Məhkəmə qərarları › İş №2(105)-2147/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2147/2020

17.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2147/2020 17.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova) iddia tələbinin təmin edilməsi, Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2014cü il tarixli 2(034)-268/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx xxxxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxxxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx xxxxxx 2009-cu il təvəllüdlü X3 və xx xxxxxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh faktiki nikahdan olan xx xxxxxx 2019-cu il təvəllüdlü İlnaz və xx xxxxxxxx 2012-ci il təvəllüdlü Ramal oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər ay hər uşağa görə 103 manat, cəmi 206 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hal-hazırda alimentin artırılmasına böyük ehtiyac olduğunu, uşaqlar körpə olduğundan özünün işləyə bilmədiyini, cavabdehin ödədiyi 206 manat məbləğində aliment hazırda iki uşağın heç bir maddi təminatını ödəmədiyini və cavabdehin tələb olunan məbləği ödəməyə imkanının olduğunu bildirərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə qəti şəkildə razılaşmır. Onun işləməyi ilə bağlı heç bir yenilik yoxdur, belə ki, maddi cəhətdən onda heç bir artım olmamışdır. Heç yerdə işləmir, lakin bunların heç biri nəzərə alınmamışdır. Əgər onun işləməyi ilə bağlı gəlirində hər hansı dəyişiklik olsa idi, onda həmin alimenti o, özü artıq ödəyər. Hətta bu müddət ərzində də uşaqların saxlanmasında o, köməklik etmişdir. Son vaxta kimi bir evdə yaşamışlar. İddiaçının özü də bilir ki, onun maddi cəhətdən qazancında heç bir dəyişiklik olmamışdır. Hazırda hər uşağa 100 manat, cəmi 200 manat pul ödəməyə gücü çatır. Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(034)-117/2020 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılması barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi N.Ə.Gülüşova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən uşaqların saxlanılmasına maddi köməklik edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, tərəflər 2008-ci ildə faktiki nikaha daxil olmuşlar, bu nikahdan xx xxxxxx 2009-cu il tarixdə İlnaz və xx xxxxxxxx 2012-ci tarixdə Ramal adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(034)-268/2014 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 2009-cu il təvəllüdlü X3 və xx xxxxxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 103 manat olmaqla, cəmi 206 (iki yüz altı) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə kollegiyası cavabdehin heç bir yerdə işləməməsi barədə gətirdiyi dəlilə qiymət verərək hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. «Azərbaycan Respublikasının 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il yanvarın 1-dən etibarən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/16 nömrəli qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(034)-117/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar