artırılmamış məbləğdə ödəmək belə problemdir. Amma bu öhdəliyi icra etməkdən boyun qaçırmır. 1100 manat əmək haqqının 70 faizi cavabdehin öhdəlikləri ilə əlaqədar icra qaydasında tutulur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(027)-1621/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 15 iyul 2015-ci il təvəllüdlü Ayan və 23 oktyabr 2016-cı il təvəllüdlü Ümid oğlu anadan olmuşdur. İş materillarında olan Quba Rayon Məhkəməsinin 2(027)-720/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq, 15 iyul 2015-ci il təvəllüdlü Abbasova Ayan Cavabdeh qızının və 23 oktyabr 2016-cı il təvəllüdlü Abbasov Ümid Cavabdeh oğlu yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Abbasov Cavabdeh hər uşaq üçün hər ay 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi təyin edilmiş alimentin uşaqların tələbatlarını ödəmədiyini, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarının artmasını, həmçinin iddiaçının cavabdehdən hər ay uşaq üçün 250 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etməsonə baxmayaraq cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etməməsi müəyyən edərək hər uşaq üçün alimentin məbləğini 175 manat olmaqla ümumilikdə 350 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 175 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusuya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 2 uşağın saxlanılması üçün müəyyən edilmiş hər uşaq üçün 150 manat məbləğindəki aliment 2020cu ilin iyul ayında, yəni uşaqların müvafiq olaraq 5 və 4 yaşı olanda tutulmuş, hazırda isə uşaqlar 7 və 6 yaşlıdır və məktəblidirlər. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 175 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə, maddi vəziyyətinin aşağı olması, bank qarşısında öhdəliklərinin olması, eləcə də başqa övladına aliment ödəməsi, üçüncü dəfə nikaha girməsi və arvadının hamilə olması barədə dəlillərinə qiymət verərək hesab edir ki, göstərilən dəlillər cavabdehin uşağını saxlamaq öhdəliyindən azad etmir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq ödənilməli olan 30 manat dövlət rüsumunun da cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi nəticəsinə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(027)-1621/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(027)-1621/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Abbasov Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2087/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2087/2022
15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver