Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2151/2023 06.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-793/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh tərəfindən imzalanmış yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı 30 mart 2019-cu il tarixdə 5000 manat borc pul götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 5000 (beş min) manat pulun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. O, xx.xx.2020-ci il tarixdə ondan 5000 manat borc istəmişdir. İddiaçı ondan nə üçün istədiyini soruşduqda, oğlunu işə düzəldəcəyini demişdir. O da bildirmişdir ki, onda yoxdur, başqasından tapıb verəcəkdir. Lakin pul götürəcəyi adama hörmət etmək lazım olduğunu demişdir. O da öz növbəsində onunla razılaşmış, lakin nəinki hörmət etmək, heç nəğd əli ilə verdiyi pulu illərdir ondan ala bilməmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirir, bugün sabah pulu qaytaracağını deyir. Axırıncı dəfə söz vermişdir ki, 2022-ci ilin fevral ayında pulun hamısını qaytaracaqdır. Fevral ayında iddiaçıya demişdir ki, may ayında verəcəkdir. Sonra isə heç telefonlarına cavab verməmişdir. Cavabdehin iddiaçıdan borc almasına dair ondan qəbz almışdır.
3. Şahid qismində məhkəmə iclasında iştirak edən X3 izahatında bildirmişdir ki, Qətibə xanım onun iş yoldaşıdır. Ona da pul lazım olmuşdur. Xanımla tanış etmişdir. İlk öncə 800 manat borca pul almış, qardaşı rəhmətə getdikdən sonra 2500 manat borc pul bir daha götürmüşdür. Adilə xanımdan Sputnikin yanında pul götürmüşdür. X1 götürmüşdür. 1- 2 gün üstündən keçdikdən sonra 10 faizlə vermiş, artıq pul almışdır. Adilə xanım vermiş, heç yerə imza çəkməmişdir. Vaxtlı-vaxtında faizi ödəmişdir. Onun artıq Adilə xanıma borcu yoxdur, verib qurtarmışdır. Qətibə xanım onu qorxutmuş və xəbəri olmamışdır ki, qəbz verib. Qətibə xanımın pul götürməyi barədə məlumatı olmamışdır. Adilə xanım ilə mübahisəsi yoxdur.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-793/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 5000 (beş min) manat məbləğində pulun və 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Aynur Behbudova)
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 560.3.2, 739.1, 740, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-793/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi iddia tələbinin bütünlüklə təmin olunması qənaətinə gəlmişdir. Halbuki o iddiaçının həmin pulu Rübabə müəlliməyə verdiyini və Rübabə müəllimənin hissə-hissə geri qaytardığını və onun hazırda 700 manat pul borcunun olduğunu bildirmişdir, lakin məhkəmə qarşı tərəfin izahatını əsas götürməklə qətnamə çıxarmışdır. Necə olur ki, iddiaçı 44300 manat pulu geri alır, lakin buna baxmayaraq o, yenə də ona 5000 manat pul ödəməlidir, iddiada göstərilən məbləğdə pulları qaytarmasını təsdiqləyən şahidləri də vardır. Lakin məhkəmə şahidləri dindirməmiş və tamamilə qanunsuz bir qətnamə çıxarmışdır. Bundan başqa pulun ona aidiyyəti yoxdur, pulu Rübabə almış və dəfələrlə də bunu etiraf etmişdir. Məhkəmə qanunvericiliyin tələblərini pozmuş, iş üzrə obyektiv araşdırma aparmamış, işə onun iştirakı olmadan baxmaqla iddia tələbinin bütünlüklə təmin olunmasına qərar vermişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
13. Maddə 425.1. Tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
16. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
20. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir
21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-793/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-793/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, iddiaçı cavabdehin ona borcu olmasını iddia edərkən cavabdeh tərəfindən imzalanamış yazılı iltizama istinad etmiş və iltizamı sübut kimi məhkəməyə təqdim etmişdir. İddiaya görə Cavabdeh yazılı iltizama imza etməklə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və pulu geri qaytarmamışdır. Nəticədə cavabdehin İddiaçı 5000 manat borcu yaranmışdır.
31. Cavabdeh apellyasiya şikayətinin dəlillərində pulun ona yox başqa şəxsə verilməsini, iddiaçı tərəfindən cavabdehə verildiyi pulun Rübabə Musayevaya verdiyini, pulun qaytarılmasını təsdiq edəcək şahidlərinin olsa da birinci instansiya məhkəməsinin həmin şahidləri dindirməməsini, məhkəmənin çəkişmə prinsipini pozaraq onun iştirakının təmin edilməməsini göstərmişdir.
32. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, iş materiallarında olan protokollardan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulmasına yol verilməmiş, məhkəmə araşdırması cavabdehin də iştirakı olmaqla həyata keçirilmişdir.
33. Cavabdeh apellyasiya şikayətinin dəlillərində borclu olmamasını, pulun ümumiyyətlə başqasına verilməsini bildirsə də buna dair sübutu nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyasında təqdim etməmişdir.
34. Cavabdeh apellyasiya şikayətinin dəlillərində şahidlərinin olmasını da bildirmişdir, lakin iş materiallarından aydın olur ki, iş üzrə şahid qismində X3 məhkəmə iclasında dindirilmiş, apellyantın digər şahidlərin dəvət edilməsinə dair vəsatət ilə birinci instansiya məhkəməsinə müraciət etməsi isə müəyyən olunmur.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
36. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.
38. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı zamanı cavabdeh tərəfindən borc pulun iddiaçıya qaytarılması faktı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
40. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-793/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-793/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.