Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2116/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(074)-695/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(074)-695/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Bundan sonra iş üzrə Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(074)-695/2022 nömrəli qərardadı ilə Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.(hakim N. İsmayılov) Bu qərardaddan Cavabdeh şikayət verərək, həmin qərardadın ləğv olunmasını, Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, ilk iddia ərizəsi cavabdehə rəsmi qaydada verilməyib. Məhkəmə bildirişi göndərilsə də, iddia ərizəsi həmin sənədə əlavə edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 155.1-ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Qanunun tələbindən aydın olur ki, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Göründüyü kimi Azərbaycan Respublikasının MPM-in 155.2-ci maddəsinə görə Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qarşılıqlı iddianın 20 gün müddətində təqdim edilməməsi cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmamışdır. Çünki iddia ərizəsini rəsmi qaydada almamışdır. Azərbaycan RespublikasınınMPM-in 156.1.3-cü maddəsinə görə qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. İşdən göründüyü kimi qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə var və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnər. Məhkəmə isə bu hallara düzgün hüquqi qiymət verməmişdir. Şikayətin əsaslı olması nəzərə alınmalı, qərardad ləğv edilməklə, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməlidir. Şamaxı Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(074)-695/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(074)-695/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. İş materiallarından aydın olur ki, qarşılıqlı iddia ərizəsi qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. İş materiallarından aydın olur ki, hazırkı halda qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi üçün qanunda nəzərdə tutulan əsaslardan heç biri mövcud deyildir. Belə ki, ilk iddia tələbi mahiyyəti etibarı ilə mənəvi zərərin ödənilməsi ilə əlaqədardır. Qarşılıqlı iddia ərizəsi isə əmlak tələbindən ibarətdir. Göründüyü kimi hazırkı mülki iş üzrə qeyd olunan tələblər arasında heç bir əlaqə yoxdur, habelə qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmişdir. Apellyasiya kollegiyası onu da qeyd edir ki, hazırkı halda qarşılıqlı iddia ərizəsinin geri qaytarılması Cavabdeh hazırkı tələblə iddia icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia ərizəsinin qeyd olunan əsasla geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanunidir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin qarşılıqlı iddia ərizəsini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(074)-695/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2116/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2116/2022
04.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver