Məhkəmə qərarları › İş №2(105)-2089/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2089/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2089/2023 13.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi- sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(077)-164/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları

1. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, cavabdeh İddiaçı anasının müalicəsi üçün 2700 manat məbləğində pul aldığını etiraf etmiş və həmin məbləği oktyabr ayının sonunadək qaytarmağa dair öhdəlik götürmüşdür.

2. Səbail RPİ 9-cu PB-nin xx.xx.2023-cü il tarixli 3-13-47-2/2-M-4033/21/23 saylı məktubdan görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixli müraciətində qeyd edilmiş faktlar mülkü xarakter daşıdığından məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 2700 manat borcun və 47 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi uzun illərdir tanıyır, onunla aralarında qonşuluq münasibətləri olmuşdur. Cavabdeh anasının ağır xəstə olması adı ilə ondan 2700 manat borc almış, lakin aldığı pulu vaxtında geri qaytarmamış, bunu belə əsaslandırmışdır ki, onun özünə də başqa bir qadın borcludur, həmin qadın borcunu qaytarmadığı üçün borcunu qaytara bilmir. Cavabdeh 2022-ci ilin oktyabr ayına kimi ona olan borcunu tam şəkildə qaytaracağına söz vermişdir. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq, bugünə qədər borcunu qaytarmamışdır. Cavabdeh bütün bunları öz xətti ilə yazdığı xx.xx.2022-ci il tarixli iltizamda da etiraf etmişdir. Bu iltizamı cavabdeh qızı Rüstəmova Aydanın yanında yazıb vermişdir. Həmin iltizam iş materiallarına əlavə edilmişdir. Borcu qaytarmadığı üçün Azərbaycan Respublikası DİN Bakı şəhəri Səbail RPİnin 9-cu PBə müraciət etsə də, iş mülki xarakter daşıması səbəbindən ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

5. Şuşa Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(077)-164/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 2700 manat pulun və 47 manat dövlət rüsumunun tutulması qət edilmişdir (hakim S.Mehrəliyev).

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı 2700 manat məbləğində borc alması və həmin məbləği şərtləşdirilmiş müddətdə qaytarmaması təsdiq olunduğundan iddia tələbi təmin edilərək, 2700 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1, 739.1, 882.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 222-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, Şuşa Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(077)-164/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə onun iştirakı olmadan baxmış və əsassız iddianı təmin etməklə onun ziyanına qətnamə qəbul etmişdir. Hesab edir ki, qətnamə əsassız və qanunsuzdur. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan tərəflər arasında guya mövcud olmuş xx.xx.2022 tarixli iltizama əsaslanaraq belə bir qətnamə qəbul etmişdir. Halbuki, həmin iltizamın həqiqiliyi araşdırılmamış, onun əsasında başqa hərəkətlərin edilib-edilməməsinə qiymət verilməmişdir. Məhkəmə qətnamədə qeyd edib ki, cavabdeh lazımi qaydada iclasın yeri və vaxtı barədə məlumatlandırılmış, lakin iştirak etməmişdir. Halbuki, belə bir hal baş verməyib. Məhkəmə sənədlərinin göndərildiyi ünvanda yaşamır, o ünvanı uzun müddət bundan öncə satmışdır. İşə baxan məhkəmə onun iştirakını təmin etməmişdir. İşin mahiyyəti üzrə qeyd edir ki, o iddiaçı ilə 47 ildir qonşudur. Qonşu kimi onu qeyri-rəsmi faizə pul verən şəxs kimi tanımışdır. Maddi çətin vaxtlarında ondan 2700 manat faizə borc məbləği almşdır. Faiz borcunu təsdiq etmək üçün iltizam da vermişdir. Həmin məbləği də 20 yanvar 2023-cü il tarixində onun həyat yoldaşına, onların öz ünvanında qaytarmışdır. İddiaçı bundan sonra ona borcun bitmədiyini, əlavə faiz borcunun qaldığını bildirib. Bunları təsdiq edəcək whatsapp yazışmaları da mövcuddur. İddiaçının faizlə qeyri-qanuni pul sələmçiliyi ilə məşğul olduğunu digər qonşular da təsdiq edə bilər. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, o iddiaçıdan qeyd edilən məbləğdə borc pul almış, lakin borcunu iddiaçının həyat yoldaşına qaytarmışdır. Onun hazırda iddiaçıya heç bir borcu yoxdur. İddiaçı cavabdehdən faiz borcu tələb edir. O aldığı borc pulu iddiaçıya qaytarmaq üçün öz qızı ilə birlikdə sonuncunun mənzilinə getdikdə iddiaçı özü evdə olmamışdır. Cavabdeh öz qızının və iddiaçının qızının yanında pulu iddiaçının həyat yoldaşına qaytarmışdır. Onun hazırda iddiaçıya heç bir borcu qalmamışdır. İddiaçı ondan faiz borcu tələb edir. Bu isə yolverilməzdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia tələbi əsaslıdır. İşə baxan məhkəmə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh onlara qonşuluqda yaşayırdı və ona anasının xəstəliyi ilə əlaqədar təcili pul lazım olduğunu bildirərək, ona borc pul verməsini xahiş etdi. O isə cavabdehə inanaraq on 2700 manat məbləğində borc pul verdi. Cavabdeh iltizama qol çəkməklə pulu əldə etsə də, borcunu bu günə kimi qaytarmamışdır. Onun şikayətdə qeyd etdiyi hallar isə formal mülahizələrdən ibarətdir. Ona görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 14.2.1.Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Madə 739.1. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətindən görünür ki, apellyator Şuşa Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(077)-164/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.

16. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. İddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, iddiaçının tələbi mövcud borcun cavabdehdən alınması barədədir.

19. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, cavabdeh anasının xəstəliyi ilə əlaqədar ondan 2700 manat borc almış, həmin borcu 2022-ci ilin oktyabr ayına kimi tam şəkildə qaytaracağına söz vermişdir. Cavabdeh bütün bunları öz xətti ilə yazdığı xx.xx.2022-ci il tarixli iltizamda da etiraf etmişdir. Lakin aldığı pulu vaxtında geri qaytarmamış, bunu belə əsaslandırmışdır ki, onun özünə də başqa bir qadın borcludur, həmin qadın borcunu qaytarmadığı üçün borcunu qaytara bilmir. Qarşılıqlı razılığa gələ bilmədiklərindən məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir.

20. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən iş tam və obyektiv araşdırılmamışdır. Birinci instansiya məhkəməsinin iclasında onun iştirakı təmin olunmamışdır, digər tərəfdən borclu olduğu pulu tam şəkildə iddiaçının arvadına əlbəəl qaytarmışdır. Onun iddiaçıya hal-hazırda borcu yoxdur.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, aşağıdakları qeyd edir.

22. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

23. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

24. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.

26. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.

27. İşin faktiki hallarından müəyyən edilmişdir ki, tərəflər uzun illərdir biri-birini tanımış, dediklərinə görə qonşuluq münasibətində olmuşlar. Cavabdeh iddiaçıdan anasının xəstəliyi səbəbi ilə 23 avqust 2022-ci il tarixdə 2700 manat borc pul almış və borcunu 2022-ci oktyabr ayının sonunadək ödəyəcəyi barədə yazılı iltizam tərtib edərək, iltizamı imzalamışdır.

28. Öyrənilən işin hallarından belə aydın olur ki, iddiaçı tərəf sözügedən pul məbləğinə dair üzrə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni cavabdeh tərəfin istədiyi pul məbləğini cavabdehə vermiş, lakin cavabdeh razılaşdırılmış müddət ərzində üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yerirməmişdir. Məhkəmə iclasında cavabdeh müvafiq borc məbləğini iddiaçının həyat yoldaşına ödədiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir.

29. Mübahisənin bu halında kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı, yaxud haqsız olmasını, o cümlədən pulun iddiaçı tərəfindən kimə və hansı məqsədlə verilməsini araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız mübahisəli kredit müqaviləsi, həmçinin yazılı qəbzlə verilmiş pulun qaytarılması tələbidir.

30. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh qəbzdəki imzanı könüllü və öz iradə ifadəsi əsasında imza etməklə qəbzdə (iltizamda) qeyd olunan şərtlərdən məlumatlı olmuş, buna dair həmin vaxt digər şərt irəli sürməmişdir.

31. Kollegiya qeyd edir ki, adətən tərəflər müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri və ya qəbzləri imzalayan zaman isə könülülü olaraq müqavilənin (qəbzin) şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada iş üzrə cavabdeh tərəfindən imzalanmış qəbz əslində mahiyyət etibarı ilə də iddiaçıdan borc pul alınmasının elementlərini əks etdirir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz.

33. Çünki, cavabdeh tərəf də, özü tərəfindən imzalanmış qəbzin (iltizamın) əslində hansı münasibətlərin nəticəsi olaraq bağladıqlarını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəmir. Buna görə də, qarşı tərəfdən hər hansı bir məbləğdə pul alınmadığını, lasa da belə qaytardığını sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfin izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir.

34. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin obyektiv araşdırılmasına şübhə ilə yanaşdığını qeyd etsə də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Çünki iş materiallarından müəyyən edilir ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə hətta istifadəsində olan mobil telefon (*** *** ** **) vasitəsilə də məlumatlandırılmışdır. Kollegiyanın iclasında cavabdeh bu nömrənin ona məxsusluğunu da inkar etməmişdir.

35. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir

36. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, təqdim edilmiş qəbzlə borcun həqiqiliyi təsdiq olunur.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

38. Kollegiya qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh Rəfail qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin Şuşa Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(077)-164/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar