Məhkəmə qərarları › İş №2(105)-2131/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2131/2020

25.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2131/2020 25.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Əsgərəli qızının, Cavabdeh2, qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs “xxxxxxxxxx” QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Əsgərəli qızının cavabdehlər Cavabdeh1 Əsgər oğluna və Cavabdeh2 qarşı “azyaşlı uşaqları ilə birlikdə cavabdehlərə məxsus ünvan 1 ünvanında yaşayış evindən istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1308/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsindən qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs “xxxxxxxxxx” QSC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1308/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, İddiaçı azyaşlı uşaqları ilə birlikdə Cavabdeh1 mülkiyyətində olan Xaçmaz şəhəri, İ.Fərzəliyev küçəsi, 26 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun tanınması qət edilmişdir (hakim Füzuli Mirzəquliyev) Qətnamədən qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs “xxxxxxxxxx” QSC tərəfindən apelyasiya şikayəti verilərək qtnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı azyaşlı uşaqları ilə birlikdə cavabdehlərə məxsus ünvan 3 ünvanında yaşayış evindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs “xxxxxxxxxx” QSC-nin nümayəndəsi X5 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, iddiaçı və cavabdehlərin qeydiyyatda olduğu və yaşadıqları Xaçmaz şəhəri İ. Fərzəliyev küçəsində yerləşən 26 nömrəli fərdi yaşayış evi qeydiyyatda olanların razılıqları ilə xx xxxxxx 2011-ci il tarixindən “xxxxxxxxxx” QSC-nin xeyrinə yüklü edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmışdır. Belə ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu maddəsinə əsasən “Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır”. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(067)-1308/2015 saylı qətnaməsindən görünür ki, tərəflər heç bir mübahisə olmadan məhkəməyə getmişlər və cavabdehlər iddia ərizəsini etiraf etmiş və iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə də qətnaməni qəbul edərkən əmlakın yüklü olub- olmamasını araşdırmamışdır. Bu da bankın hüquqlarını və qanunla qorunan mənafelərini pozur. Buradan belə qənaətə gəmək olar məhkəmə işi araşdırarkən üçüncü şəxslərin (yəni bankın) hüquqlarının olub olmaması məsələsinə baxmamışdır. “xxxxxxxxx” QSC ilə ipoteka qoyan arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 11M000000088 saylı ipoteka müqaviləsi rəsmiləşdirilərkən yetkinlik yaşına çatmış ailə üzvlərinin (və digər razılığı lazım olan şəxslər) yazılı razılığı alınmışdır. Həmçinin İddiaçı da razılığı alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(067)-1308/2015 saylı qətnaməsi qəbul olunarkən İddiaçı həmin əmlakda istifadə hüququnun olub-olmamasından asılı olmayaraq o, ipoteka müqaviləsi bağlanarkən öhdəlik götürmüş və gələcəkdə yarana biləcək əmlaka tutma zamanı həmin əmlakda olan istifadə hüququndan istifadə etməyəcəyini və əmlakı qeyri-şərtsiz tərk edəcəyini bildrimiş və öhdəlik götürmüşdür. Yəni, İddiaçı artıq qeyd olunan ünvana qeydiyyata düşən zaman onun “xxxxxxxxxx” QSC qarşısında bugünki günə kimi qüvvədə olan, mübahisələndirilməyən, notarial qaydada təsdiq edilmiş öhdəliyi mövcuddur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1308/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı Əsgərəli qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1308/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1308/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının, cavabdehin, maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki,birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1.228.2, 228.3, 228.32cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2, 191.3cü madələrinə istinad etmişdir. Belə ki, qətnamədə qeyd olunmuşdur ki, cavabdehlər tərəfindən iddia etiraf olunmuşdur. Bundan başqa işin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh2 və İddiaçı xx xxxxxx 2005-ci il tarixdə nikaha daxil olmuş və iddiaçı cavabdehlərin evinə köçmüşdür. Yəni tərəflər arasında münasibətlər xx xxxxxxxx 2000-ci ildən sonra yaranmışdır. Lakin Cavabdeh1 həmin evə mülkiyyət hüququ 2008-ci ildə qeydə alınmışdır. İddiaçı evə köçürülərkən evin mülkiyyətçisi olmadığına görə onunla cavabdehlərdən hər hansı biri ilə istifadə hüququ ilə əlaqədar notarial qaydada təsdiq edilmiş müqavilə bağlaması mümkün olmamış, 2008-ci ilə qədər onun evə istifadə hüququ artıq yaranmış və o, ailə üzvi kimi, evdən istifadə etmişdir. İş üzrə o hal da nəzərə alınmalıdır ki, cavabdehlər iddia tələbini, iddiaçının və onun azyaşlı övladlarının evə istifadə hüququnun olduğunu etiraf etmişlər. İddiaçı cavabdehlərlə 10 il ərzində ümumi təsərrüfat apardığına, onların ailə üzvi olaraq evə onlarla bərabər hüquqlara malik olduğuna, onun evə istifadə hüququnun tanınması və evə köçürülmə tələbləri qanuni olduğuna görə iddia ərizəsi təmin edilməli, iddiaçının azyaşlı uşaqlarla birlikdə Xaçmaz şəhəri, İ. Fərzəliyev küçəsi, 26 saylı ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınmalıdır. Məhkəmə kollegiyası hesa edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh2 və İddiaçı birgə nikahından xx xxx 2005-ci il tarixdə X6 və xx xxxx 2011-ci il tarixdə X7 doğulmuşlar. İşdə olan MN seriyalı ******* saylı Çıxarışdan görünür ki, xx xxxxxx 2008-ci il tarixdə Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsindəki, 26 saylı fərdi yaşayış evinə Cavabdeh1 tam mülkiyyət hüququ qeydə alınmışdır. Apelyant «xxxxxxxxxx» QSC tərəfindən məhkəməyə təqdim olunmuş xx xxxxxx 2011-ci il tarixli, 11M000000088 saylı ipoteka müqaviləsindən görünür ki, hazırkı iş üzrə cavabeh Cavabdeh2 bankdan 10.000 ABŞ dolları kredit götürmuş və Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsindəki, 26 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxaışdan görünür ki, Cavabdeh1 Novruz oğlunun mülkiyyətində olan Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsində mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 26 saylı fərdi yaşayış evi xx.xx.2011-ci il tarixindən öhdəliklər tam yerinə yetirilənə kmi «xxxxxxxxxx» QSC Xaçmaz filialının xeyrinə yüklü edilmişdir. Bundan başqa X2 notariat orqanında təsdiq edilmiş xx.xx.2011-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh1 Novruz oğluna məxsus Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsindəki, 26 saylı fərdi yaşayış evinin «xxxxxxxxxx» QSC-nə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdır, ipoteka qoyulmuş evə tutma yönəldikdə və o satıldıqda evi qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür. «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu maddəsinə əsasən “Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır”. Lakin iş materiallarından görünür ki, məhkəmə qətnaməni qəbul edərkən əmlakın yüklü olub-olmamasını araşdırmamışdır. Bu da bankın hüquqlarını və qanunla qorunan mənafelərini pozur. “xxxxxxxxx” QSC ilə ipotekaqoyan arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 11M000000088 saylı ipoteka müqaviləsi rəsmiləşdirilərkən yetkinlik yaşına çatmış ailə üzvlərinin (və digər razılığı lazım olan şəxslər), o cümlədən İddiaçı yazılı razılığı alınmışdır. İddiaçı həmin əmlakda istifadə hüququnun olub-olmamasından asılı olmayaraq o, ipoteka müqaviləsi bağlanarkən öhdəlik götürmüş və gələcəkdə yarana biləcək əmlaka tutma zamanı həmin əmlakda olan istifadə hüququndan istifadə etməyəcəyini və əmlakı qeyri-şərtsiz tərk edəcəyini bildrimiş və öhdəlik götürmüşdür. Yəni İddiaçı artıq qeyd olunan ünvana qeydiyyata düşən zaman onun “xxxxxxxxxx” QSC qarşısında bugünki günə kimi qüvvədə olan, mübahisələndirilməyən, notarial qaydada təsdiq edilmiş öhdəliyi mövcuddur. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən cavabdehlərin iddianı etiraf etməsinin qəbul edilməsi “xxxxxxxxxx” QSC-nin hüquq və mənafeyinə ziddir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə kolegiyası hesab edir ki, iddia tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üzrə düzgün olmayan nəticəyə gəlmiş, maddi hüquq normalarını pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğu üçün təmin edilməlidir. Beləliklə məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə qətnamə ləğv olunmalı, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1308/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı yaşayış evindən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar