Məhkəmə qərarları › İş №2(105)-2097/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2097/2022

17.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2097/2022 17.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: X1 iştirakları ilə, İddiaçı Cavabdeh Nüşrəvan oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) iddianın qismən təmin edilməsi, Cavabdeh Nüşrəvan oğlundan 350 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nüşrəvan oğlundan 600 manat nağd pulun, dostunun vasitəsilə göndərdiyi 300 manatın və birgə qazanclarından 1.300 manat olmaqla, cəmi 2.200 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə dostu Mehdiyev Qaçay vasitəsi ilə tanış olmuşdur. Cavabdeh işbirliyi yaratmaq adı altında dələduzluq yolu ilə ondan ilk olaraq 1.060 manat mənimsəmişdir. Belə ki, 2020-ci ilin iyun ayında cavabdeh Sumqayıtın çıxacağında X6 ərazisində yerləşən arıçılıq və quşçuluq fermasında inkubatoru avtomatik düzəltməyi ondan xahiş etmişdir. O, iki gün ərzində cavabdehin əldəqayırma inkubatorunu düzəldib işə salmışdır. Cavabdeh zəhmət haqqını sonra verəcəyini bildirmişdir. Cavabdeh təxminən 20 gündən sonra ona zəng edərək yaxşı qazanc əldə etmək üçün imkanı olduğunu bildirmiş və ondan 2.000 manat pul istəyərək hind toyuğu balaları alıb, böyüdüb qazanc əldə edib, qazancı onunla şərikli böləcəyini bildirmişdir. O, dostu Qaçayla məsləhətləşib onun vasitəsi ilə əvvəlcə 300 manat göndərmişdir. Qalan pulları “Rabitəbank” vasitəsi ilə və 160 manat yem almaq üçün nəğd özünə vermişdir. Nəticədə məlum olmuşdur ki, cavabdeh heç bir hind toyuğu balaları və yumurtalarını almamışdır. Həmin pulları özünün əyər-əskiklərinə xərcləmişdir. Cavabdeh sonra ona bildirmişdir ki, ziyanlıq olub hind toyuğu balaları qırılıb, yumurtalar da xarab olmuşdur, amma onun verdiyi pulları tezliklə qaytaracaqdır. 2021-ci ilin yanvar-fevral aylarında çətinliklə verdiyi puldan 550 manat almışdır. Sonra cavabdeh yenidən inkubatoru düzəldib işə salmağı ondan xahiş etmişdir. O, cavabdehdə qalan pullarını almaq xatirinə onun təklifi ilə yenə işbirliyinə girib 750 ədəd xüsusi «Xarkov» cins toyul yumurtası alıb inkubatoru işlətmişdir. Onlar bütün fermadakı çatışmayan işləri görmüş, şəraiti düzəltmişdilər. Nəticə əldə olunandan sonra cavabdeh onu fermadan çıxartmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən şahid dindirilməmişdir. Onun tərəfindən təqdim etdiyi orijinal sənədlərə, cavabdehlə «VVatsapp» danışıqlarına, hesabat vərəqinə əhəmiyyət verməyərək, cavabdehin xeyrinə qətnamə vermişdir. Polisə şikayət etdikdə, bu məsələ mülki işin olması bildirilmişdir. O, mühəndis kimi cavabdehin fermasında işləmişdir. Cavabdeh ona borclu oldugu pulu qaytarmaqdan imtina etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(060)-3222/2022 saylı qətnaməsini ləğv edib, iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusuna yol verilməməsini bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya maddi zərərin dəyməsinin tam sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2021-ci il tarixli Sumqayıt şəhəri 5-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Pərviz Babayevin qərarından görünür ki, İddiaçı şikayəti əsasında yoxlama aparılmış, şikayətdə göstərilən xüsusatlar mülki xarakter daşıdığından bununla bağlı olaraq iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah olunaraq cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan birgə iş qurmaq adı ilə 900 manat pul almış, lakin sonra alınmış yumurtaların bir qisminin xarab olması, cücələrin isə ölməsi nəticəsində həmin vəsaitin itirilməsini əsas gətirmiş, sonra isə bu məbləğin 550 manatını qaytarmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdikləri məhrum olanın tələbi ilə ona qaytarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, AR MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Belə ki, cavabdehin varlanmasına, yəni iddiaçının 350 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Cavabdeh sonradan aldığı pulları şərikli işlərinə sərf etməsini, eləcə də bu vəsaitin ümumi işlərinin özünü doğrultmaması nəticəsində itirilməsini sübuta yetirmədi. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qismən təmin etmişdir.. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi.lmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min matadan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 16 iyun 2022-ci il tarixli 2(060)-3222/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar