Məhkəmə qərarları › İş №2(105)-2159/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2159/2021

21.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2159/2021 21.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X10 və X13 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququ tanınmaqla, oradan istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-50/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin 2(059)-50/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh qarşı mənzilə istifadə hüququ tanınmaqla, oradan istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmiş, iddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir (hakim B.R.Ələkbərov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin 2(059)-50/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək birinci instansiya məhkəməsində irəli sürülmüş tələbin Siyəzən şəhəri, S.Vurğun küçəsi, ev 22-də yerləşən fərdi yaşayış binasına onun övlaladı ilə birgə istifadə hüququ tanınmaqla həmin evə köçürülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququ tanınmaqla, oradan istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvana istifadə hüququ tanınmaqla, oradan istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, məhkəmənin qətnaməsi ilə razı deyil. O, Siyəzən şəhəri, S.Vurğun küçəsi, 22 saylı evə gəlin gəlmişdir. Həmin ev hazırda heç kimin deyil. Belə ki, mübahisəli evin mülkiyyətçisi X5 10.10.2010-cu il, X7 isə 03.03.2020-ci il tarixdə vəfat etmişlər. Hesab edir ki, övladı ilə birgə mübahisəli evdən istifadə hüququ tanınmaqla həmin evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayış sahəsindən bərabər istifadə etmək hüququna malikdir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Qeyd etdiyi kimi mübahisəli evin mülkiyyətçiləri vəfat etmişlər. O, hazırkı vaxtda da gəlin köçdüyü evdə övladı ilə yaşamaqla ona məxsus bütün əmlakı, o cümlədən qızılzinyət əşyaları da mübahisəli evdədir, onun və övladının başqa yaşayış yeri yoxdur. Hesab edir ki, öz övladı ilə birgə mübahisəli evdən istifadə hüququ tanınmaqla mübahisəli evə köçürülməyi apellyasiya qaydasında müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini və Siyəzən Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(059)-50/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək və bildirdi ki, mənzildən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbini irəli sürmək üçün şəxsin subyektiv hüququ olmalıdır. Lakin iddiaçının belə hüququ olmadığına görə irəli sürdüyü tələb təmin olunmamışdır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Siyəzən Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(059)-50/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X14 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Siyəzən Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(059)-50/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X15 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Siyəzən Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(059)-50/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X18 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Siyəzən Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(059)-50/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının, cavabdehin və üçüncü şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 2(059)-50/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 23 sentyabr 1962-ci il tarixdə verilmiş 529 saylı şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ünvan 1 ev X6 adına qeydiyyata alınmışdır. İşdə olan keçmiş Dəvəçi rayon Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən 19 fevral 1969-cu il tarixdə, reyestrdə 2/529 nömrə ilə təsdiq edilmiş müqavilənamənin surətindən görünür ki, Siyəzən şəhər sovetinin 17 fevral 1969-cu il tarixli, 1305 nömrəli arayışına əsasən X8 məxsus olan Siyəzən şəhəri, S.Vurğun küçəsindəki 1296 kv.m ölçüdəki torpaq sahəsində yerləşən çiy kərpicdən tikilmiş, üstü torpaqla örtülmüş 14,4 kv.m yaşayış sahəsi olan 1 mərtəbəli, 1 otaqlı 22 saylı ev tədavüldən çıxarılmış valyuta ilə 683 manata X1. İşdə olan torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı 2365A saylı, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə 0,10 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən qeydiyyat şöbəsi tərəfindən 14 aprel 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 429550 saylı və 054427 saylı arayışlardan görünür ki, müvafiq olaraq X5 10 oktyabr 2010-cu il tarixdə, X16 isə 03 mart 2020-ci il tarixdə ölmüşlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 02 mart 2021-ci il tarixli, **********70 saylı məktubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən X6 adına Siyəzən şəhəri ünvanında yerləşən 22 saylı fərdi yaşayış evinə texniki pasport verilsə də sözügedən fərdi yaşayış evi üzərində Cahan Bəydəmirovanın mülkiyyət hüququ qeydiyyata alınmamışdır. İş materiallarıda olan Siyəzən Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(059)- 151/2020 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən rayon qeydiyyat şöbəsində 23 avqust 2016-cı il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 79 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, onların birgə nikahından doğulmuş 30 iyul 2017-ci il təvəllüdlü Ramal anası, İddiaçı himayəsində və yanında saxlanılmış, həmçinin uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 11 iyun 2020-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirinin) dörddə bir hissəsi miqdarında aliment tutulmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollediyasının 21 avqust 2020-ci il tarixli, 2(105)-2308/2020 saylı qətnaməsinin surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində ləğv edilməklə, bu hissədə yeni qətnamə qəbul edilmiş, habelə 30 iyul 2017-ci il təvəllüdlü Ramalın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 23 avqust 2016-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 30 iyul 2017-ci il tarixdə Ramal adlı övladları doğulmuşdur. Bundan başqa 03 sentyabr 2016-cı il tarixdə iddiaçı cavabdehin yaşadığı Siyəzən şəhəri, S.Vurğun küçəsində yerləşən 1 otaq və 1 mərtəbədən ibarət 22 saylı evə gəlin köçmüşdür. Lakin tərəflər arasında münasibətlər kəskinləşdiyindən Siyəzən Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuşdur. Tərəflər arasında nikahın pozulmasına baxmayaraq iddiaçı hazırkı vaxtadək mübahisəli ünvanda yaşamaqda davam edir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 23 sentyabr 1962-ci il tarixdə verilmiş 529 saylı şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən X6 adına qeydiyyata alınmaqla, Siyəzən şəhər sovetinin 17 fevral 1969-cu il tarixli, 1305 saylı arayışı əsasında sonuncuya məxsus olmuş mübahisəli ünvan 19 fevral 1969-cu il tarixdə onun tərəfindən cavabdehin mərhum anası X11 mərhum bibisi (atasının bacısı) X2 da sonuncu öz hüququndan istifadə edərək mövcud tikilini adına qeydiyyata aldırmamışdır. Buna baxmayaraq mübahisəli tikilinin yerləşdiyi 0,10 ha torpaq sahəsi 03 may 2006-cı il tarixdə Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə mərhum Seyran Hüseynovanın mülkiyyətinə verilmişdir. Bundan əlavə X5 10 oktyabr 2010-cu il tarixdə öldükdən sonra onun öldüyü məqamadək malik olduğu miras aktivinin istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr tərəfindən qəbul edilməsi halı müəyyən edilməmişdir. Belə ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni zamanda, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda isə vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Hazırda mərhumdan miras qalmış əmlakın cavabdeh və ya onun ailə üzvləri tərəfindən qəbul edilməsi halı müəyyən edilməməklə yanaşı bunu təsdiq edəcək mötəbər sübut və ya sənəd də məhkəməyə təqdim edilməmişdir. Bundan başqa müəyyən edilmişdir ki, cavabdeh və onun tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 03 sentyabr 2016-cı il tarixdən etibarən İddiaçı onlarla birlikdə mübahisəli fərdi yaşayış evində müvəqqəti yaşamaq imkanı versələr də iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun mövcud olması barədə hər hansı hüquqi əsas aşkar edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, İddiaçı mərhum Seyran Hüseynovanın adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Siyəzən şəhəri, S.Vurğun küçəsindəki 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 14,4 kv. metrdən ibarət 22 saylı fərdi yaşayış evinə istifadə hüququnun olmadığı müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin İ və İİ hissələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Bundan başqa məhkəmə qeyd etmişdir ki, hazırkı mülki iş üzrə İddiaçı Siyəzən şəhərinin S.Vurğun küçəsindəki 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 14,4 kv. metrdən ibarət 22 saylı xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin 19 fevral 1969-cu il tarixdən sahibi olmuş mərhum Seyran Hüseynovaya münasibətdə Mənzil Məcəlləsinin 30.1-ci maddəsində sadalanan mülkiyyətçinin ailə üzvləri (arvadı, valideynləri, uşaqları və sairə), eləcə də digər qohumlar kateqoriyasına aid olan şəxslərdən deyildir. Bundan əlavə məhkəmə qeyd etmidir ki, hazırkı vaxtda gəlin köçdüyü mübahisəli evdə yaşaması, ona məxsus bütün əmlakın, o cümlədən cehiz və qızıl-zinət əşyalarının da orada olması iddiaçının həmin evə dair istifadə hüququnun yaranması üçün əsas və ya səbəb ola, habelə belə bir hüququn yaranmasına dəlalət edə bilməz. Çünki iddiaçının özü ilə gətirdiyi cehiz əşyalar onun gəlin köçdüyü ünvanda normal şəraitdə yaşamasını təmin edən alət və vasitədir. Yəni iddiaçının istinad etdiyi bu halın özü də iddianın təmini üçün mötəbər sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Belə ki, iddiaçı öz tələbini və apellyasiya şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Apellyantın dəlilləri isə məhkəmə tərəfindən araşdırılaraq qətnamədə hüquqi qiymət verilmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 2(059)-50/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Siyəzən Rayon Məhkəməsinin 2(059)-50/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar