Məhkəmə qərarları › İş №2(105)-2156/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2156/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2156/2021 14.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, tələbkar “Bank of Baku” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3, Borclu1 nümayəndəsi və vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(060)-1863/2017 saylı qərardadından Borclu1 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(060)-1863/2017 saylı qərardadı ilə (sədrlik edən, hakim Almaz Süleymanova) Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(060)-1863/2017 saylı əmrindən Borclu1 vermiş olduğu etirazın qanunla nəzərdə tutulmuş müddətdə verilmədiyindən geri qaytarılması qərara alınmış, Borclu1 qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Bank of Baku” açıq səhmdar cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək borclular Borclu2 və Borclu1 oğlundan cəmiyyətin xeyrinə 11532,9 ABŞ dolları əsas və 3437,77 ABŞ dolları faiz borcunun, cəmi 14970,67 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2017-ci tarixli, 2(060)-1863/2017 saylı məhkəmə əmri ilə Borclu2 və Borclu1 müştərək qaydada “Bank of Baku” açıq səhmdar cəmiyyətinin xeyrinə 11532,9 ABŞ dolları əsas və 3437,77 ABŞ dolları faiz borcu, cəmi 14970,67 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumu tutulmuşdur. 18 fevral 2021-ci il tarixdə Borclu1 nümayəndəsi və vəkili X6 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə əmrinin surətinin rəsmi qaydada onlara göndərilməsini xahiş etmişdir. 25 fevral 2021-ci il tarixdə Borclu1 nümayəndəsi və vəkili X6 məhkəmə əmrinin surətini almışdır. Borclu1 nümayəndəsi və vəkili X6 etiraz verərək məhkəmə əmrinin ləğv edilib iddia icraatına keçirilməsini xahiş etmiş, etiraz 26 fevral 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin dəftərxanası tərəfindən qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(060)-1863/2017 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(060)-1863/2017 saylı əmrindən Borclu1 vəkili və nümayəndəsi X6 tərəfindən verilmiş etiraz geri qaytarılmışdır. Həmin məhkəmə əmrinə Borclu1 etirazı 05 aprel 2021-ci il tarixdə rabitə orqanına verilmiş, 08 aprel 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş, Sumqayıt Şəhər Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(060)-1863/2017 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(060)-1863/2017 saylı əmrindən Borclu1 vermiş olduğu etiraz qanunla nəzərdə tutulmuş müddətdə verilmədiyindən geri qaytarılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Borclu1 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əmrini 25 fevral 2021-ci il tarixdə əldə etdiyi andan 25 fevral 2021-ci il tarixdə vəkili tərəfindən həmin məhkəmə əmrinə etiraz verilmişdir, lakin vəkilinin imzalamaq səlahiyyəti olmadığından məhkəmə əmrinə etiraz 27 mart 2021-ci il tarixdə geri qaytarılmışdır. Buna görə də məhkəmə əmrinə etiraza düzəliş edilib 02 aprel 2021-ci il tarixdə onun tərəfindən imzalanmaqla, məhkəməyə göndərilmişdir. Buna görə də o, Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsində göstərilən prosessual müddəti ötürməmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilərək məhkəmə əmrinə etirazın təmin edilib işə iddia icraatı qaydasında baxılması xahiş edilmişdir. Məhkəmə iclasında Borclu1 nümayəndəsi X6 şikayətdə göstərilənlərə uyğun izahat verdi. Tələbkar “Bank of Baku” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X7 məhkəmə iclasında şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Borclular Borclu1 və Borclu2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və borclunun məhkəmə əmrinə etirazına yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi 12 aprel 2021-ci il tarixli qərardadla borclunun məhkəmə əmrinə etirazını geri qaytararkən məhkəmə əmrinin borclunun nümayəndəsi tərəfindən 25 fevral 2021-ci il tarixdə qəbul edilməsinə, etirazın qanunla nəzərdə tutulmuş müddətdə verilmədiyinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işə əlavə edilmiş sənədlərə uyğun deyildir. İşdən görünür ki, 18 fevral 2021-ci il tarixdə Borclu1 nümayəndəsi və vəkili X6 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə əmrinin surətinin rəsmi qaydada onlara göndərilməsini xahiş etmişdir. 25 fevral 2021-ci il tarixdə Borclu1 nümayəndəsi və vəkili X6 məhkəmə əmrinin surətini almış, məhkəmə əmrinə etiraz verərək əmrin ləğv edilib iddia icraatına keçirilməsini xahiş etmiş, etiraz 26 fevral 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin dəftərxanası tərəfindən qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(060)-1863/2017 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(060)-1863/2017 saylı əmrindən Borclu1 vəkili və nümayəndəsi X6 tərəfindən verilmiş etiraz geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi Borclu1 vəkili və nümayəndəsi X6 tərəfindən verilmiş etirazı geri qaytararkən etiraza nümayəndənin səlahiyyətlərini qanunla nəzərdə tutulmuş qaydada təsdiq edən sənədlərin (notariat qaydada təsdiq edilmiş etibarnamə, vəkil orderi) əlavə edilməməsinə, etiraza əlavə edilmiş etibarnamənin notariat qaydada təsdiq edilməməsinə, bununla da etirazın onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış kimi qəbul edilməsinə əsaslanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi X1 olmaması əsası ilə onun məhkəmə əmrinə etirazını geri qaytarmışdır. Birinci instansiya məhkəməsi 12 aprel 2021-ci il tarixli, 2(060)-1863/2017 saylı qərardadla Borclu1 məhkəmə əmrinə etirazını geri qaytararkən isə məhkəmə əmrinin borclunun nümayəndəsi tərəfindən 25 fevral 2021-ci il tarixdə qəbul edilməsinə, etirazın qanunla nəzərdə tutulmuş müddətdə verilmədiyinə istinad etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, X6 Borclu1 nümayəndəsi olmadığı halda, məhkəmə əmrinin ona hansı əsasla təqdim edilməsi iş materiallarından görünmür. Digər tərəfdən, birinci instansiya məhkəməsi 12 aprel 2021-ci il tarixli qərardadında artıq X5 borclunun nümayəndəsi kimi qəbul edərək 25 fevral 2021-ci il tarixdə məhkəmə əmrinin ona verilməsini göstərmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi 05 mart 2021-ci il tarixli və 12 aprel 2021-ci il tarixli qərardadlarında bir-birinə zidd olan nəticələrə gəlmişdir. İş materiallarının 17-ci vərəqində olan məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(060)-1863/2017 saylı məhkəmə əmrinin surəti məlumat üçün həmin tarixdə Borclu1 göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 281.3-cü maddəsinə görə məhkəmə əmri hakim tərəfindən imzalanır və 3 gün müddətində onun surəti təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir. İş materiallarında məhkəmə əmrinin Borclu1 rəsmi qaydada verilməsini təsdiq edən hər hansı bir sənəd yoxdur. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Göründüyü kimi, birinci instansiya məhkəməsi məhkəmə əmrinə etiraza baxarkən yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə bir-birinə zidd olan qərardadlar qəbul etmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və borclunun məhkəmə əmrinə etirazına yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Etiraza yenidən baxılarkən məhkəmə əmrinin borcluya nə vaxt rəsmi qaydada təqdim olunması, məhkəmə əmrinə etirazın vaxtında verilib-verilməməsi araşdırılmalı və nəticəsindən asılı olaraq müvafiq qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 397-398ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu1 şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(060)-1863/2017 saylı qərardadı ləğv edilsin. Borclu1 məhkəmə əmrinə etirazına yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar