Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2152/2022 16.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)-3472/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, Cavabdeh 4971,36 manat məbləğində əsas borc və 1035 manat faiz borcu olmaqla, cəmi 6006,36 manat borcun və 80,47 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın bank qarşısında girov qoyulmuş cavabdehə məxsus, ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 2 ədəd qolbaq, 3 ədəd üzük və 2 cüt sırğa 583 əyarlı, 25,6 qram; 1 ədəd klon, 1 ədəd boyunbağı və 1 ədəd qolbaq, 583 əyarlı, 9,2 qram; 2 cüt sırğa 583 əyarlı, 9,2 qrama yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında restrukturizasiya məqsədilə bağlanmış 12 iyul 2021 il tarixli, 200840- 683458/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 5131,64 manat məbləğində kredit verilmişdir. 12 iyul 2021 il tarixli, 200840-683458/3 nömrəli “Girov müqaviləsi”nə əsasən 12 iyul 2021 il tarixli nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən cavabdeh tərəfindən girov qoyulmuş 2 ədəd qolbaq, 3 ədəd üzük və 2 cüt sırğa 583 əyarlı, 25,6 qram; 1 ədəd klon, 1 ədəd boyunbağı və 1 ədəd qolbaq, 583 əyarlı, 9,2 qram; 2 cüt sırğa 583 əyarlı, 9,2 qram qızıl-zinət əşyaları, ******* nömrəli qəbul edilmə aktına əsasən xüsusi paketə qoyularaq, bankın pul anbarına saxlanca verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 05 aprel 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 4971,36 manat məbləğində əsas borc və 1035 manat faiz borcu olmaqla, ümumilikdə 6006,36 manat məbləğində kredit borcu yaranmışdır.
3. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışır.
4. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 12 iyul 2021 il tarixli, 200840-683458/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən cavabdehə illik 29 faiz dərəcəsi ilə 5131,64 manat məbləğində kredit verilmişdir.
5. Tərəflər arasında həmin tarixdə bağlanmış saxlanc girovu müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq qızıl-zinət əşyaları girov qoyulmuşdur. Girov qoyulmuş əşyaların qiymətləndirilməsi və təhvili haqqında ******* saylı aktda qolbağ - 2 ədəd, çəkisi - 25,6 qr, əyarı 583; üzük - 3 ədəd, çəkisi - 25,6 qr, əyarı - 583; sırğa - 2 ədəd, çəkisi - 25,6 qr, əyarı - 583; klon - 1 ədəd, çəkisi - 9,1 qr, əyarı - 583; boyunbağı - 1 ədəd, çəkisi - 9,2 qr, əyarı - 583, qolbağ - 1 ədəd, çəkisi - 9,2 qr, əyarı 583, sırğa - 2 cüt, çəkisi 9,2 qr, əyarı - 583 olan qızıl - zinət əşyalarının dəyəri 1848 manat olaraq müəyyənləşdirilmişdir.
6. Müqavilənin ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 284,29 manat, sonuncu ay isə 284,27 manat ödəniş etməli idi.
7. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022ci il tarixə olan borcu - əsas borc üzrə 4971,36 manat, faiz borcu üzrə 1035 manat olmaqla, cəmi 6006,36 manat təşkil edir.
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)-3472/2022 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilib, əsas borc üzrə 4971,36 manat, faiz borcu üzrə 1035 manat olmaqla, cəmi 6006 (altı min altı) manat 36 (otuz altı) qəpik məbləğində pul və ödənilmiş 80 (səksən) manat 47 (qırx yeddi) qəpik dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın girovla yüklü edilmiş qızıl-zinət əşyalarına: qolbağ - 2 ədəd, çəkisi - 25,6 qr, əyarı 583; üzük - 3 ədəd, çəkisi - 25,6 qr, əyarı - 583; sırğa - 2 ədəd, çəkisi - 25,6 qr, əyarı-583; klon - 1 ədəd, çəkisi - 9,1 qr, əyarı - 583; boyunbağı - 1 ədəd, çəkisi - 9,2 qr, əyarı - 583, qolbağ - 1 ədəd, çəkisi - 9,2 qr, əyarı 583, sırğa - 2 cüt, çəkisi - 9,2 qr, əyarı - 583 olan qızıl-zinət əşyalarına yönəldilməsi və girov predmetlərinin açıq hərracda satılması, girov predmetlərinin satışından əldə edilmiş vəsaitinin hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsi, İddiaçı ASC-yə olan borc ödənildikdən sonra qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh qaytarılması, qızıl-zinət əşyalarının satışından əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh ümumi qaydada tutulması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 276.1, 280.1, 295, 296.1, 297, 298.2, 298.3, 385.1, 386.1, 442, 443.1, 445.1, 448, 448.2, 427.3, 449.1, 741, 739.1, 739.2-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)-3472/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri:
13. Məhkəmənin qətnaməsi əsassız və qanunsuz olduğuna görə razılaşmır və bildirmək istəyir ki, o, pandemiya şəraiti ilə bağlı olaraq iddiaçıya olan borcunu tam ödəyə bilməmişdir. Buna baxmayaraq iddiaçı ona münasibətdə hər hansı bir güzəştə getməmiş və tərəfindən ödənilən pulları faiz borcuna çıxmışdır. Məhkəmə kredit ödəməsinin hansı səbəblər üzündən gecikməsini və real kredit borcunun məbləgini araşdırmamışdır. Birinci instansiya məhkəməsi işə baxarkən MPM-nin tələbləri pozulmuş, hazırki vəziyyətə əsas borcun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmiş və tələb olunan məbləğlə bağlı yalnız iddiaçının verdiyi məlumata istinad olunmaqla qətnamə çıxarilmışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
16. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiç etdi. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.
19. Maddə 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır.
20. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
21. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.
22. Maddə 297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.
26. Maddə 421.2.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
30. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
32. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
41. Belə ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 12 iyul 2021 il tarixli, 200840-683458/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən cavabdehə illik 29 faiz dərəcəsi ilə 5131,64 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında həmin tarixdə bağlanmış saxlanc girovu müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq qızıl-zinət əşyaları girov qoyulmuşdur.
42. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması və tələbin girov qoyulmuş əşyalara yönəldilməsi ilə çıxış etməkdə haqlı olmuşdur.
43. Cavabdehin kredit borcu işdə olan sübutlarla və maliyyə arayışı ilə təsdiqini tapır.
44. Cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bur sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir.
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
49. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)-3472/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.