Məhkəmə qərarları › İş №2(105)-2141/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2141/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2141/2023 14.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Qusar Rayon Məhkəməsinin e-2(029)-478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə ödənilməmiş 2396,68 ( iki min üç yüz doxsan altı ABŞ dolları,altmış səkkiz sent) ABŞ dolları əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1344,09 (min üç yüz qırx dörd ABŞ dolları, doqquz sent) ABŞ dolları 5% faiz borcu olmaqla cəmi 3740,77 (üç min yeddi yüz qırx ABŞ dolları, yetmiş yeddi sent) ABŞ dolları kredit borcunun və iş üzrə ödənilmiş 83,60(səksən üç manat altmış qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki,İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 624 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 5160 (beş min yüz altmış) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından və hesabdan çıxarış məlumatlarından da göründüyü kimi, cavabdeh borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə ödənilməmiş 2396,68 (iki min üç yüz doxsan altı ABŞ dollar altmış səkkiz sent) ABŞ dolları əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1344,09 ( bir min üç yüz qırx dörd ABŞ dolları, doquz sent) ABŞ dolları 5% faiz borcu olmaqla cəmi borcu 3740,77 (üç min yeddi yüz qırx ABŞ dolları, yetmiş yeddi sent) ABŞ dolları olmaqla təşkil edir.

3. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, kredit aldığı vaxtdan artıq uzun müddət keçmişdir. İndiyə kimi bankdan hər hansı bildiriş və zəng gəlməyib, heç kim ona ödəniş edilməsini bildirməyib, iddiaçı təşkilat iddia müddətini ötürüb, buna görə də iddia müddəti tətbiq edilərək İddiaçı ASC-nin ona qarşı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

4. Qusar Rayon Məhkəməsinin e-2(029)-478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Əli Cəlilov).

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında hüquq münasibətləri 2010-cu il tarixdə yaranmış, iddiaçı isə məhkəməyə 12 may 2023-cü il tarixdə müraciət etmiş, hazırki iş üzrə iddia müddəti keçmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 377.2, 375.2, 376, 377.1, 399.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək Qusar Rayon Məhkəməsinin e-2(029)-478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Şikayətin dəlilləri:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Lakin məhkəmə qeyd edilən maddəyə istinad etməklə əsassız nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Göründüyü kimi işin gedişatında qeyd edilən maddənin tələbləri pozulmuş, iddiaçının məhkəmə baxışına qədər təqdim edilmiş əsaslı sübutları hakim tərəfindən kifayət qədər araşdırılmamış və cavabdeh tərəfin məhkəmə baxış iclasında təqdim etdiyi ərizə və mülahizələr əsasında yekun qərar qəbul edilmişdir. Eyni zamanda, nəzərə alınmalı idi ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərdisə, bu halda hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilərdi. Lakin göründüyü kimi cavabdeh tərəf yalnız məhkəmə baxış iclasında iddia müddətinin ötürülməsi barədə qısa qeydlə məhkəməyə ərizə vermiş, məhkəmə hazırlıq iclasında iddia ilə bağlı yazılı etiraz bildirə bilməmişdir Həmçinin digər bir fakt kimi, iddiaçının əvvəllər hazırki iddia ilə məhkəməyə müraciət edilməsi nəzərə alınmamışdır. Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci hissəsinə öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə qalır. Bundan başqa məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinin qaydalarını nəzərə almamışdır. Həmin maddədə deyilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və ya onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmişdir ki, işə baxmış məhkəmə də bunu qəbul etməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac vermişdir. Mülki müqavilələrə Mülki Məcəllənin 389-cu maddəsində qeyd edildiyi kimi Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edildiyindən bir tərəfin ərizəsi və fikri əsasında ümumi yekun qərara gəlməklə Qusar Rayon Məhkəməsi iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqlarının pozulub- pozulmamasını və iş üçün vacib əhəmiyyət kəsb edən digər halları nəzərə almamış və faktları qiymətləndirməmişdir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zərur esab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qanunvericiliyə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Göründüyü kimi məhkəmə işinin gedişatında qeyd edilən maddənin tələbləri pozulmuş, iddiaçının məhkəmə baxışına qədər təqdim edilmiş əsaslı sübutları hakim tərəfindən kifayət qədər araşdırılmamış və cavabdeh tərəfin məhkəmə baxış iclasında təqdim etdiyi ərizə və mülahizələr əsasında yekun qərar qəbul edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Qusar Rayon Məhkəməsinin e-2(029)-478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir.

12. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 376-ci maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

14. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı. Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Həmin qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu eyni zamanda qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir.

16. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 19.İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2010-cu il tarixli 624 nömrəli İstehlak kredit haqqında Müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 30 % dərəcəsi ilə 5160 (beş min yüz altmış) ABŞ dolları məbləğində kredit verilmişdir.

20. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 20 fevral 2023-cü il tarixli **********087 saylı maliyyə arayışından görünür ki, Royalbank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 00)**********00624 saylı kredit müqaviləsi üzrə 2 fevral 2023-cü il tarixinə 2396.68 (iki min üç yüz doxsan altı ABŞ dolları, altmış səkkiz sent) ABŞ dolları əsas, 1412.11 (min dörd yüz on iki ABŞ dolları on bir sent) ABŞ dolları cərimə və 1344.09 (min üç yüz qırx dörd ABŞ dolları, doqquz sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 5152.88 (min beş yüz əlli iki ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları borcu mövcuddur.

21. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında hüquq münasibətləri 2010-cu il tarixdə yaranmış, iddiaçı isə məhkəməyə 12 may 2023-cü il tarixdə müraciət etmiş, hazırki iş üzrə iddia müddəti keçmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi 09 iyun 2010-cu il tarixdə, 18 ay müddətinə verilmiş, müqavilənin son tarixi xx.xx.2011-ci il tarixidir.

23. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, hazırki mübahisə tərəflər arasında bağlanmış müqavilədən yaranan mübahisədir, belə olan halda hazırki mübahisəyə üç illik iddia müddəti tətbiq edilməlidir.

24. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (borcun) qaytarılması müddəti müəyyənləşdirilə bilər.

25. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit (borc) müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (borcun) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.

26. Hüquqi təbiətinə görə kredit (borc) müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.

27. Beləliklə, kredit (borc) münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit (borc) müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni borcun ödənişləri ilə bağlı öhdəliklərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

28. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

29. Kredit (borc) münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

31. İşin hallarından görünür ki, iddia müddətinin axımı borc müqaviləsinin qüvvədə olma müddətinin sonuncu günü, xx.xx.2011-ci ildən başlamışdır. Həmin tarixdən 3 illik müddət hesablanarsa, müddətin sonu xx.xx.2014-cü il tarixə təsadüf edir. İddiaçı isə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini keçirmişdir.

32. İş materiallarından görünür ki, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

33. Belə olan halda, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarına istinadən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir ki, belə olan halda hazırki iddia tələbi təmin edilə bilməz. 34.Bununla da məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticələrdə haqlı olmuşdur. 35 Məhkəmə kollegiyası işə apellyasiya şikayətinin dəlillərinə, sübutların işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməli olması, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizənin məhkəmə baxış iclasında təqdim etməsini, eyni zamanda iddiaçının əvvəllər hazırki iddia ilə məhkəməyə müraciət edilməsinin nəzərə alınmamasına qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

36. Göründüyü kimi iddia müddətini tətbiqi barədə ərizə məhkəmə qərarı çıxarılanadək verilməsi nəzərdə tutulmuş, cavabdeh tərəf də yekun qərar qəbul edilənədək ərizəni təqdim etmişdir.

37. Eyni zamanda iddiaçı təşkilat hazırki mübahisə ilə bağlı daha əvvəllər məhkəməyə müraciət edilməsini qeyd etsə də, buna dair hər hansı sübutlar, bildiriş, qərardad təqdim etməmiş, qeyd edilən halı sübuta yetirə bilməmişdir.

38. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir.

39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. 41.. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin e-2(029)-478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin e-2(029)-478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar