Məhkəmə qərarları › İş №2(105)-2127/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2127/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2127/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(060)-3889/2022 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(060)-3889/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Elmir Hüseynov). Qətnamədən İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(060)-3889/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 1060,28 ABŞ dolları məbləğində əsas borcun, 94,04 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 1154,32 ABŞ dolları borcun və 46 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİ İddiaçı ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-21413/2016 saylı məhkəmə əmri olmuş, xx.xx.2017-ci il tarixində icraya yönləndirilmiş (icra işinin nömrəsi: 82158/2017-47-20), xx.xx.2017-ci il tarixində iş üzrə icraata İcra haqqında Qanunun 20.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq xitam verilmişdir . Əfsuslar olsun ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, nə Sumqayıt şəhəri üzrə icra idarəsi, nə də ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən icra işinin ləğv olunması, məhkəmə əmrinin ləğv olunması, işin iddia icraatına keçməsi və ərizənin baxılmamış saxlanılmasına dair tələbkara heç bir rəsmi məlumat verilməmişdir Qeyd olunan məhkəmə əmrinin ləğv olunması və işin baxılmamış saxlanılması barədə məlumat yalnız 2021-ci ildə daxil olmuşdur . Məlumat olan kimi bu barədə icra qeydi aparılması məqsədilə Sumqayıt şəhəri 1 saylı notariat ofisinə müraciət olunmuşdur. Sumqayıt şəhəri 1 saylı notariat ofisinin 8İ - 7569 saylı xx.xx.2021 tarixli icra qeydinə əsasən 1532.24 ABŞ Dolları borc və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq X1 ASC-yə ödənilməsi qəbul olunmuşdur. Həmin icra qeydi xx.xx.2021 tarixdə Sumqayıt Şəhəri üzrə İcra idarəsinə göndərilmişdir Həmin icra işi izrə icraata başlamaq və iş üzrə icraata xitam verilməsi haqqında Sumqayıt şəhəri üzrə icra idarəsi tərəfindən İddiaçı ASC-yə məlumat verilməmişdir. Cavabdehin müvafiq kredit müqaviləsi üzrə 3811001CC2712111İ52C saylı hesabına xx.xx.2019-cu il tarixində 512.86 ABŞ Dolları pul vəsaiti mədaxil olunmuşdur. Qeyd olunan kompensasiya məbləğinin ödənilməsinə cavabdeh etiraz etməmiş, həmçinin, məbləğin hesaba mədaxil olunmasına öz hərəkətsizliyi ilə razılığını bildirmişdir . Bundan başqa cavabdeh bankın əməkdaşlarına dəfələrlə yaxınlaşacağını və kredit borcunun 551 saylı fərmanın tələblərinə uyğun qaydada rəsmiləşdirəcəyi barədə də vəd vermişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanında banklara problemli kreditlərin müvafiq qaydada həll olunması tövsiyyə edilmişdir və həmin dövrdə məlum məsələdir ki, məhkəmələr problemli bank kreditləri ilə bağlı, xüsusilə dollar kreditləri üzrə mübahisələrə baxılmasını dayandırmışdır . Bu səbəbdən bankalrın fərmanın icrasına ayırdığı zaman məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi kimi qiymətləndirilməməlidir. Cavabdeh xx.xx.2020-ci il tarixində banka ərizə ilə müraciət edərək borcu etiraf etmiş, ailə üzvlərinin səhətinin ağır olmasını və ödənişlərin gecikmə səbəbini bildirmiş və dollar məzənnəsində güzəşt olunmasını və köməklik göstərilməsini xahiş etmişdir. Bu halla bağlı Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin mövqeyi birmənalıdır. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır . Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; -borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər . Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Bununla belə bank iddiaçı olaraq 2016-cı ildə müəyyən edilmiş qaydada iddia irəli sürmüşdür . İşə əmr icraatı qaydasında baxılması, məhkəmə əmrinin qanuni qüvvəyə minməsi, icraya yönləndirilməsi, iş üzrə icraata icra qurumunda xitam verilməsi, həmçinin, məhkəmə əmrinin ləğv olunması, işin iddia icraatına keçirilməsi və məhkəmə iclaslarının təyin olunması zamanı sərf olunan müddətlər iddia müddətinin kəsilməsi hesab olunmalıdır və iddia müddətinin kəsilməsi zamanı ötmüş vaxt iddia müddətinə daxil edilməməlidir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 3889/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv olunması, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. PROSESSUALMƏSƏLƏLƏR: İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı bankın nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3889/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit sazişindən görünür ki, bank Borcluya 12 ay müddətinə, illik 36 % olmaqla 2223 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-nə 1060,28 ABŞ dolları əsas, 94,04 ABŞ dolları faiz borcu vardır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1038/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 1532,24 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair Sumqayıt şəhəri 1 saylı Notariat Ofisi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 8i- 7569 saylı icra qeydinin ləğv edilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi-vəkil Nümayəndə ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etmiş, gəldiyi nəticəni də Mülki Məcəlləsinin 372-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisə predmetini təşkil edən kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə, 12 ay müddətinə bağlanmış, İddiaçı ASC Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 1.573,15 ABŞ dolları əsas borc, 2.132,68 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 3.705,83 ABŞ dolları məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair əmr çıxarılmasını xahiş etmiş və kreditorun ərizəsi təmin edilmiş, xx.xx.2016-cı il tarixdə 2(060)-21413/2016 saylı məhkəmə əmri verilmiş və 10 gün müddətinə icraya yönəlmişdir. Cavabdeh, xx.xx.2017-ci il tarixdə məhkəmə əmrinə etiraz edərək, faiz məbləğinin yüksək göstərilməsinə görə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət təqdim etmiş, məhkəmə iclası xx.xx.2017-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-5020/2017 saylı qərardadı ilə məhkəmə iclası baxılmamış saxlanmışdır. Tərəflər arasında İddiaçı ASC-nin Sumqayıt filialında xx.xx.2015-ci il tarixdə imzalanmış CC/27121/52/11 saylı kredit sazişindən görünür ki, 2.223ABŞ dolları məbləğində pul, illik %36 faiz olmaqla 12 ay müddətinə cavabdehə borc verilmişdir. Belə olan halda müqavilə üzrə icra müddəti xx.xx.2016-cı ildə bitdiyi üçün iddia müddəti 2019cu ildə keçmiş olurdu. Lakin, İddiaçı ASC-nin, 1.573,15 ABŞ dolları əsas borc, 2.132,68 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 3.705,83 ABŞ dolları məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)21413/2016 saylı məhkəmə əmri həmin məhkəmə tərəfindən ləğv edilmiş, mülki iş iddia icraatına keçmiş, məhkəmə iclası xx.xx.2017-ci il tarixə təyin edilmiş, xx.xx.2017-ci il tarixli, 2(060)-5020/2017 saylı qərardad ilə mülki iş baxılmamış saxlanmışdır. Həmin tarixdən hesablandıqda isə iddia müddəti xx.xx.2020-ci il tarixində keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Bu Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (zaminlik) üzrə də iddia müddəti keçir. Bu Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı təşkilat qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən cavabdehin kreditinin bir hissəsi verilən kompensasiya hesabına xx.xx.2019-cu il tarixdə ödənildiyi üçün və həmin Fərmanda işlərin məhkəmələrdən geri çağırılması qeyd olunduğundan, iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Bununla bağlı qeyd edilir ki, cavabdehin kredit borcuna kompensasiya məbləğinin yönəldilməsi onun iradə ifadəsindən irəli gəlmədiyi üçün, həmin ödənişin cavabdeh tərəfindən iddiaçı qarşısında olan öhdəliyin icrasına yönəlmiş hərəkət kimi qəbul etmək olmaz. Bundan başqa məhkəmə əmrinin ləğv edilməsi, iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəmə qərarının təşkilat tərəfindən alınmaması qeyd ediləsə də, buna dair hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(060)-3889/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(060)-3889/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar