Məhkəmə qərarları › İş №2(105)-2112/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2112/2021

06.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2112/2021 06.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(012)-1553/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(012)-1553/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(012)-1553/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki Kollegiyasının 2(105)-2421/2018 saylı, 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş hər uşağa görə 154 manat, cəmi 308 manat sabit aliment məbləğinin artırılaraq, birgə nikahdan dünyaya gəlmiş 08.03.2008-ci il təvəllüdlü X2 və 29.11.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə 175 manat, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə arasında 12 aprel 2007-ci ildə qeydə alınmış rəsmi nikah 03 sentyabr 2013-cü il tarixli Quba Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan 08.03.2008-ci il təvəllüdlü Aytac və 29.11.2010-cu il təvəllüdlü Ayan doğulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2421/2018 saylı, 12.06.2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 154 (yüz əlli dörd) manat, ümumilikdə 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qeyd edir ki, övladları məktəblidirlər. Aliment qət edilən vaxtdan bəri övladlarının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olmuşdur. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği övladlarının tələbatlarını ödəmir. Məktəb xərcləri, həmçinin gündəlik məişət xərclərinin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Onu da əlavə edir ki, Azərbaycan Respublikası Yaşayış Minimumu haqqında Qanuna əsasən 2021-ci il üzrə uşaqlar iiçıin yaşayış minimumu 175 (yüz yetmiş beş) manat təşkil edir. Beləliklə də, övladlarının hər ikisi almağa haqqı çatanadan az miqdarda aliment alırlar. Təəssüflər olsun ki, qeyd olunan faktların heç biri Abşeron Rayon Məhkəməsində araşdırılmamış, əsssız və qanunsuz olaraq iş üzrə 2(012)- 1553/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnamə qəbul edilmişdir. Sözügedən qətnamənin qəbulu bir vətəndaş olaraq hüquqlarının ciddi şəkildə pozulması deməkdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1553/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsinin apellyasiya qaydasında ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclaslarına, cavabdeh sonuncu məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı və cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(012)-1553/2021 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iş üzrə tərəflər 12 aprel 2007-ci ildə qeydə alınmış rəsmi nikaha girmiş, nikahları 03 sentyabr 2013-cü il tarixli Quba Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahından 08.03.2008-ci il təvəllüdlü Aytac və 29.11.2010-cu il təvəllüdlü Ayan doğulmuşdur. Sumqayıt Apelyasıya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2421/2018 saylı, 12.06.2018-ei il tarixli qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş 08.03.2008-ci il təvəllüdlü X2 və 29.11.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 154 manat, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinad edərək, cavabdehin maddi vəziyyətinin əvvəlkindən daha yaxşı olmasına dair sübut təqdim olunmamasını müəyyən edərək iddia tələbini təmin etməmiş və gəldiyi nəticəni də Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsini düzgün tətbiq etməmiş və bununla da səhv nəticəyə gəlmişdir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin bu normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçının alimentin məbləğinin artırılması barədə iddia tələbi qanuni və əsaslıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, tərəflərin faktiki nikahlarından doğulmuş uşaqların saxlanılması üçün müəyyən edilmiş 154 manat aliment 2018-ci ildə, uşaqların 10 və 8 yaşları olanda tutulmuşdur. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir neçə dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Eyni zamanda 2018-ci il tarixdə aliment tutularkən xeyrinə aliment tutulan uşağın 10 və 8 yaşı olmuşdır. Hazırda isə həmin uşaq 13 və 11 yaşlarındadır, onları tələbatları da artmışdır.. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin hüquq mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki qətnamə ilə arıtırılmış alimentin məbləği dəyişdirilərək bir uşaq üçün 175 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, artırılmış aliment məbləği qətnamənin qanuni qüvvəsini aldıqdan sonra hesablanmalıdır. Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan əlavə, iddiaçı iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumunu ödəməkdən azad olduğundan tutulmalı olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlillərini əsaslı sayır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2421/2018 saylı, 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş hər uşağa görə 154 manat sabit aliment məbləğinin artırılaraq, 08.03.2008-ci il təvəllüdlü X2 və 29.11.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazirki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən Cavabdeh hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, iki uşağa hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, Cavabdeh 30 (iyirmi) manat məbləğində dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(012)-1553/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki Kollegiyasının 2(105)-2421/2018 saylı, 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş hər uşağa görə 154 manat sabit aliment məbləği artırılaraq, 08.03.2008-ci il təvəllüdlü X2 və 29.11.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazirki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən Cavabdeh hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, iki uşağa hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq Dövlət büdcəsinə köçürülsün. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar