Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2123/2023 21.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3701/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə xx.xx.2012-ci ildə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2382/2020 saylı, 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasındakı nikah ləğv edilmiş, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalmaları, 27 fevral 2020-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, məhkəmə qətnaməsinin alimentin tutulması hissəsində dərhal icra olunması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, Cavabdeh 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim A.Süleymanova).
3. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2557/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2382/2020 saylı, 04 avqust 2020-ci il tarixli qətnaməsinin alimentin məbləği hissəsində dəyişdirilməsi, 27 fevral 2020-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, bu hissədə qətnamənin dərhal icra edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 225 (iki yüz iyirmi beş) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə ailə həyatı qurmuş və onların birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Jalə Zeynalova və xx.xx.2013-cü il təvəllüdlü Ömər Zeynalzadə adında 2 övladları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-2382/2020 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah ləğv olunmuş və həmin qətnamə ilə birgə nikahdan olan uşaqlarının saxlanması üçün hər uşağa görə 140 manat olmaqla 2 uşağa görə 280 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bu qətnamədən sonra bir uşağın saxlanması minimumda artımlar olmuş və hazırda bu məbləğ 220 manat təşkil etmişdir. O məhkəmə qətnaməsi ilə qət edilmiş alimentlə uşaqlarının maddi ehtiyaclarını qarşılaya bilmir. Belə ki, hər iki uşaq məktəblidir. Bundan başqa, hər iki uşaq göz xəstəliklərindən əziyyət çəkir. Onlar bu xəstəliklə bağlı daima həkim nəzarətində olmalı və müalicələr qəbul etməlidirlər. Lakin qət edilmiş alimentlə o nəinki bu müalicələri, heç uşaqların maddi ehtiyaclarını belə qarşılaya bilmir.
6. İş materiallarında olan ambulator kartdan çıxarışdan görünür ki, X1 miopik astiqmatizm, daxili çəplik diaqnozu ilə, X5 isə zəif dərəcəli miopiya diaqnozu ilə qeydiyyata düşmüşlər.
7. Sosial arayışdan görünür ki, Cavabdeh 2-ci qrup əlil olmaqla, 220 manat məbləğində xx.xx.1995-ci il tarixdən müavinət alır.
8. İş materiallarında olan məşğulluq haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Dövlət Məşğulluq Xidmətində işaxtaran kimi qeydiyyatdadır.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3701/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-2557/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 160 (bir yüz altmış) manat, ümumillikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi imkanı olduqca çətindir. Rəsmi olaraq heç bir yerdə işləmir. Demək olar ki, aylardır işləmir. Üstəlik ikinci dəfə də ailə həyatı qurmuşdur. Yeganə gəlir mənbəyi yaşlı anasının pensiyası və onun İİ qrup əlil olmağı ilə bağlı aldığı 220 manat pensiyadır. Həmçinin kəllə beyin travması aldığı üçün işləyə bilmir. Bunun üçün müəyyən olunmuş yüksək məbləğdə alimenti ödəməyə imkanım yoxdur. Qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olmadığı üçün məhkəmə araşdırmalı və bu qədər aliment tutmamalı idi, çünki bu qədər aliment ödəməyə maddi imkanı yoxdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsindədə göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Övladının saxlanılması üçün aliment verməkdən imtina etmir, sadəcə daha az məbləğdə aliement ödəyə bilər. Məhkəmə İddiaçı qızının maraqları üçün çalışmış, yüksək məbləğdə aliment tutulması barədə qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən elə bir məbləğdə aliment təyin edilmişdir ki, o, guya biznesmen, diplomat və ya hər hansı bir vəzifədə olan şəxsdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(021)-3701/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş hər ay hər uşağa 160 (bir yüz altmış) manat, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin azaldılaraq hər ay hər uşaq üçün cəmi 200-250 manat olmasını istəyir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, aliment məbləğinin iki uşağa görə 250 manat məbləğində müəyyən edilməsini, iddiaçının verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
18. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
19. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
20. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.
31. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi davam edən münasibətlərə aiddir. Mövcud vəziyyətdə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olması barədə isə məhkəməyə hər hansı sübut növü təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, alimentin məbləğini dəyişərək hər uşağa görə 160 manat məbləğində müəyyən etmişdir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
33. Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.
34. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hazırda aşağı olması həm yuxarıda qeyd olunan qanunvericilik normalarına, həm də Konstitusiya Məhkəməsinin Plenumunun və Ali Məhkəmənin Plenumunun qərarlarına əsasən onu uşaqlarını saxlamaq, onların maddi təminatını ödəmək vəzifəsindən azad etmir.
35. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.
36. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
38. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3701/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.