Məhkəmə qərarları › İş №2(105)-2091/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2091/2023

21.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2091/2023 21.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, onun vəkili Nümayəndə iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-249/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehə məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 saylı evin 32-ci mənzilindən onun yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 saylı evin 30-cu mənzilinə su axıdılması nəticəsində mənzilə dəymiş ziyana görə 1509 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 30-cu mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzilin üstündə, yəni Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin 32-ci mənzili mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Cavabdehə məxsus 32 saylı mənzildən mütəmadi olaraq iddiaçının mənzilinin dəhlizinə, mətbəxinə su və kanalizasiya suyu axıdılır. Bunu 9 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli akt da təsdiq edir. Dəfələrlə xəbərdarlıq etsə də cavabdeh edilən xəbərdarlıqlardan heç bir nəticə çıxarmamışdır.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən 1/2 saylı evin, 32-ci mənzilində yaşayır. İddiaçı ondan alt mərtəbədə, yəni Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin 30-cu mənzilində yaşayır. 2022-ci ilin sentyabr ayının 4-dən 10-dək cavabdehdən yuxarıda, 9-cu mərtəbədə yaşayan qonşu penoplen kleyini kanalizasiya xəttinə tökdüyü üçün 7-ci mərtəbdə kanlizasiya xətti tutulmuşdur. Kanalizasiya xəttinin tutulması nəticəsində cavabdehin mənzilindəki hamamın trapı tutulmuş, daşaraq cavabdehin mənzilinə dolmuş və nəticədə su alt mərtəbədə yaşayan qonşuya keçmişdir. Bu hadisə sentyabr ayının 4dən 10-dək davam etmişdir. O, ərazi üzrə Mənzil İstismar Sahəsinə, o cümlədən Sahənin rəisi Elşən Hümmətova müraciət etmişdir. Mənzil İstismar Sahəsinin işçiləri onun mənzilində olmuş, baş verən mənzərəni öz gözləri ilə görmüşlər. Həmin ərəfədə 5 dəfə Talib adlı usta gəlib kanalizasiya xəttini təmizləyib. Təmziləndikdən sonra yenə də təkrar daşmışdır. Cavabdeh baş verənlər barədə Sumqayıt şəhəri, 9 cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1 /2 saylı evin, 36-cı mənzilinin (9-cu mərtəbə) sahibi Canmirzəyə xəbərdarlıq etsə də o, həmin günlərdə baş verən bu prosesin qarşısını almamışdır. Halhazırda kanalizasiya xətti təmizlənmiş və cavabdehdən alt mərtəbədə yaşayan qonşunun evinə suyun axıdılmasının qarşısı alınmışdır. İddiaçının həyat yoldaşı onların mənzilinə xidmət edən su sayğacının evə gələn vintini qırararaq yerə tökmüşdür. O, bu barədə 102 qaynar xəttinə məlumat vermişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-249/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, vurulmuş maddi ziyanın əvəzi olaraq 1509 (min beş yüz doqquz) manat pul və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi, dövlət rüsumunun kəsir hissəsi olan 05 (beş) manat 09 (doqquz) qəpik pulun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Emin Abdullayev).

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus olan mənzilə həmin binanın 32 saylı mənzilindən su axıdılması nəticəsində ziyan dəyməsi ekspert rəyi ilə təsdiq edildiyindən və cavabdeh tərəfindən həmin halı inkar edən hər hansı sübut təqdim edilmədiyindən iddia təmin edilməli və iddiaçıya dəymiş 1509 manat məbləğində maddi ziyanın əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh həmin suaxmanın əslində yuxarı mərtəbələrdə yaşayan şəxslərin təqsiri ucbatından baş verdiyini bildirsə də, qeyd edilən halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 30.3, 1096.1, 1096.2, 1111.2, 30.3, Mənzil Məcəlləsinin 30.3-ü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 249/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mənzilinə dəyən ziyan onun günahı üzündən baş vermişdir və onun mənzilinə dəyən 1509 manat məbləğində maddi zərər ondan tutularaq iddiaçıya ödənilməlidir. Bir daha bildirir ki, kanalizasiya suyunun daşaraq qonşunun mənzilinə keçməsinin günahkarı o deyil. Bu, yuxarı mərtəbədə yaşayan qonşuların günahı üzündən baş vermişdir. Lakin məhkəmə yanlış olaraq belə qənaətə gəlmişdir ki, yaşadığı 32 saylı mənzilin kanalizasiya xəttinin tutulması səbəbindən alt mərtəbədə yaşayan iddiaçıya (30 saylı mənzil) ziyan dəymişdir. Eləcə də ekspert rəyi və məhkəmə araşdırması obyektiv aparılmamışdır. İddiaçı Alsan Əliyev və onun oğlu bir neçə ildir ki, onunla və anası ilə konflikdədir. Onlar yaşadığı mənzilin çöl qapısının kilidini sındırmış, anasını itələyib yıxmışlar. Anası yıxılaraq dizdən aşağı sağ ayağı sınmışdır. O, MİS-ə qapının sındırılması barədə müraciət edərək akt tərtib edilməsini xahiş etmiş, lakin onlar akt tərtib etməmişlər. İddiaçı həmçinin yaşadığı mənzilə xidmət edən su sayğacının krantını qırmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının özünün mənzilində borular dəyişdirilməlidir. Onun heç bir təqsiri yoxdur. İddiaçının boruları dar olduğundan çirkab su onun mənzilinə dolur və digər otaqlara da axaraq ona ziyan vurur. O, 2015-ci ildə mənzilinin borularını dəyişib. İddiaçı üçün bu dedikləri heç bir əhəmiyyət kəsb etmir. İddiaçı onu təhqir edir, sayğacını sındırır. Ekspert də bildirir ki, onun təqsiri yoxdur. Yuxarı mərtəbədəki qonşunun suyu onun mənzilinə tökməsi barədə disk var. 102 xidmətinə də müraciət edib. Amma onun evinin divarlarında hər hansı axıntı yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-249/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehin mənzilinin borularında nasazlıq yoxdur. Onun əlində video-material var. Videodan görünür ki, cavabdeh evinə usta çağıraraq trapı açdırır və görünür ki, boru tutulub. Əgər cavabdeh özü bunun səbəkarı olsa idi, usta çağırmaqda və məsələnin aydınlaşdırılmasında maraqlı olmazdı. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-249/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, onun mənzili bərbad vəziyyətdədir. Cavabdeh buna səbəb kimi başqa qonşuları ittiham etsə də onun mənzilindən gələn axıntılar 2017-ci ildən bu tərəfə onun mənzilini pis hala salmışdır. Cavabdeh heç bir formada razılığa gəlmir. Ona dəyən ziyanın məbləği 20000 manatdan artıqdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-249/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

14. Mülki Prosessual Məcəllə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-249/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. İş materiallarında olan 9 saylı Mənzil Kommunal Sahəsinin mühəndisi Abdullayeva Ş. və 9 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası Rzayeva Z. tərəfindən tərtib edilərək imzalanmış və həmin MKS-in möhürü ilə təsdiq edilmiş aktda göstərilmişdir ki, 9-cu mikrorayon, ev 1/2, mənzil 30-da yaşayan X1 xx.xx.2022-ci il tarixində şikayəti əsasında evinə baxış keçirildi. Baxış zamanı 9-cu mikrorayon, ev 1/2, mənzil 32-də yaşayan Cavabdeh mənzilindən keçən kanalizasiya borusunun tutulması aşkarlanmışdır. Tərəflərindən nasazlıq aradan qaldırılmışdır. Nəticədə ev 1/2, mənzil 30-a ciddi ziyan dəyib. Tavan, laminat qabarmış, divar kağızları qopmuşdur.

18. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 saylı evin 30-cu mənzili xx.xx.2010-cu il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir.

19. İş materiallarına video-disk əlavə edilmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1334 saylı ekspert rəyində göstərilmişdir ki, mülki iş materiallarına əlavə edilmiş aktda göstərilənləri, tədqiq olunan mənzillərin planda yerləşmə vəziyyətini, o cümlədən cavabdehin mənzilinin iddiaçının mənzilinin üstündə yerləşdiyini, 142 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, döşəmə, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, 30 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 32 saylı mənzildən su axdığı və axan suyun səbəbinin mənzil 32-də yaşayan Cavabdeh mənzilindən keçən kanalizasiya borusunun tutulması olduğu müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, su sızma nəticəsində 30 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 1509 manat məbləğində olduğu müəyyən edildi.

21. Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

22. Hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir.

23. Göründüyü kimi iddiaçının mənzilinə su axması nəticəsində maddi ziyan dəymişdir. İddiaçı onun mənzilinə suyun ondan yuxarı mərtəbədə yerləşən 32 saylı mənzildən axıdıldığını bildirir. Cavabdeh 32 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşayır. Qeyd edilən halın müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Ekspert rəyində isə iddiaçının yaşadığı mənzilə 32 saylı mənzildən su axıdıldığı və mənzilə 1509 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir.

24. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus olan mənzilə həmin binanın 32 saylı mənzilindən su axıdılması nəticəsində ziyan dəyməsi ekspert rəyi ilə təsdiq edildiyindən və cavabdeh tərəfindən həmin halı inkar edən hər hansı sübut təqdim edilmədiyindən iddia təmin edilməli və iddiaçıya dəymiş 1509 manat məbləğində maddi ziyanın əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh həmin suaxmanın əslində yuxarı mərtəbələrdə yaşayan şəxslərin təqsiri ucbatından baş verdiyini bildirsə də qeyd edilən halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

25. Məhkəmə iş materiallarına əsasən iddianın təmin edilməsi nəticəsinə gəlmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

27. Müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 30-cu mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzilin üstündə, yəni Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 32-ci mənzili mülkiyyət hüququ ilə cavabdehə məxsusdur.

28. İş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli, 10/1334 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan mənzillərin planda yerləşmə vəziyyətini, o cümlədən cavabdehin mənzilinin iddiaçının mənzilinin üstündə yerləşdiyini, 142 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, döşəmə, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, 30 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 32 saylı mənzildən su axdığı və axan suyun səbəbinin mənzil 32-də yaşayan Cavabdeh mənzilindən keçən kanalizasiya borusunun tutulması olduğu müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, su sızma nəticəsində 30 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 1509 manat məbləğində olduğu müəyyən edildi.

29. Qeyd edilənlərdən müəyyən olunur ki, iddiaçının mənzilinə cavabdehin yaşadığı mənzildən su axıdılır. Cavabdeh iddiaçının mənzilinə su axıdılmasının onun günahı ucbatından olmadığını bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmiş, iddiaçının dəlillərini təkzib edə bilməmişdir.

30. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı öz iddiasını əsaslandırmışdır.

33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə qiymət verərək qeyd edir ki, cavabdeh öz apellyasiya şikayətini əsaslandıra bilməmişdir.

34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-249/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-249/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar