Məhkəmə qərarları › İş №2(105)-2113/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2113/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2113/2020 10.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğluvə X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh, onun nümayəndəsi X3, vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-250/2020 saylı qətnaməsindən İddiaçıapellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-250/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək 2000 ABŞ dolları məbləğində pulun və rüsum kimi ödədiyi 30 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdehi qonşu Xaçmaz rayonunun Pirquluoba kəndinin sakini kimi tanıyır. Belə ki, həyətyanı sahəsində ev tikərkən Cavabdeh suvaq və digər işləri görmüş, zəhmət haqqını da vermişdir. Bununla da aralarında birbirlərinə qarşı inam yaranmışdır. Cavabdeh 2012-ci ilin may ayının əvvəllərində onun evinə gələrək borc pul istəmiş, o da inandığı üçün istədiyi qədər pulu olmadığından qonşudan da 800 ABŞ dolları götürməklə cavabdehə 2012-ci ilin may ayının 20-də 2600 ABŞ dolları borc pul vermişdir. Cavabdeh həmin pulu bir il müddətinə qaytaracağına söz vermişdir. Bundan iki ay sonra Cavabdeh yenə də onun evinə gəlmiş, bu dəfə ondan 1300 manat borc pul istəmiş, həmin pulla banka olan kredit borcunu ödəyib, 5000 ABŞ dolları məbləğində bankdan pul götürüb ondan borca aldığı pulların hamısını qaytaracağını bildirmişdi. O, yenə də cavabdehə inanaraq bir neçə nəfərin şahidliyi ilə öz xətti ilə yazdığı qeydiyyat vəsiqəsini almaqla cavabdehə 1300 manat pul vermişdir. Cavabdeh aldığı pulları 2012-ci ilin noyabr ayına kimi qaytaracağını, hətta pulu qaytara bilmədiyi halda, evini satacağını və pulu qaytaracağını bildirmişdir. Lakin həmin müddət tamam olandan sonra cavabdeh pulunu qaytarmamışdır. Nəhayət, evində iş gördürməklə və hissə-hissə ödətdirib cavabdehdən 2017-ci ilə qədər 600 ABŞ dollarını və 1300 manatı almışdır. Qalan 2000 ABŞ dollarını isə cavabdehdən ala bilmir. Dəfələrlə görüşüb pulunu tələb etsə də cavabdeh müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan yayınmış, onu polislə hədələmişdir. Bu barədə Xaçmaz rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-250/2020 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2000 ABŞ dolları məbləğində pulun qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətiində manatla alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh ərizəsi əsasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)- 250/2020 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)- 250/2020 saylı qiyabi qətnaməsi ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, habelə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsindən qətnamə qanuni və əsaslı hesab edilməməlidir. Cavabdeh qonşu kənd sakini kimi tanıyır. Belə ki, həyətyanı sahəsində ev tikərkən Cavabdeh suvaq və digər işləri görmüş, zəhmət haqqını da vermişdir. Bununla da aralarında birbirlərinə qarşı inam yaranmışdır. Cavabdeh 2012-ci ilin may ayının əvvəllərində onun evinə gələrək borc pul istəmiş, o da inandığı üçün istədiyi qədər pulu olmadığından qonşudan da 800 ABŞ dolları götürməklə 2012-ci ilin may ayının əvvəlində cavabdehə 2600 ABŞ dolları borc pul vermişdir. Cavabdeh həmin pulu bir il müddətinə qaytaracağına söz versə də, buna əməl etməmişdir. Bundan iki ay sonra Cavabdeh yenə də onun evinə gəlmiş, bu dəfə ondan 1300 manat borc pul istəmiş, həmin pulla banka olan kredit borcunu ödəyib 5000 ABŞ dolları məbləğində bankdan pul götürüb ondan borca aldığı pulların hamısını qaytaracağını bildirmişdi. Həmin vaxt cavabdehin atası da onların yanında olmuşdu. O, yenə də cavabdehə inanaraq bir neçə nəfərin şahidliyi ilə öz xətti ilə yazdığı qeydiyyat vəsiqəsini almaqla 1300 manat pul vermişdir. Cavabdeh aldığı pulları 2012-ci ilin noyabr ayına kimi qaytaracağını, hətta pulu qaytara bilmədiyi halda, evini satacağını və pulu qaytaracağını bildirmişdir. Lakin cavabdeh müddət tamam olandan sonra pulunu qaytarmamışdır. O da əlacsız qalaraq tikdiyi evdə iş gördürməklə verdiyi 600 ABŞ dolları və 1300 manatla əvəz etdirmişdir. Qalan 2000 ABŞ dollarını isə cavabdehdən ala bilmir. Dəfələrlə görüşüb pulunu tələb etsə də cavabdeh müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan yayınmış, onu polislə hədələmişdir. Bu barədə 2018-ci ilin noyabrında Xaçmaz rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Cavabdehə evində iş gördürüb inandığına görə borc müqaviləsini rəsmiləşdirməmişdir. Məhkəmə qətnaməsini əsaslandırmaq üçün göstərir ki, guya onun tərəfindən məhkəmə iclasında bildirilmişdir ki, cavabdeh tərəfindən 2016-cı ilin avqust ayından etibarən heç bir ödəniş edilməmişdir. Habuki o, 2017-ci ilin sonuna qədər yeni tikdiyi evində cavabdehə iş gördürüb verdiyi borc puldan çıxmışdır. Daha sonra isə 2018-ci ilin noyabr ayında bu barədə polisə şikayət etməyini, polisdən verilən məktubu işə əlavə etdiyini, hər ay mütəmadi olaraq pulunu tələb etdiyini, nəhayət 2019-cu ilin avqust ayında məhkəməyə müraciət etdiyini bildirməsinə məhkəmə əhəmiyyət verməmişdir. Məhkəmə əsassız olaraq cavabdehi müdafiə etməklə, guya onun borcunu tələb etməməklə üç illik iddia müddətini ötürdüyü nəticəsinə gəlmişdir. Məhkəmə Xaçmaz rayon xəstəxanasından alınmış xx.xx.2020-ci il tarixli, 222 nömrəli məktuba əsaslanmaqla cavabdehi fəaliyyət qabiliyyətsiz şəxs güman edib, iddianı təmin etməmişdir. Halbuki, cavabdeh normal həyat tərzi keçirməklə mütəmadi olaraq spirtli içkilər qəbul edir, yeyib-içir, onun borcunu qaytarmaq istəmir. Məhkəmədə cavabdehin onunla telefon danışıqlarını təqdim etmək istədikdə, nədənsə məhkəmə buna əhəmiyyət verməmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğvedilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasındaapellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək üzrə məhkəmə qətnaməsinin ləğv olunub iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasınıxahiş etdi və əlavə olaraq göstərdi ki, 2016-cı ilin avqust ayından sonra cavabdehin ona heç bir ödəniş etməməsinə dair xx.xx.2020-ci il tarixli ərizə yazarkən o, cavabdehin nağd pul şəklində ona pul verməməsini nəzərdə tutmuşdur. Halbuki Cavabdeh və atası 2017-ci ilin ortalarında onun evində müxtəlif işlər görmüş və bu işin haqqı olan 400 manatı cavabdehin və atasının razılığı ilə cavabdehin borcundan çıxmışdır. Bundan sonra cavabdehin ona 2000 ABŞ dolları borcu qalmışdır. İddia ərizəsi və apellyasiya şikayətində qeydiyyat vəsiqəsi dedikdə o, borc barədə tərtib edilmiş əlyazmanı nəzərdə tutmuşdur. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X6 da məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, həqiqətən oğlu Cavabdehla birlikdə iddiaçının evində bir müddət işləmiş, iddiaçı onlara pul verməmiş və oğlunun borcundan çıxmışdır. Lakin həmin işləri gördüyü tarixi xatırlamır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh Talib oğlu İddiaçı 2012-ci ilin may ayının 20-də 2600 ABŞ dolları və 2012-ci ilin oktyabr ayının 2-də 1300 manat borc pul aldığını göstərmiş, əgər 2013-cü ilin noyabr ayınadək qaytara bilməsə, evini satıb borcunu qaytarmağa söz vermişdir. Həmin əlyazma 6 şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan Xaçmaz rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh oğlunun vəkili X5 ərizə ilə müraciət edərək iş üzrə iddia müddətinin buraxıldığını bildirmiş, mübahisəyə iddia müddətini tətbiq etməklə, iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi də mübahisəyə iddia müddətinin tətbiq edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı oğlu Cavabdeh 2600 ABŞ dolları və 1300 manat borc pul vermiş, cavabdeh həmin borcun 600 ABŞ dollarını və 1300 manatını qaytarmış, qalan 2000 ABŞ dollarını qaytarmamışdır. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Qeyd olunan maddənin mənasına görə borclu şəxs iddia müddəti ərzində iddia müddətinin kəsilməsinə səbəb olan borcunu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Borcun etiraf edilməsini təsdiq edən hərəkətlərə borcun etirafına dair müxtəlif sənədlər və məktublar, o cümlədən borclunun borc götürdüyü məbləğin müəyyən hissəsini kreditora qaytarması, borcu qaytarması üçün ona əlavə vaxt verilməsini xahiş etməsi və bu kimi digər hərəkətlər aiddir. Eləcə də borclu şəxsin başqa şəxslərin yanında, kreditora yaxud üçüncü şəxsə kreditora borcunun olmasını şifahi formada etiraf etməsi də borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlərə aiddir. Əgər iddia müddəti keçənədək borclunun kreditora borcunu etiraf etməsi faktı müəyyən edilərsə, belə halda borcun etiraf edildiyi gün iddia müddətinin axımı kəsilir. İddia müddəti keçənədək borclu yenidən iddianı etiraf edilməsini təsdiq edən hərəkətlər etsə, iddia müddətinin axımı yenidən kəsilir. İşdən görünür ki, İddiaçı hazırki iddia ilə xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh atası ilə birlikdə 2017-ci ildə iddiaçının evində müxtəlif işlər gördüyündən və həmin işlərin haqqını borcunun bir qismi ilə əvəz etdiyindən, bununla da cavabdeh borcunu etiraf etdiyindən iddiaçı tərəfindən iddia müddəti ötürülmüş sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-250/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2000 (iki min) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla manatla, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar