Məhkəmə qərarları › İş №2(105)-2122/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2122/2021

14.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzil münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2122/2021 14.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(012)-267/2021 saylı qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(012)-267/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh1nə qarşı sahiblik və istifadə hüququnun tanınması, mənzillərin təhvil verilməsi və maneənin aradan qaldırılması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı və X2 qarşı müqavilələrin və maliyyə arayışının etibarsız hesab edilməsi, pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə iddianın təmini tədbiri olaraq cavabdeh İddiaçı məxsus daşınar və daşınmaz əmlakların, o cümlədən ona məxsus bank hesablarının üzərinə həbs qoyulması, daşınar əmlaklardan istifadə edilməsinin isə qadağan olunması barədə ərizəsinin təmin edilməməsi qərara alınmış, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh1nə məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan iki otaqlı 2В saylı mənzilə istifadə və sahiblik hüququnun tanınması, mənzilin təhvil verilməsi və yaşayış sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı ilə aralarında Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində tikilmiş 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blokunun 9-cu mərtəbəsində yerləşən 2B otaqlı, 78,99 kv.metr sahədən ibarət mənzilə dair bağlanmış 08 aprel 2015-ci il tarixli, 343 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə “Təbriz” mənzil tikinti kooperati ilə X3 arasında 18 mart 2020-ci il tarixdə ünvan 1 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbədə yerləşən 2 otaqlı, 85 kv.m-lik mənzilə dair bağlanmış 18 saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının uydurma olmaqla etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə aralarında Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində tikilmiş 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blokunun 9-cu mərtəbəsində yerləşən 2B otaqlı, 78,99 kv.metr sahədən ibarət mənzilə dair bağlanmış 08 aprel 2015-ci il tarixli, 343 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə “Təbriz” mənzil tikinti kooperati ilə X3 arasında 18 mart 2020-ci il tarixdə ünvan 1 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbədə yerləşən 2 otaqlı, 85 kv.m-lik mənzilə dair bağlanmış 18 saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının uydurma olmaqla etibarsız hesab edilməsi, kooperativin işgüzar nüfuzuna vurulan zərərin əvəzi olaraq İddiaçı 200000 manat məbləğində pul vəsaitinin tutularaq kooperativə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş emişdir. Cavabdeh1 iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus daşınar və daşınmaz əmlakların, o cümlədən ona məxsus bank hesablarının üzərinə həbs qoyulması, daşınar əmlaklardan istifadə edilməsinin isə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki, qərardad prosessual qanunvericiliyin tələblərinə tamamilə ziddir və bu səbəbdən də ləğv edilərək, iddianı təmin tədbiri barədə ərizə təmin edilməlidir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və iddianı təmin tədbiri barədə ərizənin təmin edilməsi xahiş olunmuşdur. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və qarşılıqlı iddia üzrə cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə iclasına gəlmədiklərindən, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilk iddia tələbi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh1nə məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan iki otaqlı 2В saylı mənzilə istifadə və sahiblik hüququnun tanınması, mənzilin təhvil verilməsi və yaşayış sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi barədədir. Cavabdeh1 qarşılıqlı iddia tələbi İddiaçı ilə aralarında Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində tikilmiş 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blokunun 9-cu mərtəbəsində yerləşən 2B otaqlı, 78,99 kv.metr sahədən ibarət mənzilə dair bağlanmış 08 aprel 2015-ci il tarixli, 343 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə “Təbriz” mənzil tikinti kooperati ilə X3 arasında 18 mart 2020-ci il tarixdə ünvan 1 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbədə yerləşən 2 otaqlı, 85 kv.mlik mənzilə dair bağlanmış 18 saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının uydurma olmaqla etibarsız hesab edilməsi, kooperativin işgüzar nüfuzuna vurulan zərərin əvəzi olaraq İddiaçı 200000 manat məbləğində pul vəsaitinin tutularaq kooperativə ödənilməsi barədədir. Cavabdeh1 iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus daşınar və daşınmaz əmlakların, o cümlədən ona məxsus bank hesablarının üzərinə həbs qoyulması, daşınar əmlaklardan istifadə edilməsinin isə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə ərizəni təmin etməyərkən qarşılıqlı iddia üzrə iddiaçının ərizədə qeyd etdiyi daşınar və daşınmaz əmlakların adlarının konkret olaraq göstərilməməsinə, habelə qarşılıqlı iddia tələbinin 200000 manat işgüzar nüfuza vurulan ziyanla bağlı hər hansı sübutun məhkəməyə təqdim edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə görə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 mart 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İşdən görünür ki, Cavabdeh1 qarşılıqlı iddia tələbi müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi və işgüzar nüfuza vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qarşılıqlı iddiaçının tələb etdiyi iddianı təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbləri ilə bağlılığı yoxdur, tətbiq olunması xahiş edilən tədbir irəli sürülmüş tələblərə mütənasib deyildir və bu tədbirin tətbiq edilməməsi gələcəkdə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirmir və yaxud qeyri mümkün etmir. Digər tərəfdən, İddiaçı məxsus daşınar və daşınmaz əmlaklar mübahisə predmeti də deyildir. Həmçinin Cavabdeh1 İddiaçı məxsus daşınar və daşınmaz əmlakların nədən ibarət olmasını, İddiaçı hansı bank hesablarının olmasını iddianı təmin tədbiri barədə ərizəsində konkret olaraq göstərməmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini tətbiq edib, işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etmək tədbirinə dair ərizənin təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının şikayətində göstərdiklərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(012)-267/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar