Məhkəmə qərarları › İş №2(105)-214/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-214/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-214/2023 22.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X5 qarşı iş üzrə (Açar sözlər:kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X3 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh X4, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X5 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(012)-6004/2021 nömrəli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Kredit verən X10 Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən bank tərəfindən borcalana 120 ay müddətinə, illik 14% hesabı ilə 34700 manat kredit verilmişdir. xx.xx.2014-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə bankdan 34171 manat krediti imza edərək təhvil almışdır. xx.xx.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borcları bir ay sonradan, yəni xx.xx.2014-cü il tarixdən başlayaraq, xx.xx.2024-cü il tarixinədək hər ay banka 538.78 (sonuncu ay 538.65 manat) ödəməklə qaytarmalıdır. Bank Technique ASC ilə Nikoyl İKB ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli tələbin güzəşti barədə müqavilənin və müqaviləyə 1 saylı əlavənin surətindən görünür ki, kredit verən X10 Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsi üzrə öhdəliklər Nikoyl İKB ASC-yə güzəşt edilmişdir. xx.xx.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavənin surətindən görünür ki, kredit müqaviləsi üzrə nəzərdə tutulmuş 105 ay müddəti 120 ay müddəti ilə, kreditin bağlanma tarixi xx.xx.2024-cü il, kreditin illik faiz dərəcəsi 14 faiz müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borcları xx.xx.2016-cı il tarixdən başlayaraq, xx.xx.2024-cü il tarixinədək hər ay banka 560.96 (sonuncu ay 560.62 manat) ödəməklə qaytarmalıdır. İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsi üzrə banka əsas borca görə 29981.20 manat, faiz borcuna görə 15556.25 manat, cəriməyə görə 1430.46 manat olmaqla cəmi 46967.91 manat borcu vardır. İddiaçı ASC-ti tərəfindən kredit alan Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli 5324 saylı xəbərdarlıqdan görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2023-cü il tarixli, 9/8608 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 07 noyabr 2014-cü il tarixli, 14/230 saylı kredit müqaviləsi və 15 avqust 2016-cı il tarixli əlavə “Saziş”-in şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu xx.xx.2021-ci il tarixə (sualda qeyd edilən tarixə) əsas borc üzrə 31.262,58 manat, faiz borcu üzrə 10.605,51 manatdır. Hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən sonra 800,00 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspert qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2021-ci il tarixə götərildiyindən 800,00 manat məbləğində ödəniş nəzərə alınmalıdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1578 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsi üzrə X4 xx.xx.2021-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: xx.xx.2021-ci il tarixə (sualda soruşulan tarixə): əsas borcu 31.262,58 manat; faiz borcu 10.605,51 manat. Qeyd edilir ki, iş materiallarında 07 noyabr 2014-cü il tarixli, 14/230 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə X5 cərimə hesablanmadı. Bundan başqa qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən sonra ümumilikdə 800,00 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspert qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2021-ci il tarixə götərildiyindən 800,00 manat məbləğində ödəniş nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X5 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bank Technique ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas borca görə 29981.20 manat, faiz borcuna görə 15556.25 manat, cəriməyə görə 1430.46 manat olmaqla cəmi 46967.91 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 07 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 14 faizlə 105 ay müddətinə 34700 manat kredit verilmişdir. "xxxx" ASC ilə Yelo Bank ("xxxx" İKB) ASC arasında bağlanmış tələbin güzəşti barədə 29 yanvar 2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 07 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcun tələb etmək hüququ İddiaçı ("xxxx" İKB) ASC-yə ötürülmüşdür. 15 avqust 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti 07 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il sentyabrın 28-dək Cavabdeh banka 07 noyabr 2014-cü tarixli kredit müqaviləsi üzrə 29981,20 manat əsas, 15.556,25 manat faiz və 1430,46 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 46967,91 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(012)-6004/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X10 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsi üzrə əsas borca görə 29981.20 (iyirmi doqquz min doqquz yüz səksən bir manat iyirmi qəpik) manat, faiz borcuna görə 15556.25 (on beş min beş yüz əlli altı manat iyirmi beş qəpik) manat, cəriməyə görə 50 manat olmaqla cəmi 45587.45 borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka əsas borca görə 29981.20 manat, faiz borcuna görə 15556.25 manat, cəriməyə görə 1430.46 manat olmaqla cəmi 46967.91 manat borcu yaranmışdır. Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Kredit müqaviləsi üzrə 29981.20 manat əsas borc üzrə hesablanmış 1430.46 manat məbləğində cərimənin azaldılaraq 50,00 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğundur. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. İddia ərizəsində tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 421.1, 421.2, 422.2ci maddələrinə istinad etmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və hərtərəfli, tam, obyektiv araşdırılaraq əlavə tətbiq olunan sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixində "xxxx" ASC ilə onun arasında 14/230 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən illik 14 faiz olmaqla 105 ay müddətinə 34700 manat pul almışdır. Bu vaxta qədər ümumilikdə həmin kredit müqaviləsi üzrə 24492 manat pul ödəmişdir. Lakin ödədiyi məbləğ açıq aşkar görünür ki, kredit borcuna hesablanmamışdır. Məhkəmə bu hissədə işi hər tərəfli tam obyektiv araşdırmamışdır. Məhkəmə baxışı zamanı iddiaçı tərəfindən hesablamanın səhv aparılmasını və bu faizlərin hesablanması məqsədilə ekspertizanın təyin olunmasını xahiş etmişdir. Lakin həmin vaxta qəbzləri təqdim etməyi mümkün olmamışdır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir ki, bu hissədə cavabdeh kimi onun prosessual hüquqları pozulmuşdur. Yəni 34700 manat kredit qarşılığında 24492 manat ödəmiş olduğum halda necə ola bilər ki, 45587.45 manat borcum qalsın. Məhkəmədə iddiaçı tərəfin təqdimetdiyi sübutlar mötəbər deyil. "xxxx" ASC ilə bağlanılan müqavilədə ödəniş cədvəlində ödəniş müddəti 105 ay, aylıq ödəniş 538.78 manat olub, lakin "xxxx" ASCnin verdiyi ödəniş cədvəlin ödəniş müddəti 90 ay, aylıq ödəniş 560.96 manat olmuşdur. Həmçinin, birinci kredit müqavilə notarial qaydada yazılı formada bağlanmışdır və girov predmetli ipoteka müqaviləsi olmuşdur. Nikoyl Bank” ASC ilə bağlanmış bir saylı əlavə isə sadə yazılı formada bağlanmışdır. Bu isə Mülki Məcəllənin tələblərinə ziddir. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh X6 və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə öz izahatında iş üzrə apellyasiya şikayətinin təmin edilməməsini, məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, apellyasiya şikayətini müdafiə etdiyini, Abseron Rayon məhkəməsinin qətnaməsinin ləgv olunması, hesablanmış əlavə borcun silinməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehi və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının ləğvinə yönəlsə də, apellyasiya baxışının həddini qətnamənin iddianın təmin olunmuş hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayəti və onun dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflər arasında müvafiq kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən müqavilənin predmeti olan müvafiq məbləğdə pul vəsaitinin cavabdeh tərəfindən təhvil alması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcun məbləğinin düzgün hesablanmamaması, habelə müqavilə üzrə tələb güzəşt olunsa da, müqavilənin formasına dair tələbə riayət edilməməsi halını əsas göütrərək, iddia tələbinə etiraz etmişdir. İddiaçı isə cavabdehin kredit müqaviləsi üzrə iddia tələbində qeyd edilən məbləğdə əsas və faiz borcunun yaranması halını əsas götürərək,belə bir iddia tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, indiki halda cavabdehin kredit müqaviləsi üzrə borc öhədliyinin yaranması və həmin öhədliyə görə mülki hüquqi məsuliyyət daşıması halı aşkar olduğundan, birinci instansiya məhkəməsi müqavilə üzrə yaranmış borcun tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. İndiki halda işin mübahisəli halı məhz borcun məbləğinin müəyyən edilməsi ilə bağlı olmuşdir. Qeyd olunmalıdır ki, cavabdeh apellyasiya şikayətində əsas borcun məbləğini mübahisələndirsə də, məhkəmə araşdırması zamanı müvafiq kredit müqaviləsi üzrə qalıq əsas borcun məbləğinin 29981,20 manat olduğunu qəbul etdiyini, əsas borcun məbləği ilə razı olduğunu bildirmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı təyin edilmiş müvafiq ekspertizanın nəticəsinə dair ekspert rəyində müqavilə üzrə yaranmış əsas borcun qalıq mıbləğinin 31262,58 manat olduğu qeyd edilmişdir. Bu halda, məhkəmə kollegiyası müqavilə üzrə yaranmış əsas qalıq borcun məbləği ilə bağlı hissədə cavabdeh tərəfindən hər hansı dəlilə istinad edilmədiyindən, eyni zamanda bu hissədə cavabdeh iddia tələbini qəbul etdiyindən, qalıq əsas borcun məbləği ilə razı olduğundan, bu hissədə mübahisəli hal artıq mövcud olmadığından, habelə müvafiq ekspert rəyi ilə iddia tələbində qeyd edilmiş məbləği müqayisəli təhlil edərək, hesab edir ki, müqavilə üzrə yaranmış qalıq əsas borcun məbləği ilə bağlı hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə araşdırması zamanı təyin edilmiş müvafiq ekpsertizanın nəticəsinə dair ekpsert rəyində müqavilə üzrə faiz qalıq borcun məbləğinin 10605,51 manat olduğu qeyd edilmişdir. İddiaçı iddia tələbində qalıq borcun məbləğinin 15556,25 manat olduğunu qeyd etsə də,bununla bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir (yalnız maliyyə arayışı təqdim edilmişdir ki, həmin sənəd onun özü tərəfindən tərtib edilmiş, bu hal isə sənədin mötəbərliyini şübhə altına alır). Eyni zamanda cavabdeh tərəfindən də müqavilə üzrə yaranmış qalıq faiz borcun məbləğinin düzgün hesablanmadığını bildirsə də, qalıq borcun məbləğinin müəyyən edilməsinə dair heç bir dəlilə istinad etməmişdir. Həmçinin, iddiaçı tərəf ekspert tərəfindən aparılan hesablanmalar zamanı cərimə borcunun hesablanmaması halına istinad etsə də,müvafiq ekspert rəyində kredit müqaviləsi üzrə cərimə hesabı barədə məlumat olmadığından cərimə hesablanmadığı qeyd edilmiş, habelə bu halın faiz borcunun məbləğinin müəyyən edilməsinə aidiyyəti müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, indiki halda mübahisə predmeti məhz müqavilə üzrə yaranmış faiz borcun məbləğinin hesablanması ilə bağlı olmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə qalıq faiz borcun məbləğinin müəyyən edilməsi ilə bağlı yalnız iddiaçı tərəfin təqdim etdiyi sənəd əsasında müəyyən etməklə, qeyd edilən hissədə düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur.Qeyd olunan halları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə yaranmış qalıq faiz borcun məbləği məhz ekspert rəyi əsas götürülməklə müəyyən edilməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, müvafiq ekspert rəyində iddia ərizəsi məhkəməyə verildikdən sonra cəmi 800 manat ödəniş edildiyi qeyd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qeyd eidlən məbləğ iddia ərizəsi məhkəmə verildikdən sonra ödənildiyindən, hazırki mülki iş üzrə cavabdeh tərəfindən ödənilən həmin məbləğ qalıq borcun müəyyən edilməsi zamanı nəzərə alınmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, həmin halların icra icraatı zamanı nəzərə alınması məqsədəmüvafiqdir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda müqavilənin forma tələbinə riayət edilməməsi ilə bağlı hər hansı hal aşkar edilməmiş, habelə cavabdehin ipoteka predmeti ilə bağlı istinad edilən hallar hazırki mübahisə predmetinə aid olmamış, nümayəndənin səlahiyyətli olmaması halı isə iş materialları əsasında təkzib olunmuşdur. Göründüyü kimi, cavabdehin qeyd olunan hallarla bağlı apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal xarakter daşımışdır. Beləliklə, qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi müqavilə üzrə yaranmış qalıq faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti qismən təmin olunduğundan, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 250 manat tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin dövlət büdcə hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(012)-6004/2021 nömrəli qətnaməsi xx.xx.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsi üzrə yaranmış faiz borcunun məbləğinin müəyyən edilməsinə aid hissədə dəyişdirilsin. Cavabdeh X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsi üzrə yaranmış 10605,51 (on min altı yüz beş manat 51 qəpik) faiz borcu tutulsun. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat İddiaçı ASC-dən və cavabdeh X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin dövlət büdcə hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar