Məhkəmə qərarları › İş №2(105)-2157/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2157/2020

05.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2157/2020 05.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-795/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-795/2020 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş alimentin miqdarının artırılması tələbinə dair iddia təmin olunub, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1595/2014 saylı, xx xxxx 2014cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay 160 manat məbləğində müəyyən edilməsi və Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-795/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Nurlan adlı bir uşaları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X3 onun himayəsində saxlanmış və onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 103 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Ödənilən aliment məbləği gündən-günə tələbatları artan uşaqlarının maddi ehtiyaclarını ödəməyə kifayət etmədiyinə görə o, övladlarının saxlanılmasında çətinlik çəkir. Ona görə də, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılb, cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin alıraq birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78, 112-ci maddələrinin və «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, heç bir yerdə işləmir, iş olduqda fəhlə kimi işləyir. Bununla yanaşı himayəsində yaşlı valideyləri vardır, valideyləri işləmir və təqaüd almırlar. Bununla yanaşı həyat yoldaşı ölmüş bacısı və onun himayəsində olan iki azyaşlı uşaq da onun himayəsindədır. Sadalanan hallar onun maddi vəziyətinin yaxşı olmadığını təsdiq edən hallardır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(060)-1595/2014 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında bağlanmış rəsmi nikahın pozulması, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X1 iddiaçının himayəsində saxlanması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 103 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi qət olunmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2012-ci ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Konstıtusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarım saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1595/2014 saylı, xx xxxx 2014cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay 160 manat məbləğində müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, qərarının 8.12-ci bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Plenum qərarına istinadən məhkəmə kollegiyası nəzərə alır ki, hazırki iş üzrə azyaşlı Nurlanın saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği, tərəflər arasında mövcud qətnamə qanuni qüvvəsini aldıqdan sonra artırılmış məbləğlə Cavabdeh tutularaq İddiaçı verilməlidir. Qeyd edilən hal birinci instansiya məhkəməsinin qətnaməsinin formal mülahizəyə görə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Sadalanan hallara və tərəfləri qarşılıqlı münasibətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin cavabdehə münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-795/2020 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Alimentin məbləği mövcud qətnamə qanuni qüvvəsini aldıqdan sonra artırılmış məbləğlə Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar