Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2149/2022 24.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul və dəymiş maddi ziyan tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Behbudova) iddianın qismən təmin edilməsi, Cavabdeh 6000 (altı min) ABŞ dolları məbləğində pul vəsaitinin (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) və 80 (səksən) manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı cavabdehdən 14000 manat borcun və məhkəmə xərclərinin alınaraq ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun anasının Aslanova Zəminənin keçmiş iş yoldaşı olmuş və bu səbəbdən də o, onu tanımışdır. Cavabdeh ona müraciət edərək ona təcili pul lazım olduğunu bildirmiş və ona söz vermişdir ki, əgər o bankdan pul götürüb ona versə, o bankın pulunu tez bir vaxtda qaytaracaqdır. O, əvvəlcə buna razı olmamış, lakin cavabdeh ona və anasına bildirmişdir ki, onun ərinin daş karxanası vardır, lakin sənədi olmadığına görə bank pul vermir, əri hər ay yüksək maaş alır, əgər ona bu işdə köməklik edilsə, o daşınmaz əmlakı girov qoyub pul götürüb ona verərsə, o tez bir vaxtda pulu qaytarıb evi girovluqdan çıxaracaqdır. O, ona inanaraq “Finoko” bankdan 18000 ABŞ dolları məbləğində pul götürmüş və həmin puldan cavabdehə 14000 ABŞ dolları məbləğində pul vermiş və adına olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 38 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh həmin borcdan cəmi 2 ay ödəniş etmiş, lakin sonradan heç bir ödəniş etməmişdir. Nəticədə kredit borcu artaraq faizləri ilə birlikdə böyük bir məbləğ olmuş və bank ona krediti ödəmədiyi üçün məhkəmə qətnaməsi əsasında onun mənzili hərraca çıxarılaraq dəyər-dəyməzinə satılmış və o ailə üzvləri ilə həmin mənzildən çıxarılmışdır. Cavabdehin onun inam və etibarından suiistifadə etməsi, onu aldatması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmiş, xx.xx.2019-cu ildə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-də araşdırma aparılmış və ona bildirilmişdir ki, bu mülki məsələ olduğu üçün o məhkəməyə müraciət etməlidir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh pulu ondan xarici valyutada aldığı üçün pulun həmin valyutada qaytarılmasını tələb edərək cavabdehdən 14000 (on dörd min) ABŞ dolları məbləğində borcun qaytarıldığı günə olan Azərbaycan manatına olan məzənnəsi əsasında və məhkəmə xərclərinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə iclasında o bildirmişdir ki, ona iddiaçı deyil, onun anası Zəminə Qasımova 4000 ABŞ dolları pul vermişdir. Müəyyən gecikdirmələri nəzərə alaraq iddiaçıya 6000 AZN ödəməyi söz vermişdir. Sumqayıt şəhəri Polis İdarəsi 4-cü Polis Şöbəsində aparılan araşdırmalarla müəyyən olunmuşdur ki, götürülən 6000 ABŞ dollarından tərəfindən iki ayının pulunu 600 dollardan cəmi 1200 ABŞ dolları ödəniş etmişdir. Lakin məhkəmə bu izahatları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(060)-2413 saylı qətnaməsinin qismən ləğv edilməsini, ondan 4800 ABŞ dollar pulun iddiaçının xeyrinə tutulmasına, qalan hissədə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin iddiaçıya borlu olmasının, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraf ərizəsi əsasında sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 127-35373Q-1220 saylı xx.xx.2020-ci il tarixli məktubla ona xüsusatlar mülki xarakter daşıdığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin № 1931 saylı xx.xx.2017-ci il tarixli bildirişindən görünür ki, Sumqayıt rayonu İcra şöbəsinin № 13K-79 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən ünvan 1, mənzil 38 əmlakı satılmaq üçün açıq hərraca çıxarılmışdır. İşdə olan Cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə verdiyi izahatdan görünür ki, Cavabdeh iddiaçıdan iş qurmaq üçün 6000 ABŞ dolları pul götürmüş və bunun müqabilində 2 ay 600 dollar ödəniş etmişdir. Lakin sonradan iş qura bilməmiş və ondan pul tələb edildikdə imkanı olmadığı üçün pulu geri qaytara bilməmişdir. Belə ki, iş materiallarında olan izahatdan görünür ki, İddiaçı Cavabdeh 6000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. (maddə 739.2). Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən, iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən razılaşma əsasında borcu məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, pul vəsaitini geri ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı verilmiş borcun cavabdehdən geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən iddiaçıya 1200 ABŞ dolların ödəməsi barədə heç bir sübut təqdim etməmişdir. Odur ki, iddia göstərilən hissədə, yəni Cavabdeh 6000 ABŞ dolları məbləğində pul vəsaitinin (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) tutularaq iddiaçıya verilməsi hissəsində təmin edilməlidir. İddiaçının hazırkı iddia tələbi özündə borc müqaviləsinin xüsusiyyətlərini ehtiva etsə də, lakin tərəflər arasında borc müqaviləsinin mühüm şərtləri barədə razılıq əldə olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Göründüyü kimi, iddiaçının Cavabdeh adına 6000 ABŞ dolları məbləğində pul verməsi iş materiallarında olan izahat əsasında öz təsdiqini tapsa da, lakin cavabdehin həmin pul vəsaitini qaytarmağa dair hər hansı öhdəlik götürməsi və həmin pul vəsaitinin hansı məqsədlə cavabdehə göndərilməsi müəyyən edilməmiş və tərəflər borc müqaviləsinin şifahi və ya yazılı qaydada bağlanması üçün lazımı mühüm şərtlər barəsində razılığa gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 04 iyul 2022-ci il tarixli 2(060)-2413/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2149/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2149/2022
24.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver