Məhkəmə qərarları › İş №2(105)-2089/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2089/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2089/2020 15.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-2085/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-2085/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 54.500 manat və 500 avro məbləğində pulun (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Rahim Həsənov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 265.000 manat məbləğində pulun və 8 il ərzində vurulmuş ziyanın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Mübahisədən 9 illik müddət keçmişdir. Dəftərxana vasitəsi ilə iddia müddətinin keçməsi barədə ərizəni məhkəməyə göndərmiş, lakin məhkəmə iddia müddətinin keçməsinə baxmayaraq iddianı rədd etməmiş, iddia müddətini tətbiq etməmişdir. Bundan başqa məhkəmə iclasında iddianı etiraf etməsi göstərilmişdir. Halbuki, iddianın etiraf edilməsi məhkəmə iclasında ərizə ilə və ya iclas protokoluna onun tərəfindən edilən imza ilə tətbiq oluna bilər. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə almamış və iş materiallarına əlavə etməmişdir. Odur ki, Quba Rayon Məhkəməsinin 2(027)-2085/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia müddətinin tətbiqi barədə ərizələr nəzərə alınmaqla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsi, apelyasiya şikayətinin təmin edilməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı X4 teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bunun nəzərə alınmasını xahiş etmişdir H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materillarına əlavə edilmiş Quba rayon prokurorluğunun 57ş-14 nömrəli materialından görünür ki, İddiaçı şikayəti əsasında rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh izahatında İddiaçı xırda buynuzlu heyvan alması üçün ondan 54.500 manat və 500 avro məbləğində pul almasını etiraf etmişdir. Cavabdeh məhkəmə iclasında İddiaçı ona xırda buynuzlu heyvan alması üçün ondan 54.500 manat və 500 avro məbləğində pul almasını etiraf etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinad edərək iddianın 54.500 manat və 500 avro məbləğində pul almasını hissəsinin sübuta yetirilməsini, qalan hissədə iddianın sübuta yetirilməməsini müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsinə dair nəticəyə gələrkən haqlı olmuşdur. Belə ki, cavabdehin iddiaçıdan xırda buynuzlu heyvan alması üçün 54500 manat və 500 avro alması iş materiallarında olan Quba rayon prokurorluğunun 57ş-14 nömrəli materialındakı Cavabdeh izahatı ilə sübuta yetirilir. Lakin iddia tələbində göstərilən qalıq pulun isə cavabdeh tərəfindən alınmasına dair hər hansı sübut yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X8 Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 54500 manat və 500 avro hissəsində iddia tələbini kredit müqaviləsinə əsasən sübut edə bilsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi iddia tələbinin 8 il ərzdinə iddiaçıya vurulmuş ziyan barəsində iddianın təmin edilməməsinə dair gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, iddiaçı ona dəymiş ziyana dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda da iddiaçı 8 il ərzində ona hansı məbləğdə ziyan dəyməsini konkret göstərməmiş və əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, iddiaçı ona dəymiş mənəzi ziyana dair hər hansı sübut təqdim etməmiş, iddiasını 8 il ərzində dəyən zərərə dair hissədə əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə, iddia müddətinin tətbiqi barədə ərizəni dəftərxana vasitəsi ilə verilməsini, məhkəmənin iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə almamasına, qiymət verərək qeyd edir ki, iş materaillarından müəyyən edilir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 265.000 manat məbləğində pulun və 8 il ərzində ona vurulmuş ziyanın alınaraq ona verilməsi barədə iddiasına dair mülki iş Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə tərəflərin məhkəmə iclasına gəlməməsi əsası ilə baxılmamış saxlanılmış, cavabdeh də dəftərxana vasitəsi ilə iddia müddətinin keçməsinə dair ərizə ilə müraciət etmişdir. Məhkəmənin qeyd edilən qərardadı xx.xx.2019-cu il tarixdə iş üzrə tərəflərə göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilərək mülki işin məhkəmə baxışına təyin edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(027)2085/2019 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş və mülki iş üzrə məhkəmə iclası xx.xx.2019-cu il tarixə təyin edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul ediləndən sonra məhkəməyə daxil olmuş, həmin tarixdən 1 ay 7 gün sonra həmin qərardad iddiaçının ərizəsi əsasında ləğv edilmiş və iş üzrə məhkəmə iclası təyin edilmişdir. Lakin cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad ləğv edildikdən və yenidən məhkəmə iclasları təyin edildikdən sonra iddia müddətin tətbiqi ilə bağlı ərizə ilə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbinə görə iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə qərarı çıxarılanadək verilməlidir. Göründüyü kimi, işə mahiyyəti üzrə yenidən baxılmağa başladığı xx.xx.2019-cu il tarixdən məhkəmə qərarı qəbul edilənədək cavabdeh yenidən iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etməmişdir. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətinə də iddia müddətinin tətbiqi barədə ərizə əlavə etmişdir. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin apelyasiya instansiyasında qəbul edilməsini qanunvericiliyə zidd hesab edir. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə də istinad edir. Konstitusiya Məhkəməsinin həmin iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apelyasiya şikayətinə əlavə edilə bilər və bu halda apelyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Göründüyü kimi, hazırda iddia müddətinin apelyasiya instansiyası məhkəməsində qəbulu üçün əsaslar mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-2085/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Cavabdeh apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar