Məhkəmə qərarları › İş №2(105)-2151/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2151/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2151/2022 30.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Əmirxanlı Mehman Əmirxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(060)-164/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 27628,13 manat əsas borc və 7489,58 manat faiz borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə, illik 19 faiz olmaqla, 30.000 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir.

3. Cavabdeh1 iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmuşdur.

4. Etirazda qeyd olunur ki, o, 2019-cu ilin may ayında İddiaçı ASC-dən 15.000 manat kredit götürmüş, xx.xx.2019-cu ildə ona nağd pul layihəsi müqaviləsi ilə İddiaçı ASC-dən 48 ay müddətinə, illik 16 faiz olmaqla, 30.000 manat məbləğində kredit təklif edilmiş və müqaviləni imzalamaqla krediti nağdlaşdırmışdır. Müqaviləyə qol çəkəndən sonra bilmişdir ki, müqavilə üzrə verilən pul 19 faizlə verilmişdir. Qrafik cədvəli üzrə hər ay xx.xx.2020-ci il tarixdən başlayaraq müntəzəm pul ödəmiş, sonradan pandemiya ilə əlaqədar işində çətinliklər yarandığından ödənişləri icra edə bilməmişdir. Bankın ona cavabdeh qismində göndərdiyi ərizəni həmin ərəfələrdə dənizdə işlədiyi üçün ala bilməmişdir. Təkrarən telefonuna xx.xx.2021-ci il tarixdə məhkəmə iclasının olması barədə mesaj gəlmişdir. Sonradan özü qol çəkərək iddia ərizəsini almış, lakin ərizədə qeyd olunan 27628,13 manat əsas borc və 6448,08 manat faiz borcu olmaqla, ümumilikdə 34076,21 manat borcun ondan tutulması tələbi ilə razı deyildir.

5. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə, illik 19 faiz olmaqla, 30.000 manat məbləğində kredit vermişdir. Həmin müqaviləyə əsasən Cavabdeh2, Cavabdeh1 öhdəliklərinə zamin olmuşdur.

6. 28 dekabr 2019-cu il tarixli, 3024 nömrəli kassa məxaric qəbzindən görünür ki, Cavabdeh1 30.000 manat kredit pulu bankdan qəbul etmişdir.

7. Kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən Cavabdeh1 48 ay müddətinə 897 manat olmaqla, sonuncu ay 910 manat ödənişlər etməli idi.

8. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixinə banka 27628,13 manat əsas borc və 6448,08 manat faiz borcu vardır.

9. Bank xx.xx.2021-ci il tarixdə cavabdehə xəbərdarlıq (pretenziya) məktubu göndərmişdir.

10. Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli, 9/641 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixinə 27626,56 manat əsas borc və 6561,31 manat faiz borcu, xx.xx.2021-ci il tarixinə 27626,56 manat əsas borcu və 7454,73 manat faiz borcu vardır.

11. Cavabdeh tərəf kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və borcu qalmışdır.

12. Cavabdeh tərəfin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur.

13. Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(060)-164/2022 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin və ona hesablanmış faizin qaytarılması tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit sazişinin ləğv edilməsi, əsas borc üzrə 27626,56 manat, faiz borcu üzrə 6448,08 manat olmaqla, cəmi 34074 (otuz dörd min yetmiş dörd) manat 64 (altmış dörd) qəpik pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 445.1, 448, 448.2, 427.3, 449.1, 470.1, 472.1, 741, 739.1, 739.2-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh1 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(060)-164/2022 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

Şikayətin dəlilləri:

17. 2019-cu ilin may ayında İddiaçı ASC-dən 15.000 manat kredit götürmüşdür. xx.xx.2019-cu ildə nağd pul layihəsi müqaviləsi ilə İddiaçı ASC-dən 48 ay müddətinə, illik 16 faiz olmaqla, 30.000 manat məbləğində kredit təklif etmişlər. Müqavilələrə qol çəkəndən sonra bilmişdir ki, ona verilən kredit 19 faiz dərəcəsi ilə rəsmiləşdirimişdir. Qrafik cədvəli üzrə hər ay xx.xx.2020-ci il tarixdən başlayaraq müntəzəm pul ödəmiş, sonradan pandemiya ilə əlaqədar işində çətinliklər yarandığından ödənişləri icra edə bilməmişdir. Həmin ərəfələrdə bərk xəstələnmişdir. Bankdan faizlərinin aşağı endirilməsini istəmiş, lakin onun müraciəti cavabsız qalmışdır.Pandemiyadan sonra iş yeri dəyişdirilmiş, əmək haqqı azaldmışdır. İddiaçı qeyd olunan 27628,13 manat əsas borc və 6448,08 manat faiz borcu olmaqla, ümumilikdə 34076,21 manat borcun ondan tutulması ilə razı deyildir. Ödəmələrini nəzərə alaraq, qalıq borcuna yenidən baxılması artıq hesablanmış əsas və faiz məbləğlərinin silinməsi üçün işin məhkəmə ekspertizasına göndərilməsini xahiş etmişdir. Lakin ekspertiza əsas borc üzrə 27626,56 manat və faiz borcu üzrə 6561,31 manat borc olduğu bildirilmişdir. Böyük oğlu hərbiçi idi, hərbidə xərçəngə tutulmuş, hazırda onun müalicəsini belə qarşılamağa əmək haqqı çatmır. Oğlu həm də yataq xəstəsidir və əlil arabasındadır. Özü də kirayə qalır, evi yoxdur. Bir oğlu məktəbli, biri isə tələbədir, həyat yoldaşı isə heç bir yerdə işləmir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

19. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər.

20. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

27. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

28. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

29. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

30. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.

42. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(060)-164/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar