Məhkəmə qərarları › İş №2(105)-2145/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2145/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2145/2023 30.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 22 avqust 2023cü il tarixli, 2(029)-477/2023 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd edilən kredit müqaviləsi üzrə ödənilməmiş 1109,74 (min yüz doqquz manat ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları əsas, 85,04 (səksən beş ABŞ dolları, dörd sent)) ABŞ dolları müqavilə müddəti üzrə hesablanmış faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 610,95 ( altı yüz on doxsan ABŞ dolları, doxsan beş sent) ABŞ dolları 5% faiz borcu olmaqla cəmi 1805,73 (min səkkiz yüz beş ABŞ dolları, yeddi üç sent) ABŞ dolları kredit borcunun və iş üzrə ödənilmiş 50,70 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 622 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 3050 (üç min əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır.Borcun ödənilməsi barədə cavabdehə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından və hesabdan çıxarış məlumatlarından da göründüyü kimi, cavabdeh borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə ödənilməmiş 1109,74 ( bir min yüz doqquz ABŞ dolları, 74 sent) ABŞ dolları əsas, 85,04 ( səksən beş ABŞ dolları, 04 sent)) ABŞ dolları müqavilə müddəti üzrə hesablanmış faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 610,95 ( altı yüz on doxsan ABŞ dolları, 95 sent) ABŞ dolları 5% faiz borcu olmaqla cəmi borcu 1805,73 ( bir min səkkiz yüz beş ABŞ dolları, 73 sent) ABŞ dolları təşkil edir. Birinci instansya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, məhkəməyə ərizə təqdim edərək izahatında bildirmişdir ki,o,İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 2010-cu ildə kredit götürüb.Götürdüyü kreditin məbləği yadında qalmayıb, krediti toy etmək üçün götürmüşdür. Müqavilədə göstərilən məbləğdə pul götürmüşdür. O,ödənişləri edib.O, sonradan 2011-ci ildə ödəniş etmək üçün bankın filialına gedib, oradan ona bankın ləğv olduğunu demişlər. Sonuncu ödənişi 2012-ci ildə etmişdir.2012-ci ildən sonra o, ödəniş etməyib, bunun da səbəbinin filialın bağlı olması ilə bağlıdır. Pul aldığı vaxtdan 13 il keçib, o, bununla razı deyil. Həmçinin bildirmişdir ki, o, kredit aldığı vaxtdan artıq uzun müddət keçmişdir, iddiaçı təşkilat iddia müddəti ötürüb, buna görə də, iddia müddəti tətbiq edilərək İddiaçı ASC-nin ona qarşı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(029)-477/2023 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası təmin edilməmişdir (hakim Əli Cəlilov). Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Lakin Məhkəmə qeyd edilən maddəyə istinad etməklə əsassız nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Göründüyü kimi məhkəmə işinin gedişatında qeyd edilən maddənin tələbləri pozulmuş, iddiaçının məhkəmə baxışına qədər təqdim edilmiş əsaslı sübutları hakim tərəfindən kifayət qədər araşdırılmamış və cavabdeh tərəfin məhkəmə baxış iclasında təqdim etdiyi ərizə və mülahizələr əsasında yekun qərar qəbul edilmişdir. Eyni zamanda, nəzərə alınmalı idi ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərdisə, bu halda hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilərdi. Lakin göründüyü kimi cavabdeh tərəf yalnız məhkəmə baxış iclasında iddia müddətinin ötürülməsi barədə qısa qeydlə məhkəməyə ərizə vermiş, məhkəmə hazırlıq iclasında iddia ilə bağlı yazılı etiraz bildirə bilməmişdir. Həmçinin digər bir fakt kimi, iddiaçının əvvəllər hazırki iddia ilə məhkəməyə müraciət edilməsi nəzərə alınmamışdır. Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci hissəsinə öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə qalır. Bundan başqa məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinin qaydalarını nəzərə almamışdır. Həmin maddədə deyilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və ya onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmişdir ki, işə baxmış məhkəmə də bunu qəbul etməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olubolmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilibedilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Həmçinin, mülki müqavilələrə Mülki Məcəllənin 389-cu maddəsində qeyd edildiyi kimi Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edildiyindən bir tərəfin ərizəsi və fikri əsasənda ümumi yekun qərara gəlməklə Qusar Rayon Məhkəməsi iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqlarının pozulub-pozulmamasını və iş üçün vacib əhəmiyyət kəsb edən digər halları nəzərə almamış və faktları qiymətləndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hesab edirlər ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamə mülki prosessal qanunvericiliyinin yuxarıda göstərilən hüquq normalarının tələblərinin heç birinə cavab vermir. Belə ki, tərəflərindən məhkəməyə iddialarının əsaslı olmasına dair yetəri qədər sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə həmin sübutlara və iddiaçının nümayəndəsinin izahatlarına qiymət vermədən əssasız qərar qəbul etmişdir. Halbuki, borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından və hesabdan çıxarış məlumatlarından da göründüyü kimi, cavabdeh borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bu halda, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir, Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2010cu il tarixli 622 nömrəli İstehlak kredit haqqında Müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 18 (on səkkiz) ay müddətinə, illik 30 % dərəcəsi ilə 3050 (üç min əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 23 fevral 2023-cü il tarixli **********095 saylı maliyyə arayışından görünür ki, Royalbank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 00)**********00622 saylı kredit müqaviləsi üzrə 2 fevral 2023-cü il tarixinə 1109,74 (min yüz doqquz manat ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları əsas, 85,04 (səksən beş ABŞ dolları, dörd sent)) ABŞ dolları müqavilə müddəti üzrə hesablanmış faiz, 653.75 (altı yüz əlli üç ABŞ dolları yetmiş beş sent) ABŞ dolları cərimə və 610,95 (altı yüz on doxsan ABŞ dolları, doxsan beş sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 2459.48 (iki min dörd yüz əlli doqquz ABŞ dolları qırx səkkiz sent)ABŞ dolları borcu mövcuddur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli, 622 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 18 (on səkkiz) ay müddətinə borc verilmişdir. Həmçinin məhkəməyə təqdim olunmuş sənədlərdən və tərəflərin izahatlarından da müəyyən olunmuşdur ki, cavabdeh sonuncu ödənişi 2012-ci ildə etmişdir. İşdən görünür ki, iddiaçının tələbi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş və cavabdeh iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, tərəflər arasında hüquq münasibətləri 2010-cu il tarixdə yaranmış, iddiaçı isə məhkəməyə 12 may 2023-cü il tarixdə müraciət etmişdir. Həmçinin məhkəməyə təqdim olunmuş sənədlərdən və tərəflərin izahatlarından da müəyyən olunmuşdur ki, cavabdeh sonuncu ödənişi 2012-ci ildə etmişdir. Sonuncu ödəniş tarixindən məhkəməyə iddia ərizəsi daxil olan günə kimi 11 ildən çox müddət keçmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740.1, 740.2 və 741-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasənbaşqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 376-ci maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Apellyasiya şikayətinin əsas dəlili kimi cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin məhkəmənin hazırlıq iclasında deyil, sonra verildiyi göstərilmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Belə ki, yuxarıda qeyd olunan Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə qərarı çıxarılanadək verilə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(029)-477/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar