Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2095/2023 30.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə (iddia ərizəsinin baxılmamış saxlanılması ərizə 149, 150.0.1-150.0.3-cü maddələrinə riayət edilmədən verildikdə və iddiaçı həmin nöqsanları aradan qaldırmadıqda) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı pul tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4057/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borc 16272.43 ABŞ dolları - bundan 6710.70 ABŞ dolları əsas, 3022.47 ABŞ dolları faiz, 5548.81 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 990.45 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 172.99 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən birgə borclu Cavabdeh2 və Cavabdeh3 36 ay müddətinə, illik 26% dərəcəsi ilə 10222 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borclulara xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdehlər tərəfindən yerinə yetirilməmişdir. Nəticədə iddiaçı LPO İddiaçı ASC məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4057/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır (hakim Ə.Ələkbərov).
4. Bu qərardaddan iddiaçı LPO İddiaçı ASC şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4057/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4057/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyib işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 və Cavabdeh3 arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixində 36 ay müddətinə bağlanmış, sonra isə xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən müqavilənin müddəti xx.xx.2020-ci ilədək uzadılmışdır. İddiaçı isə xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmişdir. Yəni, cavabdehin iddiaçıya olan borcu Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanının 8.6-cı bəndinə əsasən 360 gündən çox gecikdirilmiş borclar sırasına düşür. Mülki işin materiallarından görünür ki, qeyd edilən məsələnin aydınlaşdırılması üçün məhkəmə iclasları bir neçə dəfə təxirə salınmış və iddiaçının nümayəndəsinə bununla bağlı müvafiq sənədlərin təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019- cu il tarixli Fərmanının icrası ilə bağlı iddia tələbinin əsasını təşkil edən borcun hansı qaydada silinməsi, qalıq borc vəsaiti və bu borcun məhz hansı (əsas, faiz və s.) borclara aid olmasını təsdiq edən sübutedici sənəd qismində izahlı maliyyə arayışını təqdim etməmiş, habelə iddia ərizəsi geri götürülməmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd olunan vəziyyətdə mülki işə baxılması və ərizənin həll edilməsi qeyrimümkündür. Odur ki, ərizə baxılmamış saxlanılmalıdır.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının müvafiq bəndlərinə, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının müvafiq bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3, 149.4, 151.1, 259.0.12, 260-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia ərizəsinin baxılmamış saxlanılması barədə mövqeyi əsassızdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının 1 dekabr 2022-ci il tarixli, 6-1.26-2-2022-17346 saylı məktubunun surətindən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı (Fərman) çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzləşdirilmiş Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır, Cavabdeh2 krediti üzrə yaranmış borc məbləğinə dair məlumatlar göstərilən məlumat bazasında olmadığından Fərmanın əhatə dairəsinə düşməmişdir. Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının elektron səhifəsində “kompensasiya məbləğinin sorğulanması” zamanı Cavabdeh2 adı aşkarlanmamışdır. Göründüyü kimi, Cavabdeh2 kredit öhdəliyi Prezidentin məlum fərmanının təsiri altına düşməmişdir. Yuxarıda qeyd edilən məqamlar məhkəmə gedişatı zamanı iddiaçı bankın nümayəndəsi tərəfindən dəfələrlə məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə qeyd edilən məsələləri nəzərə almamışdır. İş materiallarında iş üçün əhəmiyyətli olan və faktı təsdiq edən kifayət qədər sübutlar olmuşdur. Lakin məhkəmə mülki işə mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı qəbul etmək əvəzinə iş üzrə icraatı baxılmamış saxlamışdır. İddia ərizəsi AR Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə tam riayət edilməklə verilmişdir. İş üzrə əsassız və qanunsuz qərardad qəbul edildiyindən şikayət təmin edilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Bu Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır.
398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;
399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
12. “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 5.1-ci bəndində göstərilmişdir ki, Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin. 6.1 və 6.2-ci bəndlərində bu Fərmanın 7.1 -ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasının təklif edilməsi; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq, bankların bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri banklara tövsiyyə edilmişdir. 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulmuşdur.
Apellyasiya baxışının hədləri
13. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4057/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
14. Ona görə də, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4057/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4057/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadı tam, onunla bağlı olan 09 oktyabr 2023-cü il tarixli qərardadı isə qismən, “şikayətin təmin edilməyən” hissəsində ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
16. Öyrənilən işdən müəyyən edildi ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən birgə borclu Cavabdeh2 və Cavabdeh3 36 ay müddətinə, illik 26% dərəcəsi ilə 10222 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra həmin müqavilələr üzrə bağlanmış 2 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı 10.914.50 ABŞ dolları məbləğində cəmi kredit öhdəliyinin əsas borc üzrə qalığı (yəni restruktruzasiya edilmiş kredit) bu sazişin qüvvəyə mindiyi tarixə 7936.37 ABŞ dolları təşkil etmişdir.
17. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yenidən birgə borclular və bank arasında 2 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə saziş bağlanmış və tərəflərin imzası ilə müqavilə rəsmiləşdirilmişdir. Həmin sazişin 2.1-ci bəndində qeyd olunur ki, əsasən borc məbləğinin restruktruzasiya edilməsi borcalanın kreditor qarşısındakı 10.914.50 ABŞ dolları məbləğində cəmi kredit öhdəliyinin əsas borc üzrə qalığı (yəni restruktruzasiya edilmiş kredit) bu sazişin qüvvəyə mindiyi tarixə 7936.37 ABŞ dolları təşkil edir. Yəni sözügedən kredit müqaviləsi üzrə borc restruktruzasiya olunduqdan sonra tərəflər arasında yeni saziş imzalanmışdır.
18. Digər tərəfdən iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının 1 dekabr 2022-ci il tarixli, 6-1.26-2-2022-17346 saylı məktubunun surətindən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı (Fərman) çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzləşdirilmiş Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır, Cavabdeh2 krediti üzrə yaranmış borc məbləğinə dair məlumatlar göstərilən məlumat bazasında olmadığından Fərmanın əhatə dairəsinə düşməmişdir.
19. İşdən məlum olduğu kimi mübahisəli kredit borcunun məlum Fərmanın təsir dairəsinə düşməsini təsdiq edən hər hansı sübut növü iş materiallarında mövcud deyildir. Digər tərəfdən tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana 10222 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Halbuki məlum Fərmanın 5.1-ci bəndində Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir.
20. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli qərarının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-i başa çatır.
21. Apellyasiya instansiya məhkəməsi bildirir ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ istisna olunmur. Sadəcə, həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz.
22. Belə olan halda məhkəmənin hər hansı sübut olmadan qeyd olunan əsasla yəni hazırkı kredit borcunun Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşən borclar kateqoriyasına aid olması əsası ilə iddia ərizəsini baxılmamış saxlanılması barədə mövqeyi əsaslı hesab edilə bilməz.
23. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4057/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadı əsassız olmaqla, iddiaçının məhkəməyə müraciət hüququnu məhdudlaşdırmışdır.
24. Qeyd olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4057/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadı tam, onunla əlaqəli 09 oktyabr 2023-cü il tarixli qərardadı isə qismən, şikayətin təmin edilməyən hissəsində ləğv edilməli, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qərara aldı:
İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4057/2023 nömrəli, 19 sentyabr 2023cü il tarixli qərardadı tam, onunla əlaqəli 09 oktyabr 2023-cü il tarixli qərardadı isə qismən, “şikayətin təmin edilməyən” hissəsində ləğv edilsin. İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.