Məhkəmə qərarları › İş №2(105)-2130/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2130/2022

24.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2130/2022 24.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, İddiaçı Cavabdeh Agabala oğluna qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Behbudova) iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-122/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2005-cı ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X6 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 122/2016 saylı 14 yanvar 2016-cı il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X3 onu yanında qalmasının müəyyən olunması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabehdən hər ay bir uşaq üçün 80 manat olmaqla, cəmi iki uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. O, 160 manat məbləğində alimentlə uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü-gündən artır. Uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2022-ci il respublikada uşaqlar üçün yaşayış minimumunun 193 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-122/2016 saylı 14 yanvar 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay bir uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi iki uşağa görə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulub birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-122/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdehdan hər ay bir uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi iki uşağa görə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulub birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verlməsi barədə qətnamə qəbul edilməsini, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Cəmi 240 manat məbləğində alimentlə bir ay ərzində iki uşaq saxlamaq mümkün deyil. Çünki yaşayış minimumun 2022-ci ildə uşaqlar üçün 193 manat məbləğində müəyyən olunub. Lakin işə baxan məhkəmə əsassız olaraq alimenti az məbləğdə müəyyən etmişdir. Məhkəmə bütün bu halları nəzərə almayaraq 2022-ci il üçün yaşayış minimumu haqqında qanunun və Uşaq Hüquqları haqqında Qanunun 13-cü maddəsini tətbiq etməməklə maddi normaları pozmuşdur. Ona görə də, Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(060)- 4062/2022 saylı qətnaməsini dəyişdirərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin bir valideyn kimi uşaqların saxlanılmasında maddi köməklik göstərməsinə borclu olduğuna istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İddia ərizəsindən və mülki işin materillarından görünür ki, tərəflər 04 aprel 2005-ci ildə ailə qurmuş, onların bu nikahdan 16 mart 2007-ci il təvəllüdlü Nihad və 23 dekabr 2008-ci il təvəllüdlü Nihan adlı uşaqları doğulmuşdur və tərəflər arasında nikah 14 yanvar 2016-cı ildə pozulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)- 122/2016 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75-4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.3-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ail əvə ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2022-ci ildə 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 20 iyul 2022-ci il tarixli 2(060)-4062/2022 nömrəli qətnaməsi dəyişdirilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-122/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun, iddia tələbi qalan hissədə təmin edilməsin, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar