Məhkəmə qərarları › İş №2(105)-2110/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2110/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2110/2023 02.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(012)-494/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 21000 manat pul vəsaiti və ödənilmiş 153 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, e-2(012)-494/2023 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli üçün məhkəmə-tikinti texniki ekspertizasının keçirilməsi zəruri olduğundan Abşeron rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, e-2(012)-5472/2022 saylı qərardadı icra edilməsi üçün yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi, rəy alınanadək mülki iş üzrə icraat dayandırılması qərara alınmışdır (hakim Habil Əhmədov). Hazırda İddiaçı vəkili-nümayəndəsi Nümayəndə Abşeron rayon Məhkəməsinin 04 sentyabr 2023- cü il tarixli, e-2(012)-494/2023 saylı qərardadından xx.xx.2023-cü il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsini, mülki işə baxılmasının davam etdirilməsini və ya baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, evinin tikintisi ilə əlaqədar Cavabdeh 2021-ci ilin fevral-mart ayları ərzində ayrı-ayrı vaxtlarda ümumilikdə 63000 manat pul vermişdir. O, həmin pulu verməklə həmin şəxs öz usta briqadası ilə birlikdə evin ancaq beton və hasar işlərini görüb qurtarmışdır. Bundan sonra evin dam və pəncərə hissəsi quraşdırılmalı idi. 2021-ci ilin mart ayında Cavabdeh ondan Abşeron rayonu, Novxanı qəsəbəsində tikdirdiyi evin qabağında ona evin quraşdırılacaq dam və pəncərə hissəsinin eskiz layihəsini göstərib həmin formada evin tikiləcəyini bildirmişdir. Onun xoşuna gəldikdən sonra ondan yerdə qalan pulu istəmişdir. Cavabdeh onu da əlavə etmişdir ki,evin tikilməsində istifadə olunan tikinti materiallarının qiymətinin bahalaşması ilə əlaqələndirib ondan pulu almağa inandırmışdır. O, isə bundan əlavə Rəfailə 21000 manat pul vermişdir. Lakin Rəfail onun evinin işlərini yarımçıq qoyub getmişdir. Hər dəfə ondan işlərini yekunlaşdırılmasını xahiş etsə də, onu aldatmış, eyni zamanda pulunu Rəfaildən tələb etdikdə başına iş gəldiyini deyib pulu qaytarmaq üçün ondan vaxt istəmişdir. Lakin hazıra qədər onun nə pulunu qaytarmış, nə də evini tam tikib ona təhvil vermişdir. Ümumilikdə o, Rəfailə 84000 manat pul vermişdir. Cavabdeh istintaq müddətində də, həmçinin onu polisə şikayət etmədən öncə də ona yazılı şəkildə öz imzası, həmçinin qardaşının zaminliyi ilə 21000 manat borclu olmasını etiraf edərək, borcunu qaytaracağına söz vermişdir. Lakin həmin pulu indiyədək ödəyə bilməmişdir. Cinayət işi üzrə şahid ifadələri də Cavabdeh təqsirli olduğunu bir daha sübuta yetirmişdir. O, sonradan evinin yarımçıq qalmış işlərini də başqa ustalara gördürərək, evini tam təmir elətdirmişdir. İstintaq dövründə evin tikintisi ilə bağlı çəkilən xərclərin dəqiqləşdirilməsi məqsədilə 14 mart 2022-ci il tarixdə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 06 may 2022-ci il tarixli rəyindən görünür ki, ona məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 10 sot torpaq sahəsində yerləşən yaşayış evinin inşası üçün görülmüş tikinti-təmir işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 64688,0 manat müəyyən olunmuşdur. Məhkəmə istintaqı müddətində məhkəmənin hazırlıq iclası cavabdehin vəkili və nümayəndəsi iclasa gələnədək məhkəmə tərəfindən 3 dəfə təxir olunaraq, cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti ilə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1141 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı məxsus Abşeron rayonu, Novxanı qəsəbsəində inşa edilmiş fərdi yaşayış evi üzrə müxtəlif növ, eləcə də gözlə görünməyən tikinti-təmir işləri aparıldığından gizli işlərə dair aktlar, tikinti-təmir işləri ilə bağlı layihə və smeta sənədləri, qaimələr mülki iş materiallarında olmadığından, eləcə də baxış zamanı təqdim edilmədiyindən həmin fərdi yaşayış evinin tikintisi və təmirinə sərf olunmuş xərcin dəqiqliklə təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin o, 04 sentyabr 2023cü il tarixə,saat 10:10-a təyin edilmiş hazırlıq iclasında üzrlü səbəblərdən səhhəti ilə bağlı iştirak edə bilməyəcəyi ilə bağlı ərizə göndərərək, bildirmişdir ki, o, elektron kabinet vasitəsilə 07 iyul 2023-cü il tarixli, 10/1141 №-li ekspert rəyi ilə tanış olmuşdur və o, əvvəl keçirilmiş hazırlıq iclasında cavabdehin vəkili tərəfindən verilmiş vəsatətin əsassız olduğunu və evin iddiaçı tərəfindən tam təmir edilərək tikildiyini bildirmişdir. Həmçinin Cavabdeh tərəfindən İddiaçı inşaat işləri ilə bağlı 21000 manat borclu qalması barədə iltizam təqdim etdiyini qeyd etmişdir. Həmin iltizamı da o, məhkəməyə təqdim etmişdir. Həmçinin ərizəsində qeyd etmişdir ki, əgər cavabdeh iddiaçıya evi tam təmir edərək vermiş olsaydı, o, iddiaçıya borclu qalması barədə iltizamı iddiaçıya təqdim etməzdi. Bildirmişdir ki, cavabdehin vəkili tərəfindən verilmiş vəsatət işi yubatmaqdan və işin süni uzadılmasından başqa bir şey deyildi. Həmin əsassız vəsatətə görə iş 1 ildir ki, uzanır, bu da cavabdehin iddiaçıya pulunun qaytarılmamasına səbəb olur ki,bu da cavabdehə sərf edir. Əsassız vəsatətə görə MPM-nin 174.5-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. Ərizəsində hazırlıq iclasını onun iştirakı olmadan keçirilməsini və işi məhkəmə baxışına təyin edilməsini xahiş etsə də, ərizəsi ətraflı oxunmamış, yenə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 şifahi vəsatəti əsasında hakim onun vəsatətə münasibətini öyrənmədən, prossesual pozuntulara yol verərək, hazırlıq iclasını təxirə salmağa belə ehtiyac duymadan, yenidən məhkəmə-tikinti ekspertizası təyin etmişdir. O, ərizəsində yalnız xahiş etməmişdir ki, hazırlıq iclası onun iştirakı olmadan keçirilsin, həm də qeyd etmişdir ki, iş məhkəmə baxışına təyin edilsin. Amma nədənsə hakim hazırlıq iclasını təxirə salmayaraq, onun vəsatətə münasibətini öyrənməyərək, işdə sübutlar olduğu halda, cavabdehin özünün etirafı olduğu, ev tam tikilib təmir olunduğu halda hakim təcili surətdə ekspertiza təyin edərək, 1 ildən yuxarı müddətdə uzanan işi yenidən, hansısa səbəblərə görə uzadılmasına səbəb olmuşdur. Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2(012)-494/2023 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, e-2(012)- 494/2023 saylı qərardadından İddiaçı vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1141 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı məxsus olan Abşeron rayonu, Novxanı qəsəbəsində inşa edilmiş fərdi yaşayış evi üzrə müxtəlif növ, eləcə də, gözlə görünməyən tikinti-təmir işləri aparıldığından gizli işlərə dair aktlar, tikinti-təmir işləri ilə bağlı layihə və smeta sənədləri, qaimələr mülki iş materiallarında olmadığından, eləcə də, baxış zamanı təqdim edilmədiyindən həmin fərdi yaşayış evinin tikintisi və təmirinə sərf olunmuş xərcin dəqiqliklə nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1141 saylı rəyini araşdıraraq hesab etmişdir ki, tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli üçün məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi zəruri olduğundan və ekspert rəyi işin ədalətli həlli üçün əsas sübut növü kimi qiymətləndirildiyindən Abşeron rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, e-2(012)- 5472/2022 saylı qərardadı yenidən Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 97.1 maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 99.2-ci maddəsinə əsasən, ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə həvalə edilə bilər. 255.0.5. maddəsinə əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(012)-494/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar