Məhkəmə qərarları › İş №2(105)-2124/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2124/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2124/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-12/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35000 (otuz beş min) manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-12/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilərək Cavabdeh 35000 (otuz beş min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir (hakim Vladimir Ruvinov). İddiaçı Nəcəfov X1 Rayon Məhkəməsinin 2(028)-12/2022 nömrəli, xx.xx.2022 tarixli qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-12/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Qubadlı Rayon Məhkəməsinin 2(028)-12/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilmişdir. İddiaçı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-12/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir Qubadlı Rayon Məhkəməsinin 2(028)-12/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə müddətin uzürlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlarını nəzərə almamışdır. O, “Oksigen” klinik xəstəxanasında MRT müayinədən keçmiş və bu barədə sənədləri məhkəməyə təqdim etmişdir. Xəstəliyi ilə əlaqədar olaraq apellyasiya şikayəti verilməsi üçün müddəti ötürmüşdür. Bu barədə sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 2(028)-12/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Nəcəfov X1 Rayon Məhkəməsinin 2(028)12/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsini xx.xx.2022-ci il tarixdə xəbərnamənin “şəxsən” qrafasına imza edərək almış və o, xx.xx.2022-ci il tarixə kimi apellyasiya şikayəti vermək hüququna malik olmuşdur. İddiaçı 22 fevral 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş zəruri və yetərli müddətə malik olduğuna baxmayaraq, bunu etməmiş və 1 il 6 aydan sonra - 2023-ci ilin avqust ayında məhkəməyə müraciət etmişdir.Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş Oksigen klinik xəstəxanasının xx.xx.2022-ci il tarixli Lumbar MRT cavabından görünür ki, ərizəçi bel nahiyəsindən müayinə olunmuş və müəyyən olunmuşdur ki, onda xroniki xəstəliklər var. Lakin ərizəçi apellyasiya şikayətini qanunda nəzərdə tutulmuş müddətdə xx.xx.2022-ci il tarixdən başlayaraq verilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblərinin olduğunu təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçı məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsini xx.xx.2022-ci il tarixdə xəbərnamənin “şəxsən” qrafasına imza edərək almışdır. Belə olan halda iddiaçının qətnamədən xx.xx.2022-ci il tarixə kimi apellyasiya şikayəti vermək hüququ olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini bildirilsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edilməmiş, müddətin üzürlü səbəbdən ötürülməsi əsaslandırılmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı qətnamədən şikayət vermə müddəti bitdikdən 1 il 6 aydan sonra - 2023-ci ilin avqust ayında məhkəməyə müraciət edərək müddəti ötürməsinin üzrlü səbəbi kimi müalicədə olmasını bildirmişdir. İşə əlavə edilmiş “Oksigen” klinik xəstəxanasının xx.xx.2022-ci il tarixli Lumbar MRT cavabından görünür ki, ərizəçi bel nahiyəsindən müayinə olunmuş və müəyyən olunmuşdur ki, onda xroniki xəstəliklər var. Lakin ərizəçi apellyasiya şikayətini qanunda nəzərdə tutulmuş müddətdə xx.xx.2022-ci il tarixdən başlayaraq verilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblərinin olduğunu təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Bununla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xəstə olması əsası ilə müddəti üzrlü ötürməsi barədə dəlili əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir. Məhkəmə kollegiyası qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəni təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-12/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar