Məhkəmə qərarları › İş №2(105)-2155/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2155/2022

13.12.2022 · Müqavilələrin bağlanması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2155/2022 13.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı Əlpənah oğlunun, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızının iştirakı ilə, İddiaçı Əlpənah oğlunun cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(027)-123/2022 nömrəli qətnaməsindən İddiaçı Əlpənah oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Komplensinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(027)-123/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinin, Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlaka dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi hissəsinə, mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilmiş, İddiaçı cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinin, cavabdeh X16 və onun ailə üzvlərinə verilmiş JN-22T KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X36 əsasən Cavabdeh1, X11, X17 və X7 mülkiyyətinə Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq sahəsinin və üzərində köhnə tikili olan mənzilin cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi təmin edilməmişdir (hakim İlqar Məmmədov) Qətnamədən İddiaçı Əlpənah oğlu apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbini təmin edən yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdeh X16 və onun ailə üzvlərinə verilmiş JN-22T KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X36 əsasər Cavabdeh1, X11, X12 və X7 mülkiyyətində olan Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar həyətyanı torpaq sahəsi və üzərində köhnə tikili olan evə dair cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması, daşınmaz əmlaka dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, yaşadığı Quba rayonun Aşağı-Xuc kəndində eyni kənd sakini X16 və onun ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 3,34 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi bağ və əkin hissəsindən ibarət olmaqla iki ayrı yerdə yerləşir. Təxminən 1998-ci il tarixdə torpaq islahatından öncə ümumi sahəsi 3.34 ha olan torpaq sahəsinin 1,2680.54 ha bağ sahəsi hissəsi yanğın nəticəsində alma ağacları ilə birgə tamamilə yararsız vəziyyətə düşmüşdür. Həmin sözügedən torpaq sahəsi X23 və onun ailə üzvlərinin adına təhkim edilməsindən öncə artıq torpaq sahəsi yararsız vəziyyətdə olmuş, 2000-ci il tarixdə əvvəldən tanıdığı X23 ilə söhbət zamanı 3.34 ha torpaq sahəsini və əlavə olaraq yaşadığı mənzillə birgə sataraq Bakı şəhərində ev alaraq orada yaşayacağını bildirmişdir. Bir neçə gün keçdikdən sonra həmin torpaq sahələrini və yaşayış evini almaq qərarına gəlmiş, ilkin olaraq X23 ilə aralarında alqı-satqı razılaşması olan vaxt ödəniləcək məbləğin çox hissəsini ona verməklə aralarında qalan qalıq 3450 dollar borcu 2000-ci ilin sonuna qədər ödəniş edəcəyi barədə razılığa gəlmişlər. Bundan sonra ilkin olaraq cavabdeh X23 və onun ailə üzvlərinin iştirakı ilə xx.xx.2000-ci il tarixdə Quba rayon X24 inzibati binasında pulun bir qisminin ödəniş etməklə 3.34 ha bağ və əkin sahəsini ona satmaları barədə akt tərtib olunmuşdur. Bununla yanaşı pulun bir hissəsini də xx.xx.2000-ci il tarixdə qarşı tərəfə ödəniş etməklə qarşılığında ona məxsus həyətyanı torpaq sahəsini və üzərində olan köhnə tikili evi ona satmaları barədə Bələdiyyənin inzibati binasında cavabdeh X23 və onun ailə üzvlərinin iştirakı ilə akt tərtib olunmuşdur. Bildirir ki, iş üzrə iddiaçılara olan 3450 dollar borcu 2000-ci il tarixdə tam şəkildə ödənişin etməklə qarşı tərəfə heç bir borcu qalmamışdır. Bununla yanaşı 3.34 ha torpaq sahəsinə aid olan JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X33 əsli ona təqdim olunmuşdur. 1998-ci il tarixdə torpaq islahatından öncə ümumi sahəsi 3.34 ha olan torpaq sahəsinin 1,2680.54 ha hissəsi yanğın nəticəsində alma ağacları ilə birgə torpaq sahəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən bir-neçə dəfə bağ salmaq məqsədi ilə meyvə ağacları əkməyinə baxmayaraq ağaclar qurumuşdur. Bu səbəbdən bir neçə il fasilə verdikdən sonra yenidən 2014-cü tarixdə təxminən 300 ədəd gilas ağacı əkib. Həmin tarixdən bu vaxta kimi maddi xərc çəkərək əsil bağ sahəsi yaratmışdır. Artıq həmin torpaq sahələri iyirmi bir ildir ki, onun istifadəsindədir və gələn il həmin ağacların meyvə gətirəcəyini ümüdlə gözləyir. Cavabdehlərin bu illər ərzində həmin torpaq sahələri ilə əlaqədar heç bir pretenziyaları olmamış, ümumiyyətlə onlarla heç rastlaşmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmənin qət etdiyi qətnamə qeyri-obyektiv olmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə məhkəmə qərarında göstərilmiş nəticə işin faktiki hallarına uyğun deyildir. İşə baxılarkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyindən irəli gələn maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmaq olmaz. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə məhkəmə iclasında araşdırılmış və iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tam təkzib edilir. Birinci instansiya məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi xüsusatla, yəni alqı-satqının baş tutduğu 2000-ci ildə mərhum Yaqub Yaqubovun övladlarından hazırki iş üzrə cavabdeh Ulubəyova (Yaquboa) Xatirə Yaqub qızının 17, Cavabdeh3 14 yaşlarında olması və onların yetkinlik yaşına çatmadığı halda qanunvericiliyin tələblərinə uyğun hüquq müəyyənedici sənədləri imzaları ilə təsdiq etmək hüquqlarının olmadığı barədə göstərdikləri ilə razılaşmaq olmaz. Belə ki, onlar yetkinlik yaşına çatmasalar da, valideynlərinin iştirakı ilə və öz razılıqları ilə həmin sənədləri imzaladıqlarına görə bu əməliyyatda heç bir qanun pozuntusu yoxdur. Sözügedən əqd notarial qaydada təsdiq olunmuş olsaydı belə, həmin şəxslər valideylərinin iştirakı ilə əqdi imzalamalı idilər. Ona görə də həmin xüsusat iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Göstərilənlərdən əlavə qeyd olunmalıdır ki, cavabdehlərin iddiaçıya qarşı daşınmaz əmlakla bağlı irəli sürdükləri tələblər üzrə iddia müddəti heç bir üzrlü səbəblər olmadan ötürülmüşdür Göstərilənlərə əsasən hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tam təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsivəkili Vəkil2 apellyasiya şikayətin müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə etdi ki, mübahisənin razılıq yolu ilə həll edilməsi ilə əlaqdədar qarşı tərəfə halallıq üçün 5 min manat təklif etmiş, lakin onlar bununla razı olmamışlar. Torpaq sahəsinin pulunu bir dəfəyə ödəməyə pulu çatmamış, qalan borcu da sonradan vermişdir. Qalan 3450 dollar borcu verməyinə dair hər hansı sənəd yoxdur. Torpaq sahəsi əvvəldən bağ deyildi, yanmış ərazi idi, özü təmizləyib gilas bağı salmışdır. Qarşı tərəf indiyə qədər bir dəfə də olsun torpaq sahəsinə dair ona hər hansı söz deməyib. İddiaçının nümayəndəsi-vəkili Vəkil2 əlavə olaraq bildirdi ki, iddiaçının mübahisəli torpaq sahəsini almasını o fakt təsdiq edir ki, həmin torpaq sahəsinin təmənnasız və ömürlük İddiaçı verilməsinə dair sənəd var. Torpaq sahəsinin alınmasına İddiaçı həmin dövrdə mövcud olan valyutaya əsasən 13 milyon AZM ödəmişdir. İddiaçı qalan borcu 2000-ci ilin sonuna kimi ödəməyi öhdəsinə götürmüş və həmin borcunu da ödəmişdir. Əgər ödəməsəydi 22 il ərzində bununla bağlı qarşı tərəf məhkəməyə müraciət edərdi. Qalıq borc evlə bağlı deyil, torpaq sahəsinin alınması ilə bağlı olmuşdur. Tərəflər arasında əqd baş tutmasaydı dövlət aktı verilməzdi. Həmin dövrdə “alqı-satqı” sözünü sənədə yaza bilməzdilər. Belə ki, torpağı satmaq mümkün deyildi, bu məsələlər yalnız bələdiyyə yolu ilə həll olunurdu. İddiaçı verdiyi pul hesabına cavabdehlər Bakıda ev almışlar. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı və digər Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək qətnamənin qüvvədə saxlanılmasını xahiş etdilər. Nümayəndə-Vəkil1 əlavə etdi ki, iddiaçının mübahisənin barışıq yolla həll edilməsi üçün təklif etdiyi 5000 manatı ağlabatan hesab etmir. Belə ki, Qubada boş torpaq sahəsinin hektarı 25-30 min manatdır. Hazırda isə söhbət gilas bağından gedir. İşin mahiyyətinə gəldikdə qeyd edir ki, cavabdehlər evi sataraq yaşamaq üçün Bakı şəhərinə köçmüşlər. Onların köçməsi mülkiyyət hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin tələbinə əsasən torpaq sahəsinə 30 il ərzində faktiki sahiblik etmiş şəxs həmin torpaq sahəsinin mülkiyyətçisi ola bilər. Hazırda isə söhbət 5-6 ildən gedir. Torpaq sahəsi həmin ailənin daimi isitfadəsinə verilmişdir. Kənd təsərrüfatlı torpaq sahəsini pərdələmək üçün həmin ailə hazırki iddiada evin də alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini tələb etmişdir. Amma 26 avqust 2000-ci il tarixdə evlə bağlı alqı-satqı müqaviləsi var, həmin müqaviləni AR Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin arxivindən götürmüşlər. Halbuki, bu sənədi üzə çıxarmırdılar. İddiaçı həmin evi gedib öz adına keçirə bilər, amma torpaq sahəsinə dair xx.xx.2000-ci il tarixdə bağlanan akt var ki, burada söhbət təmənnasız istifadədən gedir, satılmasından yox. xx.xx.2000-ci il tarixli aktda isə evin alqısatqısından qalmış 3450 dollar borcun 2000-ci ilin sonuna qədər ödənilməsinə dair öhdəlik müəyyən olunmuşdur. İddiaçı torpaq sahəsini alması ilə bağlı Quba Rayon Məhkəməsinə heç bir dəlil, sübut təqdim edə bilməmişdir. Aktda göstərilir ki, torpaq sahəsi İddiaçı həvalə edilir. Orada alqı-satqı ilə bağlı hər hansı müddəa yoxdur. Cavabdeh Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı əlavə olaraq bildirdi ki, 2000-ci ildə atası mübahisəli torpaq sahəsində yerləşən evi iddiaçıya satmışdır, bu faktı danmırlar, lakin torpağa gəlincə isə, atası torpağı İddiaçı təmənasız istifadəyə vermişdir. İddiaçı isə orda özünə bağ salmışdır, həmin torpaqdan qanunsuz olaraq istifadə edib gəlir əldə edir. Hesab edir ki, həm iddia, həmdəki apellyasiya şikayəti əsassızdır. İddiaçı atasından yalnız evi almışıdır, atası ona torpağı satmamışdır. Atası xəstə olduğundan bağa baxa bilmirdi deyə İddiaçı torpağı təmənnasız vermişdir ki, bağa baxsın. İddiaçı qanunsuz şəkildə torpağı mənimsəmişdir. Evi satdıqlarını danmırlar, evi sataraq pulunu almışlar. İddiaçı mülkiyyətçidən icazəsiz orada bağ salmışdır. Özünün də qeyd etdiyi kimi, ora yanan bağ ərazisi olmamışdır. İş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və nümayəndənin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X29 görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə Quba rayonun Aşağı-Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 3,34 hektar torpaq sahəsi Quba rayonu Aşağı-Xuc kənd sakinləri X16 və onun ailə üzvləri- Cavabdeh1, X11, X12 və X7 mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş xx.xx.2000-ci il tarixdə Quba rayon X24 inzibati binasında Quba rayonu Aşağı-Xuc kənd sakinləri Yaqubov Yaqub, İddiaçı, bələdiyyə üzvləri, Əliyev Fuad, Kamilov Etibar, Pirməmmədov İsa, Adgözəlov Əlyar və Şükürov Mövlan tərəfindən tərtib edilmiş aktdan məlum olur ki, həmin akta əsasən X23 JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X36 əsasən 20715.36 kv.m əkin, 12680.54 kv.m bağ sahəsini ailə üzvlərinin razılığı ilə istifadə etməyə imkanı olmadığı üçün Aşağı Xuc kənd sakini İddiaçı daimi istifadə etmək üçün həvalə edir. Aktın doğruluğu iştirakçıların imzalarıyla imzalanmış və bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Yenə işə əlavə edilmiş xx.xx.2000-ci il tarixli əl yazma ərizədən görünür ki, Quba rayonu Aşağı-Xuc kənd sakini X23 özünə və ailə üzvlərinə məxsus JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X36 əsasən 20715.36 kvm əkin, 12680.54 kvm bağ sahəsini uzun müddət istifadə etmək imkanı olmadığından, İddiaçı təmənnasız, həmişəlik istifadə etmək üçün həvalə edir. Ərizəni ailə üzvləri imzaları ilə təsdiq etmişlər. Mülki işdə olan notarial qaydada təsdiq edilmiş xx.xx.2000-ci il tarixli müqavilənin surətindən görünür ki, X23 ona məxsus olan Quba rayon Aşağı Xuc kəndində yerləşən iki mərtəbəli ümumi sahəsi 123.3 kv.metr olan yaşayış evini İddiaçı 13000000 AZM satmışdır. Yenə iş materiallarında olan AZ-İİ 109139 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2012-ci ildə ölmüş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 922 nömrə ilə qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə Cavabdeh1 məxsusdur. O, xx.xx.1955-ci il tarixində doğulmuşdur. İş materiallarında olan İİİ-ЖГ seriya və nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 X23 ilə nikaha daxil olmuş və “Yaqubova” soyadını qəbul etmişdir. Yenə iş materiallarında olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə X5 məxsusdur. O xx.xx.1982-ci il tarixində doğulub. İş materiallarında olan AZ-İ 246932 seriya və nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Abuzər Tahir oğlu ilə nikaha daxil olmuş və “Bədəlova” soyadını qəbul etmişdir. Mülki işdə olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə X8 məxsusdur. O xx.xx.1986-cı il tarixində doğulmuşdur. Mülki işə əlavə edilmiş AZ-İ 318857 seriya və nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Rüstəm İsmixan oğlu ilə nikaha daxil olmuş və “Məmmədova” soyadını qəbul etmişdir. Yenə mülki işə əlavə edilmiş AZE 18404867 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə X4 məxsusdur. O, xx.xx.1983-cü il tarixində doğulmuşdur. İş materiallarında olan AZ-İ 498901 seriya və nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Anar Vahid oğlu ilə nikaha daxil olmuş və “Ulubəyova” soyadını qəbul etmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, JN-221 KOD 30327058 nömrəli Torpağa Mülkiyyət Hüququna X36 əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə Quba rayonu Aşağı Xuc kəndində yerləşən 3,34 ha torpaq sahəsi X23, Cavabdeh1, X11, X12 və X7 mülkiyyətinə verilmişdir. xx.xx.2000-ci il tarixdə Quba rayon X24 inzibati binasında cavabdeh X23 və onun ailə üzvləri tərəfindən 3.34 ha bağ və əkin sahəsinin İddiaçı daimi istifadə etmək üçün həvalə edilməsi barədə akt tərtib olunmuşdur. İddiaçı istifadəsinə verilmiş torpaq sahəsində əkin işləri apararaq gilas bağı salmışdır. Hazırda cavabdehlər akt əsasında iddiaçının istifadəsinə verdikləri torpaq sahəsini geri istədiklərindən iddiaçı müvafiq torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia qaldırmışdır. Yaranmış mübahisəni birinci instansiya məhkəməsi yuxarıdakı qaydada həll etmişdir. Narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, işə baxan birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək eyni qətnamə ilə iddia tələbinin bir hissəsinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam vermiş, digər hissədə isə iddia tələbini rədd etmişdir. Halbuki, iddianın əsasını təşkil edən alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair tələbin rədd edilməsi ilə ondan doğan ikinci tələb öz əhəmiyyətini itirdiyindən əlavə olaraq həmin hissədə iddia tələbinə xitam verməyə zərurət də qalmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlsə də, işin faktiki hallarına uyğun maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə iddianı rədd edərkən mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, yəni tərəflər arasında mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olan Mülki Məcəllənin normaları əvəzinə, 01 sentyabr 2000-ci il tarixdən sonra qüvvəyə minmiş, yəni hüquq münasibətlərinin yarandığı zaman mövcud olmayan Mülki Məcəllənin maddələrinə istinad etmişdir ki, bu da MPM-nin 217.2-ci maddəsinə tamamilə ziddir. Belə ki, AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tələbin əsası kimi torpaq sahəsinin istifadəyə verilməsinə dair 04 aprel 2000-ci il tarixli akta istinad edir. Göründüyü kimi, akt 04 aprel 2000ci il tarixdə tərtib olunmuş və tərərlər arasında hüquq münasibətləri həmin tarixdən yaranmışdır. Beləliklə, onlar arasında hüquq münasibətləri bu tarixdə yarandığı üçün mübahisə həmin vaxt qüvvədə olan Mülki Məcəllənin normalarına uyğun həll edilməlidir. Əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını müəyyən edən 2000-ci il sentyabr ayınadək qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Həmin maddənin İİ hissəsində isə qeyd olunur ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. 25 iyun 1999-cu il tarixdən qüvvədə olan AR Torpaq Məcəlləsinin torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsaslarını müəyyən edən 56-cı maddəsinin 9-cu bəndinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının istinad etdiyi xx.xx.2000-ci il tarixdə Quba rayon X24 inzibati binasında tərtib edilmiş aktdan və xx.xx.2000-ci il tarixli ərizədən görünür ki, cavabdehlər və mərhum X23 onlara məxsus 3.34 ha torpaq sahəsini istifadə etmək imkanları olmadığından İddiaçı daimi istifadə etmək üçün həvalə etmişlər. Başqa sözlə, həmin aktda mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə heç bir razılaşma yoxdur. Beləliklə, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair heç bir razılaşma olmadığından həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia da əsaslı sayıla və təmin edilə bilməz. İddia tərəfinin akt bağlanan dövrdə akta “alqı-satqı” sözünün yazıla bilməməsi, torpaqların özgəninkiləşdirilməsinin mümkün olmaması barədə dəlillərini məhkəmə kolegiyası qəbul etmir. Belə ki, həmin dövrdə də qüvvədə olan Torpaq Məcəlləsinin daha öncə istinad olunan 56-cı maddəsində xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsinin qaydaları müəyyən edilmişdir. Bundan əlavə, işdən göründüyü kimi iddia tələbinin bir hissəsi də cavabdehlərin mərhum ataları, Cavabdeh1 əri Yaqub Yaqubova məxsus fərdi yaşayış evinə dair alqısatqının bağlanmış hesab edilməsi barədədir. Qeyd edildiyi kimi işdə olan notarial qaydada təsdiq edilmiş xx.xx.2000-ci il tarixli müqavilənin surətindən görünür ki, X23 ona məxsus olan Quba rayon Aşağı Xuc kəndində yerləşən iki mərtəbəli ümumi sahəsi 123.3 kv.metr olan yaşayış evini İddiaçı 13000000 AZM satmışdır. Belə olan halda, artıq notarial qaydada bağlanmış müqavilənin yenidən bağlanmış hesab edilməsi tələbi absurddur. Digər tərəfdən həmin müqavilə ilə bir daha sübut olunur ki, tərəflər arasında həqiqətən də mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair razılaşma olsaydı, onda həmin müqavilə də eyni qaydada notarius tərəfindən təsdiq edilmiş olardı. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Yenə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Göründüyü kimi istinad olunan maddi hüquq normalarının əsas ruhu mülkiyyətin müdafiəsinə, ondan sərbəst istifadəyə yönəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər mübahisəli torpaq sahəsinin mülkiyyətçiləridir və onların mülkiyyət hüququ qorunmalıdır. Bununla yanaşı, işin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin özlərinin razılığı ilə mülkiyyətlərində olan torpaq sahəsində iddiaçı tərəfindən xeyli vəsait və əmək sərf edilərək çoxillik əkmələr əkilməsinə şərait yaradılmışdır. Əslində tərtib olunmuş aktın özündən də görünür ki, onlar həmin torpaq sahəsini özlərinin becərmək imkanları olmadığından iddiaçıya daimi istifadə üçün vermişlər. Həmin aktda istifadə hüququ hər hansı müddətlə məhdudlaşdırlmamışdır. Belə olan halda iddiaçı tərəfindən həmin sahədə bağ salınması təbidir. Doğrudur, mübahisəli torpaq sahəsinə dair tərəflər arasında bağlanmış əqd qanunvericiliyin tələblərinə cavab verməsə də, hər bir halda bu razılaşma baş tutmuşdur və cavabdehlərin özləri də bu faktı inkar etmirlər. Buna görə də, məhkəmə kollegiyası iddiaçı Məzahir Qonqova izah edir ki, hazırkı iş üzrə onun iddiasının rədd edilməsi, iddiaçının cavabdehlərə qarşı mübahisəli torpaq sahəsinin yararlı hala gətirməsi, orada artıq məhsul vermək üzrə olan bağ sahəsi salması ilə bağlı çəkdiyi xərcin qaytarılması və zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə kollegiyasının qənaətinə görə hər bir halda qeyd edilən səbəblərdən cavabdehlərin iddiaçı qarşısında öhdəliyinin yaranması inkar edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyrimaddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məcəllənin 14.2-ci maddəsinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: (14.2.1.) Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. (14.2.2.) Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. (14.2.3.) Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. (14.2.4.) Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. (14.2.5.) Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. (14.2.6.) Başqa şəxsə zərər vurulması. (14.2.7.) Əsassız varlanma. (14.2.8.) Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yenə həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə də həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eyni Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalanan halları nəzərə alaraq kollegiya hesab edir ki, daha öncə qeyd olunduğu kimi mübahisəli bağ sahəsi cavabdehlər tərəfindən onun daimi istifadəsinə verildiyi üçün iddiaçı tərəfindən həmin torpaq sahəsinə çəkilmiş xərclər cavabdehlərin öhdəliyi kimi qəbul edilməlidir. Bu səbəbdən də, yuxarıda sadalanan maddi hüquq normalarına əsasən mübahisəli torpaq sahəsində xeyli vəsait və əmək sərf edilməklə əkilmiş çoxillik ağaclardan gözlənilən gəlirdən məhrum olması, eləcə də cavabdehlərin qeyd olunan səbəbdən əsassız varlanması iddiaçıya onlara qarşı tələb irəli sürmək hüquq verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən, iddia ərizəsinin, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(027)-123/2022 nömrəli qətnaməsi ləğv olunsun. Yeni qətnamə qəbul edilsin. İddia təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar