Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2136/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-1151/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-1151/2021 saylı qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi qismən təmin edilib, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilərək Cavabdeh 9374,78 manat əsas borc, 1876,82 manat faiz borcu, 200 manat cərimə olmaqla, cəmi 11451,6 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-ə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021ci il tarixli, 2(060)-1151/2021 saylı qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9374,78 manat əsas borc, 939,29 manat faiz borcu və 134,97 manat cərimə olmaqla, cəmi 10449,04 manat borc və ödənilmiş 30 dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbinə əlavə verərək, 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilib, Cavabdeh 9374,78 manat əsas borc, 1876,82 manat faiz borcu və 644,4 manat cərimə olmaqla, cəmi 11896 manat borc və ödənilmiş 30 dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 20 faiz olmaqla, 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh aldığı kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə olmaqla banka ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq müqavilənin şərtlərini pozmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 02 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borcluya 36 ay müddətinə, 20 faiz olmaqla 10000 manat kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 01 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 9374,78 manat əsas borc, 1876,82 manat faiz borcu, 644,4 manat cərimə olmaqla, ümumilikdə 11896 manat borcu vardır. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardar edilmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, "xxxx" İKB ASC-nin hazırki adı İddiaçı ASC-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərlərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti əsasında işin hallarını və tərəflər arasında yaranmış mübahisə üzrə araşdırma apararkən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış iş üzrə kredit borcun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2021-ci il tarixli, 9/7308 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair heabdan çıxarış, arayış, 29 dekabr 2019-cu il tarixli, 24-Y-1-0-19 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 01 aprel 2021-ci il tarixə banka borcu ümumilikdə 11.251,33 manat məbləğində müəyyən edilir, həmin məbləğin 9.376,11 manat hissəsi əsas borc və 1.875,22 manat hissəsi faiz borcudur. əlavə olaraq rəydə qeyd olunur ki, 01 aprel 2021-ci il tarixdən sonra 200 manat məbləğində ödəniş aparılmışdır və ekspert qarşısına qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 01 aprel 2021-ci il tarixi göstərildiyindən həmin məbləğ nəzərə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, alınmış ekspert rəyi cavabdehin banka olan son ödənişləri nəzərə alınmaqla işin faktiki hallarına uyğun olub, digər sübutlarla öz təsdiqini tapdığına görə əsas sübut kimi qəbul edilib, kredit müqaviləsi üzrə əsas borc iddia tələbi həcmində olmaqla 9374,78 manat və faiz borcu 1.875,22 manat məbləğində müəyyən olunmalıdır. Əsas borca qiymət verərək məhkəmə kollegiyası rəyin və iddiaçının tələbinin müqayisəli təhlil edib nəzərə alır ki, ekspertin müəyyən etdiyi məbləğ iddiaçının tələb etdiyi məbləğdən yüksək olduğu üçün və iddiaçı qətnamədən apellyasiya şikayəti vermədiyi, başqa sözlə qətnaməni mübahisələndirmədiyi üçün əsas borc dəyişdirilmədən iddiaçının tələb etdiyi məbləğdə müəyyən edilməlidir. Əks təqdirdə ekspertin rəyi ilə əsas borc hissəsində razılaşan məhkəmə kollegiyası iddia tələbindən kənara çıxmış olar. Bu isə məhkəmə kollegiyasının qənaətinə görə AR MPM-nin 218.3-cü maddəsinin tələblərinə zidd olardı. İş materiallarından görünür ki, kreditor tərəfindən borcludan 644,4 manat cərimə məbləği tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən 644,4 manat cərimə məbləğini azaldılaraq 200 manat məbləğində müəyyən etsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ də yüksək olub işin hallarına uyğun deyildir və həmin məbləğin 65 manat məbləğində müəyyən edilməsi əsaslı və daha ədalətli olardı. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərini qismən sübut edə bilmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin tam təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2021-ci il tarixli, 9/7308 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, iddia qismən təmin olunaraq Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-1151/2021 saylı qətnaməsi – «Cavabdeh 1876,82 manat faiz borcu və 200 manat cərimə borcu İddiaçı ASC-nin xeyrinə tutulsun» hissəsində dəyişdirilib, faiz borcu 1.875,22 manat və cərimə borcu 65 manat məbləğində müəyyən edilməli, qətnamə –«İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin, Cavabdeh 9374,78 manat əsas və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASCə ödənilsin, iddia qalan hissədə təmin edilməsin» hissələrində dəyişdirilmədən saxlanılmalı və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-1151/2021 saylı qətnaməsi dəyişdirilsin. İddia qismən təmin olunsun. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-1151/2021 saylı qətnaməsi – «Cavabdeh 1876,82 manat faiz borcu və 200 manat cərimə borcu İddiaçı ASCnin xeyrinə tutulsun» hissəsində dəyişdirilib,faiz borcu 1.875,22 manat və cərimə borcu 65 manat məbləğində müəyyən edilsin. Qətnamə –«İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin, Cavabdeh 9374,78 manat əsas və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-ə ödənilsin, iddia qalan hissədə təmin edilməsin» hissələrində dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2136/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2136/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver