Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-216/2024 17.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə (sonuncu məhkəmə iclasına gəlməmişdir) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4847/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(060)-2343/2021 saylı qətnaməsi ilə Məmmədov Səməd Xəlil oğlunun Cavabdeh1 və Cavabdeh2 qarşı “10.000 manat pul tələbinə dair” iddiası rədd edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 iyun 2021-ci il tarixli, 2(105)-2013/2021 saylı qətnaməsi ilə Məmmədov Səməd Xəlil oğlunun apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(102)-6266/2021 saylı qərarı ilə Məmmədov Səməd Xəlil oğlunun kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə 10.000 ABŞ dollarının tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən 06 may 2014-cü il tarixdə Yaşma bağları ərazisində yerləşən “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş hər biri 600 kv.metr ölçüdə olmaqla 41 və 42 saylı bağ torpaq sahələrini etibarnamə ilə alıb. Həmin bağ torpaq sahələri üçün o, cavabdehlərə Məmmədov Səməd Xəlil oğlunun iştirakı və vasitəçiliyi ilə ümumilikdə 10.000 manat pul ödəyib. Həmin bağ torpaq sahələrini o, özünün və X2 adına alıb və cavabdehlər etibarnaməni onun və X2 adına veriblər. O, həmin bağ torpaq sahələrini alarkən bağ torpaq sahələri 1,5 metr hündürlüyündə mişar daşından hörülmüş hasarın içində olub. . 2018-ci ilin oktyabr ayında həmin bağ torpaq sahələrini özəlləşdirrnək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edərkən məlum olub ki, həmin bağ torpaq sahələri tamamilə başqa şəxslərin adına özəlləşdirilib. Bundan sonra o, Məmmədov Səməd Xəlil oğlunun iştirakı ilə cavabdehlərlə əlaqə saxlayıb bu barədə onlara məlumat verib və onlara bildirib ki, ya məsələni həll edib, ya da onun ödədiyi ümumilikdə 10.000 manat pulu qaytarın. Lakin, bu günədək heç bir nəticə əldə olunmayıb və cavabdehlər onu aldadaraq pulunu mənimsəyiblər. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib və hesab edir ki, cavabdehlərdən müştərək qaydada 10.000 manat pul tutulub ona ödənilməlidir. O, həmin torpaq sahələrini Məmmədov Səməd Xəlil oğlunun iştirakı və vasitəçiliyi ilə aldığı üçün, əvvəl sonuncu cavabdehlərə qarşı pul tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə iddianı rədd edib və belə nəticəyə gəlib ki, Məmmədov Səməd Xəlil oğlunun müvafiq subyektiv hüququ yoxdur. Həmin işə baxılarkən, Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edib və etirazında qeyd edib ki, torpaq sahəsinin alqı-satqısı ilə bağlı onunla 5.800 manata razılığa gəliblər və ondan cəmin 5.800 manat pul alıb. Cavabdeh1 iddianı qismən etiraf edib və onun cavabdehlərə 10.000 manat pul verdiyini Məmmədov Səməd Xəlil oğlu da təsdiq edir.
6. Cavabdehlər iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, etirazlarını belə əsaslandırmışlar ki, iddiaçını ümumiyyətlə tanımırlar və onunla heç bir işləri olmayıb. Bağ sahələrinə dair bildirirlər ki, onlar 1998 və 2000-ci illərdə Yaşma adlanan ərazidə hərəsi 600 kv.metr torpaq sahəsinin sahibi olublar. 2014-cü ildə torpaq sahələrini satmaq istəyiblər və bunun üçün maklerlər Səməd Məmmədov və Zöhrab adlı şəxslə görüşüb bağ sahələrini 5.800 manata satmağa razılığa gəliblər. Bağ sahələrinin özəlləşdirilməsi və öz adlarına həmin torpaq sahələrini sənədləşdirmək üçün üzünü görmədikləri iddiaçıya və onun arvadı X3 adına etibarnamə veriblər. İddiaçının hazırkı tələblə bağlı heç bir hüququ yaranmayıb və onlara qarşı bu iddianı qaldırmağa ümumiyyətlə subyektiv hüququ olmayıb. Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsi ilə Səməd Məmmədovun “pul tələbi barədə” iddiası rədd edilib. Hazırki iddia tələbi ilə bağlı digər Cavabdeh2 həqiqətən Yaşma bağları ərazisində 600 kv.metr bağ sahəsinin sahibi olub və o, 2014-cü ildə bağ sahəsini satmaq istəyib. Bağ sahəsini satmaq üçün maklerlər Səməd Məmmədov və Zöhrab adlı şəxslə görüşüb bağ sahələrini 5.800 manata satmaq barədə razılığa gəliblər. Məmmədov Səməd Xəlil oğlu bağ sahələrini onun tanışları, iddiaçının və onun arvadının adına alacağını deyib, o da Cavabdeh2 ilə onların adlarına etibarnamə veriblər. İddiaçını və onun arvadını onlar görməyiblər. Onlar torpaq sahələrinə qanuni əsaslarla sahib olublar, iddiaçı və onun arvadı X2 adına etibarnamə verdikdə X7 onlara torpaq sahələrinə görə cəmi 5.800 manat pul verib. Sonradan torpaq sahələri ilə bağlı nə baş verdiyindən onlarda məlumatlı olmayıblar. 2021-ci ildək torpaq sahələri ilə bağlı onlara qarşı heç bir iddia tələbi irəli sürülməyib. İddiaçının da hazırda onlara qarşı pul tələbi irəli sürmək hüquq yoxdur.
7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Məmmədov Səməd Xəlil oğlu izahatında göstərib ki, o, Yaşma bağları ərazisində torpaq sahəsinin alqı-satqısı ilə məşğul olur. Cavabdeh1 çoxdan tanıyır, sonuncu özünə məxsus olan torpaq sahəsini satmaq üçün ona müraciət edib. Həmin vaxt İddiaçı torpaq sahəsini satıq almaq istəyib və onlar torpaq sahəsini 10.000 ABŞ dollarına satmaq barədə razılığa gəliblər. Nəticədə İddiaçı torpaq sahəsini almaq üçün ona 10.000 ABŞ dolları pul verib. Bildirib ki, həmin puldan 2.000 manat pulu o, digər maklerlə birlikdə götürüb. Qalan pulu Cavabdeh1, sonuncu isə torpaq sahəsinə dair sənədləri ona verib. Daha sonra, İddiaçı həmin torpaq sahəsini özəlləşdirmək istəyərkən aydın olub ki, torpaq sahəsi başqa şəxsin adınadır. Qeyd edir ki, bu məsələ təxminən 3-4 il bundan əvvəl baş verib, lakin ili dəqiq xatırlamır.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4847/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 İddiaçı xeyrinə 5.800 manat pulun tutulması qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərlə torpaq sahələrinin alqı-satqısı ilə bağlı 2014-cü ildə razılaşsa da, 2018-ci ilin sonlarında həmin torpaq sahələrinin başqa şəxslərin adlarına olduğunu öyrənmişdir. Bundan sonra, torpaq sahələrinin alqı-satqısında vasitəçi kimi iştirak etmiş Məmmədov Səməd Xəlil oğlu tərəfindən ilk dəfə 2019-cu ilin iyun ayında hazırki cavabdehlərə qarşı pulun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunub. Həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra, 2021-ci ilin fevral ayında Məmmədov Səməd Xəlil oğlu yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edib, lakin onun iddianı qaldırmağa subyektiv hüququ olmadığı üçün iddiası Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsi ilə rədd edilib. Həmin qətnamə 29 noyabr 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır.
10. Daha sonra, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edib, ona görə də, hazırki iddia tələbi üzrə üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.
11. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 14.2.7, 373, 377.1, 377.2, 377.3, 375.2, 386.1, 439.4, 1091 və 1092-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 82.4, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(060)-4847/2022 saylı qətnamənin qismən - iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh1 apellyasiya şikayətini etiraz ərizəsi ilə eyni məzmunda əsaslandırıb və əlavə olaraq qeyd edib ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə tərəflər arasında öhdəliyin yaranması barədə hər hansı əqd olmadığı üçün hazırki mübahisə üzrə öhdəliyin yaranmasının əsasını əsassız varlanma təşkil edir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilən pulu əsassız varlanma kimi qiymətləndirib. Belə olan halda iki illik kəsici müddəti ötürdüyü üçün iddiaçının cavabdehə qarşı iddia verməyə subyektiv hüququ yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməlidir.
14. İddiaçı, apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd edib ki, mübahisəli torpaq sahələrinin statusu ilə bağlı Reyestr Xidmətinə sorğu verib və sorğuya verilən cavabdan məlum olub ki, torpaq sahələrinə dair başqa şəxsin adına çıxarışlar var, çıxarışlar da bağçılıq kitabçaları əsasında verilib. Məmmədov Səməd Xəlil oğlu daha öncə cavabdehlərə qarşı iddia qaldırıb, lakin iddiası təmin olunmayıb. Bunun səbəbi isə pulun ona aid olması olub. İddiaçı əlavə olaraq bildirib ki, X1 arvadıdır. Bu səbəbdən pulun hamısı iddiaçı tərəfindən ödənilib. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiyası məhkəməsi) 03 aprel 2023-cü il tarixli, 2(105)-587/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(060)-4847/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Lətifə Məmmədova).
Kassasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh1 (vəkil X10) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2869/2023 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(105)-587/2023 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün məhkəməyə qaytarılması qərara alınmışdır (hakimlər Əhməd Əhmədov (məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev).
18. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1091.1, 1091.2, 1092-ci maddələrinin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etsə də, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq üçün qanunda nəzərdə tutulan müddətin keçməsinə dair Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri üzrə tam, hərtərəfli araşdırma aparmamışdır.
19. 2014-cü ildə tərəflər arasında “Yaşma bağları” ərazisində yerləşən “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş hər birinin sahəsi 600 kv.metr olan 41 və 42 saylı bağ torpaq sahələrinin alqı-satqısına dair razılaşma olmuşdur. Cavabdeh1 42 saylı bağ torpaq sahəsi üzərində sərəncam vermək və sair hərəkətləri etməyə dair 50 il müddətinə, yəni 06 may 2064-cü il tarixədək qüvvədə olmaqla Yelena Lopotetskayanın adına, Cavabdeh2 isə 41 saylı bağ torpaq sahəsi üzərində sərəncam vermək və sair hərəkətləri etməyə dair 50 il müddətinə, yəni 06 may 2064-cü il tarixədək qüvvədə olmaqla İddiaçı adına notarial qaydada təsdiq edilməklə etibarnamələr vermişlər. 2018-ci ilin oktyabr ayında iddiaçı, həmin bağ torpaq sahələrini özəlləşdirmək üçün Reyestr Xidmətinə müraciət edərkən, ona məlum olmuşdur ki, həmin bağ torpaq sahələri başqa şəxslərin adlarına özəlləşdirilmişdir. Bundan sonra, bağ torpaq sahələrinin satın alımasında vasitəçilik etmiş Məmmədov Səməd Xəlil oğlu cavabdehlərə qarşı “10.000 manat pul tələbinə dair” iddia qaldırıb və Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsi ilə onun müvafiq subyektiv hüququ olmadığı üçün iddia rədd edilmişdir. Sonradan, həmin işə apellyasiya və kassasiya qaydasında baxılaraq, Ali Məhkəmənin Mülki kollegiyasının 29 noyabr 2021ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Cavabdeh1 iddiaçıya məxsus sözügedən pul vəsaitini hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanıb, iddiaçı isə öz hüququnun pozulduğunu 2018-ci ilin oktyabr ayında bilib və hazırkı iddia ilə məhkəməyə 04 iyul 2022ci il tarixdə müraciət etmişdir.
21. Ali Məhkəmə qeyd etmişdir ki, iddiaçının sözügedən pul vəsaitini geri tələb etmək üçün hərəkətsiz qalmaması, pulun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə şifahi müraciətlər etməsi, hətta bu barədə əvvəl X5 məhkəmədə iddia qaldırması və sair hallar, iddiaçının Cavabdeh1 əsassız varlanma nəticəsində əldə etdiyi 5.800 manat pul vəsaitini geri qaytarmaq üçün Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan iki illik müddətin keçməməsi anlamına gəlməyə əsas vermir. Çünki, iddiaçının izahatından, iddia ərizəsindən görünür ki, o, hüququnun pozulduğunu 2018-ci ilin oktyabr ayından bilib, hazırki iddia ilə məhkəməyə isə 04 iyul 2022-ci il tarixdə müraciət edib.
22. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən, ilk növbədə iddiaçının öz hüququnun pozulduğunu 2018-ci il oktyabr ayında bildiyi halda, nəyə görə ötən 3 il 9 ay müddət ərzində məhkəməyə müraciət etməməsinin səbəblərini araşdırmalı, iddiaçının irəli sürdüyü halların Mülki Məcəllənin 380, 381-ci maddələrində nəzərdə tutulan iddia müddətinin axımının kəsilməsi üçün əsas olub-olmadığını aydınlaşdırmalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
23. Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(060)-4847/2022 saylı qətnamənin qismən - iddianın təmin olunan hissəsində ləğv ediməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Cavabdeh1 apellyasiya şikayətini etiraz ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə tərəflər arasında öhdəliyin yaranması barədə hər hansı əqd olmadığı üçün hazırki mübahisə üzrə öhdəliyin yaranmasının əsasını əsassız varlanma təşkil edir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilən pulu əsassız varlanma kimi qiymətləndirmişdir. Belə olan halda iki illik kəsici müddəti ötürdüyü üçün iddiaçının cavabdehə qarşı iddia verməyə subyektiv hüququ yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
26. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
27. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
28. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir.
29. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
30. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini əsas götürərək işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
31. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.
32. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
34. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
35. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
36. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
37. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
45. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
46. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
49. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4847/2022 nömrəli qətnaməsinin qismən – iddianın təmin olunan hissəsində ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
50. Bu səbəbdən kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
52. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
53. Qanunvericiliyin tələbini, eləcə də kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
54. Qanunvericiliyin tələbini rəhbər tutan məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tələb iddiaçının torpaq alqı-satqısına dair razılaşma ilə bağlı cavabdeh tərəfə vermiş olduğu pulun qaytarılması barədədir.
55. Hazırkı işin mübahisəsiz hallları ondan ibarətdir ki, 2014-cü ildə tərəflər arasında bağ torpaq sahələrinin alqı-satqısına dair razılaşma olmuşdur. Hazırda iddiaçı cavabdehlərdən həmin bağ torpaq sahələrinə görə verilmiş pulu tələb edir. Həmin razılaşmada vasitəçilik etmiş Məmmədov Səməd Xəlil oğlu cavabdehlərə qarşı 10000 manat pul tələbinə dair iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsi ilə onun müvafiq subyektiv hüququ olmadığı üçün iddia rədd edilmişdir. Sonradan, həmin işə apellyasiya və kassasiya qaydasında baxılaraq, Ali Məhkəmənin Mülki kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
56. Mülki işin araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 sözügedən bağ torpaq sahələrinə görə iddiaçıdan cəmi 5800 manat pul almışdır. Bu hal, işdə iştirak edən şəxslərin izahatları, habelə X5 iddiasına əsasən əvvəlki mülki iş üzrə çıxarılmış məhkəmə aktları ilə müəyyən edilmiş faktlarla da təsdiq olunur. Cavabdehlər isə bağ torpaq sahələrinə qanuni əsaslarla sahib olduqlarını, həmin bağ torpaq sahələrinə görə iddiaçının və arvadı Yelena Lopotetskayanın adına 06 may 2014-cü il tarixli etibarnamələr verdiklərini, X5 onlara bağ torpaq sahələrinə görə cəmi 5800 manat ödədiyini, ötən səkkiz il müddət ərzində iddiaçının onlara qarşı iddia qaldırmamaqla iddia müddətini ötürdüyünü göstərib, mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə vermişlər.
57. Belə olan halda tərəflər arasındakı mülki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.
58. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli,
2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
59. Beləliklə işin hallarından görünür ki, iddiaçı öz hüququnun pozulduğunu 2018-ci ilin oktyabr ayında bilməsinə baxmayaraq, hazırkı iddia ilə məhkəməyə 04 iyul 2022-ci il tarixdə müraciət etmişdir.
60. Belə olan halda, məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, iddiaçının sözügedən pul vəsaitini geri tələb etmək üçün hərəkətsiz qalmaması, pulun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə şifahi müraciətlər etməsi, hətta bu barədə əvvəl X5 məhkəmədə iddia qaldırması və sair hallar, iddiaçının Cavabdeh1 əsassız varlanma nəticəsində əldə etdiyi 5800 manat pul vəsaitini geri qaytarmaq üçün Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan iki illik müddətin keçməməsi anlamına gəlməyə əsas vermir.
61. Kollegiya hesab edir ki, Məmmədov Səməd Xəlil oğlu cavabdehlərə qarşı 10000 manat pul tələbinə dair iddia qaldırması halların Mülki Məcəllənin 380, 381-ci maddələrində nəzərdə tutulan iddia müddətinin axımının kəsilməsi üçün əsas ola bilməz. Odur ki, iddiaçının 3 il 9 ay müddət ərzində məhkəməyə müraciət etməməsi iddiaçının əsassız varlanma üçün nəzərdə tutulan iki illik müddətin keçməsi ilə nəticələnmişdir.
62. Belə ki Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
63. Qeyd olunan normanı nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçının pulun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə şifahi müraciətlər etməsi, Məmmədov Səməd Xəlil oğlunun məhkəmədə iddia qaldırılması qanunvericilik ilə müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi anlamına gəlmədiyindən, hazırkı iş üzrə İddiaçı tərəfindən irəli sürülmüş iddiasının müddətinin axımının kəsilməsinə səbəb ola bilməz.
64. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normasını düzgün tətbiq etməyərək hazırkı iş üzrə iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir.
66. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4847/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.