Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2106/2022 30.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Əmirxanlı Mehman Əmirxan oğlunun katibliyi, Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(034)-74/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1967ci il tarixdə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, Zəngilan rayonu, Mincivan qəsəbəsində qeydiyyatda olan Cavabdeh1 və xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, 5-ci Rezervuar küçəsi, ev 17 qeydiyyatda olan Cavabdeh2 müştərək qaydada 17.598 (on yeddi min beş yüz doxsan səkkiz) ABŞ dolları 49 (qırx doqquz) sent əsas borc, 4.799 (dörd min yeddi yüz doxsan doqquz) ABŞ dolları faiz borcu olmaqla, cəmi 22.397 (iyirmi iki min üç yüz doxsan yeddi) ABŞ dolları 49 (qırx doqquz) sent Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi barədə əmr çıxarılmsını xahiş etmişdir.
2. Zəngilan Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2(034)-972/2017 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir.
3. Cavabdeh1 etirazına əsasən Zəngilan Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2(034)-972/2017 nömrəli məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə, illik 22 faiz olmaqla, 19.562 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və ona hesablanmış faizləri banka ödəməkdən yayınmış və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalmaqdadır. Borclu Cavabdeh2 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır.
5. Cavabdeh tərəfin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır.
6. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış DP/32538/50/15 saylı, 18 mart 2015-ci il tarixli kredit sazişindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 22 faizlər 19.562 ABŞ dolları nağd pul krediti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrsını təmin etmək üçün Cavabdeh2 ona zamin durmuşdur.
7. 18 mart 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 19562 ABŞ dolları pulu bankdan qəbul etmişdir.
8. DP/32538/50/15 saylı, 18 mart 2015-cü il tarixli kredit sazişinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, ödənişlər həy ay 540,28 ABŞ dolları olmaqla, xx.xx.2015-ci il tarixdə başlayıb xx.xx.2020-ci il tarixdə bitməlidir.
9. İddiaçı-nin xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 kreditora əsas məbləğ üzrə 17598,49 ABŞ dolları, faiz üzrə 4799 ABŞ dolları borcu vardır.
10. Cavabdeh tərəf kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və borcu qalmışdır.
11. Cavabdeh tərəfin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur.
12. Zəngilan Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(034)-74/2019 nömrəli qətnaməsi ilə (hakim Şəlalə Həsənova) İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17.598 (on yeddi min beş yüz doxsan səkkiz) ABŞ dolları 49 (qırx doqquz) sent əsas borc və 4.799 (dörd min yeddi yüz doxsan doqquz) ABŞ dolları faiz borcu olmaqla, cəmi 22.397 (iyirmi iki min üç yüz doxsan yeddi) ABŞ dolları 49 (qırx doqquz) sent məbləğində pulun qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat tutularaq İddiaçı-yə ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.1, 470.1, 472.1, 739.1, 739.2, 741-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh1 apellyasiya şikayəti verib, Zəngilan Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(034)-74/2019 nömrəli qətnaməsinin ona aid olan hissədə ləğv edilib, İddiaçı-nin xeyrinə onun istifadə etdiyi 10.000 (on min) ABŞ dolları faiz hesablanmamaq şərti ilə kredit götürdüyü günün manata məzənnəsi nəzərə alınaraq ondan 7.800 (yeddi min səkkiz yüz) manat pulun tutularaq iddiaçıya ödənilməsi və ondan tutulan məbləğə 5 illik yeni cədvəl tərtib etmək öhdəliyinin iddiçının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
16. Onunla İddiaçı arasında bağlanmış DP/32538/50/15 saylı, 18 mart 2015-ci il tarixli kredit sazişinə əsasən Bank tərəfindən ona 60 ay müddətinə, illik 22 faizlə, 19562 ABŞ dolları nəğd pul krediti verilmişdir. DP/32538/50/15 saylı, 18 mart 2015-ci il tarixli kredit sazişinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, ödənişlər xx.xx.2015-ci il tarixdə başlayıb xx.xx.2020-ci il tarixdə bitməli idi. İddiaçı ilə aralarında bağlanmış sazişdən görünür ki, götürülmüş kredit məbləğin ödənilməsinə həm də Cavabdeh2 zamin durmuşdur. Cavabdeh2 zamin durmasına səbəb götürülən 19.562 ABŞ dolları məbləğinin 9.562 ABŞ dollarının onun tərəfindən istifadə edilməsi barədə şifahi razılaşmaları olmuşdur. Ona görə də, 19.562 ABŞ dolları məbləğində pul krediti Bank tərəfindən ona verildikdən sonra həmin gün 9.562 ABŞ dollarını Cavabdeh2 borc olaraq iltizam yazıb ondan götürmüş və cədvəl əsasında ödənilməsini imzası ilə təsdiq etmişdir. Tərəfindən ödəniş cədvəlinə müvafiq olaraq dörd ay ödəniş edildikdən sonra müflis olmağı ilə əlaqədar və pandemiya ilə bağlı işsizlik dövrünün başlanması məcburi köçkünlük şəraiti və s. amillər kredit məbləğini ödəməyə imkan verməmişdir. DP/32538/50/15 saylı, 18 mart 2015-ci il tarixli kredit sazişdən görünür ki, kredit məbləği sabit girov olaraq biznes avadanlığı və ev əşyaları ilə təmin olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının Milli pul vahidi ilə ifadə olunması göstərilməsinə baxmayaraq, iddiaçının nə səbəbə ona ABŞ dollarının qətnamə icra olunan günə olan məzənnəsi ilə hesablanması tələbinə məhkəmə məntiqi qiymət verməmişdir. Hesab edir ki, bu İddiaçı-nin vətəndaşları bilə-bilə aldadaraq, onlara ziyan vurmaqla qazanc əldə etməsi məqsədi güdməsi olmuşdur. Çünki o, kredit məbləği alan zaman 100 ABŞ dolları 78 AZN-ə bərabər tutulurdu. Ancaq kredit sazişi bağlandıqdan az sonra ABŞ dolları iki dəfədən artıq bahalaşmışdır. Deməli iddiaçının bu barədə məlumatı olmuşdur. Ona görə də, Ali Məhkəmənin 24 noyabr 2005-ci il tarixli qərarını və Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsini qəsdən pozaraq ona kredit məbləğini ABŞ dolları ilə vermişdir ki, sonradan onu manatla tələb etdikdə əlavə qazanc əldə etməsidir. Eyni zamanda DP/32538/50/15 saylı, 18 mart 2015-ci il tarixli kredit sazişinin 4-cü bəndinə göstərilmişdir ki, müştərinin öhtəliyi sabit girovla təmin olunur. Nədənsə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-296-cı maddələrini rəhbər tutub girov saxlayanın tələbini tutmanı girov qoyulmuş əşyalara yönəltməmişdir. Qətnamədən görünür ki, məhkəmə yalnız iddiaçı tərəfin əsassız mövqeyi ilə razılaşmışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
17. Əvvəlki məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
24. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
25. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
39. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(034)-74/2019 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.