Məhkəmə qərarları › İş №2(105)-2134/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2134/2022

16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2134/2022 16.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(012)-2701/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş 2000 (iki min) manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, təxminən xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ona məxsus olan evdə X1 vasitəçiliyi ilə tanış olduğu Cavabdeh həmin sözü gedən ünvan üçün MDF materiallı və onun seçdiyi dizaynda mətbəx, yataq otağı (çarpayı, çarpayı üstünə yığılmış dolablar, çarpayının hər iki yanına balaca dolab, yəni tumba, 2 qapılı böyük paltar dolabı və güzgü) və dəhliz mebeli hazırlanmasına ümumi olaraq 4500 (dörd min beş yüz) manat olmaqla, ilkin ödəniş kimi 2000 (iki min) manat pul vermişdir. Pulun qalan hissəsini, yəni 2500 (iki min beş yüz) manat isə bütün mebellər gətirildikdən sonra verəcəyi ilə bağlı razılaşmışlar. Cavabdeh öz növbəsində ondan həmin məbləği almış və üzərinə götürdüyü öhdəliyi icra edəcəyinə söz vermişdir. Mebellərin hansı dizaynda olması isə həm sözügedən ünvanda üzbəüz danışılaraq, həm də “Whatsap” sosial şəbəkəsində həmin mebellərin şəkillərinin göndərilməsi və cavabdehin bu mebelləri tələb olunan dizaynda hazırlayacağını öhdəsinə götürməyinin nəticəsində razılığa gəlinmişdir. Tanarverdiyev MDF materiallı, seçdiyi dizaynda və keyfiyyətli formada hazırlamalı olduğu mebelləri həm natamam formada (yəni dəhliz, yataq otağı mebellərini gətirmədən) və aldadaraq preslənmiş taxtadan (apilkadan) hazırlayaraq gətirərək işini düzgün formada görməmiş və ona 2000 (iki min) manat miqdarında zərər vurmuşdur. O, natamam şəkildə gətirilmiş malları cavabdehə geri aparmasını və pulunu geri qaytarmasını tələb etsə də cavabdeh sonradan telefonlarına cavab verməmiş və maddi ziyanını qarşılamamışdır.

3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(012)-2701/2022 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş və iş üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iddia ərizəsinin rədd olunması nəticəsinə gələrkən hesab etmişdir ki, iddiaçı tələbinin əsası kimi təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iş üzrə dindirilmiş şahidin ifadəsi isə mötəbər sayıla bilməz. Çünki şahidin ifadəsində o, özü üçün mebeli də cavabdeh tərəfindən yarımçıq vəziyyətdə düzəldildiyini və bu halda həmin cavabdehin iddiaçı üçün mebel sifarişi üçün məsləhət görməsi halı başadüşülən deyildir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 77.1, 89.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(012)-2701/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətinin dəlili iddia ərizəsi ilə analoji məzmun daşımış və birinci instansiya məhkəməsinin ləğv edilməsinə yönəlmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

10. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir.

12. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

20. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

21. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

32. Belə ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin 15 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında araşdırma aparılmış, Cavabdeh Bəhrəm oğlunun istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrəli mobil nömrələr ilə əlaqə saxlanılaraq izahatının alınması üçün PB-nə dəvət olunsa da, o, mebel ustası kimi fəaliyyət göstərdiyini, şikayətin məzmunu ilə tanış olduğunu, aralarındakı məsələnin mülki qaydada olduğunu və aidiyyatı üzrə məhkəmə yolu ilə həll edəcəyini bildirmiş və PB-nə gəlib izahat yazmaqdan imtina edilmişdir. Ərizəçiyə mübahisənin mülki xarakterli olduğundan ona aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

33. Birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o iddiaçının qonşusudur, yaxın qonşuluq münasibətləri vardır. İddiaçının Cavabdeh ilə tanışlığına vasitəçilik etmişdir. Belə ki, cavabdeh tərəfindən onun evi üçün mebellər düzəlmişdir.Mebelləri yar-yarımçıq düzəltmişdir. İddiaçı onun evində mebelləri görüb bəyənərək öz evi üçün sifariş vermək istədiyini bildirmişdir. O da cavabdehi mebellərin ölçülərini götürmək üçün iddiaçının evinə gətirmişdir. İddiaçı onun yanında cavabdehə mebel sifarişi verərək ilkin olaraq 2000 manat da pul vermişdir. Bundan sonra cavabdeh ilə neçə dəfələrlə əlaqə saxlasalar da telefonuna cavab verməmişdir.

34. İş materiallarına alavə edilmiş “Whatsap” sosial şəbəkəsində həmin mebellərin şəkillərinin göndərilməsi və cavabdehin bu mebelləri tələb olunan dizaynda hazırlayacağını öhdəsinə götürməyinin nəticəsində razılığa gəlinməsi barədə yazışmalar və fotoşəkillərdən müəyyən olur ki, İddiaçı və Cavabdeh arasında mebel sifarişi barədə razılığa gəlmişlər, iddiaçı ödəyəcəyi pul məbləğinin bir hissəsini ödəmiş, qalan məbləği görüləcək xidmətin yekununda ödəyəcəyi barədə razılığa gəlinmişdir.

35. Həmin hal da məhkəmə tərəfindən araşdırılmamış və digər sübutlarla birlikdə müqayisəli surətdə tədqiq edilərək qanuni qiymət verilməmişdir.

36. İşin faktiki halları ilə tam sübuta yetirilir ki, tərəflər arasında olan müqavilə şərtləri cavabdeh tərəfindən icra olunmamış və sifariş olunmuş mebel dəstlərini sifarişçiyə təhvil vermək vəzifəsini icra etməmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmayıb, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozularaq düzgün tətbiq edilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.

38. Qeyd olunanlara əsasən apellyasiya şikayəti qanuni və əsaslı olub, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla öz təsdiqini tapdığına görə təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin olunmalıdır.

39. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. İddia təmin olunmadığına görə iddia ərizəsinin veriməsi üçün 40 manat dövlət rüsumu ödənilmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edildiyindən 40 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir.

42. Hazırki iş üzrə iddianın qiyməti 2000 manat təşki edir.

43. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(012)-2701/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul və iddia ərizəsinin veriməsi üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu olmaqla, ümumilikdə 2040 (iki min qırx) manat alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar