Məhkəmə qərarları › İş №2(105)-2132/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2132/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2132/2022 28.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(012)-3387/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada xx.xx.2013-cü il tarixli, 7353 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 4213.30 manat faiz borcu və ödənilmiş 62.13 manat dövlət rüsumuna görə pul tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (Mülki Prosessual Məcəllənin 128.1. və 129.2. maddələri). İşdən göründüyü kimi birinci instansiya məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsi tərəflərə, o cümlədən cavabdeh "xxxx" MMC-yə göndərilmiş, cavabdeh "xxxx" MMC tərəfindən qətnamə 05 avqust 2022-ci il tarixdə təhvil alınmış, bununla onun şikayət vermə müddəti başlamış və 05 sentyabr 2022-ci il tarixədək davam etmişdir. Lakin cavabdeh tərəfindən apellyasiya şikayəti 09 sentyabr 2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti vermə müddəti 05 avqust 2022-ci il tarixdən başlayaraq, 05 sentyabr 2022-ci il tarixdə bitməsinə baxmayaraq, məhkəmə aktından 09 sentyabr 2022-ci il tarixdə apellyasiya şikayəti verərkən prosessual müddəti ötürmüşdür. Lakin cavabdeh apellyasiya şikayətində qətnamənin 10 avqust 2022-ci il tarixdə aldığını bildirmişdir. Birinci instansiya məhkəməsi isə prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 362- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh "xxxx" MMC tərəfindən Abşeron Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar