Məhkəmə qərarları › İş №2(105)-2155/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2155/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2155/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1221/2018 saylı, 30 yanvar 2018-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1221/2018 saylı, 30 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Əliyev) iddianın təmin edilməsi, Cavabdeh 65.000 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh İddiaçı kredit müqailəsi əsasında borc aldığı 115.000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə dostluq əlaqələri olmuşdur. Bu yaxınlıq münasibətində Cavabdeh iddiaçıdan birinci dəfə 01 mart 2014-cü il tarixli kredit müqaviləsi əsasında 65.000 manat, ikinci dəfə 15 noyabr 2016-cı il tarixli kredit müqaviləsi əsasında 50.000 manat məbləğində borc pul almış, həmin pulu bu günə kimi qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən borc aldığı pulu tələb etmiş, lakin cavabdeh müxtəlif axtlarda həmin pulu qaytaracağına söz versə də qaytarmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 1221/2018 saylı, 30.01.2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunması və iş üzrə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsi tərəfindən mülki işə baxılarkən çəkişmə prinsipi pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırılmamış, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməklə qətnamə qəbul olunmuşdur. İddiaçı ilə onun arasında 15.11.2012-ci il tarixdə kredit müqaviləsi bağlanmış və iddiaçı ona 50.000 manat kredit vermişdir. 2013-cü ildə ona olan 50.000 manat borcu tam şəkildə ödəmiş, 2015-ci il tarixdə İddiaçıla aralarında bağlanmş kredit müqaviləsi tam formal olaraq görüntü üçün bağlanmış, əslində ona 65.000 manat borc İddiaçı tərəfindən verilməmişdir. 11.03.2015-ci il tarixli kredit müqaviləsi uydurma əqddir, əqd görünüş üçün bağlanmışdır, lakin İddiaçı ona pul veməmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə edilmiş 01 mart 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 1 il müddətinə, 11.03.2015-ci il tarixinədək qaytarmaq şərti ilə aylıq 3% ödəmək şərtilə 65.000 manat kredit vermişdir. Yenə iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış 15.11.2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 5 ay müddətinə 15.04.2013-cü il tarixədək qaytarmaq şərti ilə 50.000 manat pulu nağd şəkildə borc vermişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunmamış hissəsinin iddiaçı tərəfindən mübahisələndirilməməsini, cavabdehin apellyasiya şikayətinin dəlillərinin qətnamənin iddianın qismən təmin olunmuş hissəsinin ləğv edilməsinə yönəldiyini və mübahisə predmetinin bölünməz olmamasını nəzərə alıb, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, yəni cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1221/2018 saylı, 30 yanvar 2018-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibtdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsindən müəyyən olunur ki, məhkəmə iddia tələblərinin qismən əsaslılığı qənaətinə gələrkən, iddiaçının izahatına, iş materiallarında olan və notarial qaydada təsdiq olunmuş 01 mart 2014-cü il tarixli kredit müqaviləsinə istinad edərək tərəflər arasında kredit münasibətlərinin olmasının, kredit müqaviləsinin şərtlərinə uyun olaraq iddiaçının cavabdehə 65000 manat məbləğində borc verməsinə dair öhdəliyini yerinə yetirməsinin, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış borc müqaviləsi ilə üzrinə götürdüyü öhdəliyi, yəni iddaçıya borclu qaldığı 65000 manat məbləğində pulun qaytarılmasına dair hər hansı bir mötəbər sübut təqdim olnmadığından iddia tələbini qeyd olunan məbləğə münasibətdə əsaslı sayıb təmin olunmasına dair yekun nəticəyə gəlmiş və tərəflər arasında olan mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1 və 739.1-ci maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 -ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi qeyd olunan maddi hüquq normalarının tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı,digər tərəfdən isə Cavabdeh olmaqla 01 mart 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehin iddiaçı qarşısında vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İş materialları ilə müəyyən olunur ki, borclu Cavabdeh 01 mart 2014-cü il tarixli kredit müqaviləsinə əsasən müəyyən olunmuş öhdəliyini yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur, yəni 65000 manat pulu müəyyən edilmiş vaxtda İddiaçı qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası belə hesab edir ki, iş materialları ilə cavabdeh Cavabdeh 01 mart 2014-cü il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüy öhdəliyi yerinə yetirməməsi sübuta yeririldiyindən birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin olunmasına dair gəldiyi nəticəsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cavabdeh apellyasiya şikayətinin İddiaçı ilə 2015-i il tarixdə aralarında bağlanmş kredit müqaviləsinin tam formal olaraq görüntü üçün bağlanması, əslində ona 65.000 manat borcun İddiaçı tərəfindən verilməməsinə dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər formal mülahizə xarakterli və iddiaçı tərəfindən təqdim olunmuş kredit müqaviləsi ilə təkzib olunan dəlillər olmaqla apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv olunması üçün hüquqi əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçıya olan borcunu tam şəkildə ödəməsinə dair dəlillərini konkret hüquqi əsası olmayan subyektiv mülahizə xarakterli dəlillər kimi qiymətləndirir. Daha öncə qeyd edildiyi kimi Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi, həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan prosessual hüquq normalarına əsasən hesab edir ki, iddia tələblərinə etirazının əsası kimi istinad edilən halları, yəni 65000 manat məbləğində pulu iddiaçıya qaytarmasını sübut etmək vəzifəsi cavabdehin vəzifəsi olduğundan və 65000 manat məbləğində pulun iddiaçıya qaytarılması cavabdeh tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla təsdiq olunmadığından, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən borc müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi və həmin əsaslarla da iddianın həmin məbləğə münasibətdə təmin olunmasına dair gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki mübahisə birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi nəzərindən və mahiyyəti üzrə düzgün həll olunduğundan, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən və apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizə xarakteri daşıdığından apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur və ona görə də apellyasiya şikayəti təmin edilməməli, hazırki mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1221/2018 saylı, 30 yanvar 2018-ci il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1221/2018 saylı, 30 yanvar 2018-ci il tarixli qətnaməsi cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar