Məhkəmə qərarları › İş №2(105)-2161/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2161/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2161/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5522/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5522/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair e-2(060)-5522/2023 saylı mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aynur Behbudova) Qərardaddan narazı qalan "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5522/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5522/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. (hakim Günel Tanrıverdiyeva) Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2(060)5522/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair e-2(060)5522/2023 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılıb ki, “iddia ərizəsindən və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisənin predmeti, yəni pul məbləğinin verilməsi sadə qaydada bağlanılmış borc müqaviləsinin xüsusiyyətlərini əks etdirmir. Cavabdehin bildirdiklərinə əsasən (əksi təsdiq olunmur) iddiaçının təsisçisi olduğu kommersiya təşkilatında işlədiyi müddətdə götürdüyü pul məbləği, məhz iddiaçıya məxsus olan fəaliyyətin həyata keçirilməsinə xidmət etmişdir. Odur ki, iddiaçıya məxsus bank əməliyyatlarından məxaric edilməklə pul məbləği verilmişdir. Bütün qeyd olunanlar bu qənaətə gəlməyə əsas verir ki, onlar arasında yaranan mübahisə sahibkarlıq fəaliyyətindən əmələ gələn mübahisə ilə bağlıdır.” Belə hesab edirlər ki, aşağıda qeyd edilən hallara əsasən Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ləğv edilməli, iddia Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Belə ki, 26 iyul 2023-cü il tarixli X4 görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 20 000 manat borc verilmişdir. Bildirir ki, fəaliyyətin sahibkarlıqla əlaqədar olması, yəni iddianın kommersiya məhkəməsinə aidiyyatının olması üçün hər iki tərəfin fəaliyyəti sahibkarlıq çərçivəsində həyata keçirilməlidir. İşin hallarından da görünür ki, "xxxx" MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxsdir və onun götürdüyü borc məbləğinin sahibkarlıq fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Yəni "xxxx" MMC qeyd edilən məbləği Cavabdeh borc verərkən niyyət hər hansı bir sahibkarlıq fəaliyyətini həyata keçirmək olmamış, Cavabdeh da həmin məbləği "xxxx" MMC-dən, sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti ilə deyil, şəxsi məqsədləri üçün almışdır. Qeyd edilənlərdən əlavə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, sahibkarlıq dedikdə, yalnız qanuni yollarla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulur. Yəni bir şəxs sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün ilk əvvəl vergi ödəyicisi kimi qeydiyyata alınmalı (VÖEN almalı), hansı fəaliyyətlə məşğul olacağı müəyyən edilməli, yalnız bundan sonra sahibkarlıq fəaliyyətini həyata keçirməlidir. Bu qaydalara əməl edilməməsi isə cinayət və ya inzibati məsuliyyət yaradır və bu baxımdan bir şəxsin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını sahibkarlıq fəaliyyəti kimi müəyyən edib, ona qarşı yönələn iddianı kommersiya məhkəməsinə yönəldilməsi sadəcə cinayət törətmiş bir şəxsin əməlinə qanuni don geyindirilməsi kimi başa düşülür. Hazırki halda isə Cavabdeh vergi ödəyicisi deyil (VÖEN-i yoxdur), sahibkarlıqla məşğul olması barədə "xxxx" MMC-də hər hansı bir məlumat olmayıb və məhkəmə araşdırması zamanı da onun sahibkarlıq niyyəti ilə iddiaçıdan borc alması müəyyən edilməmişdir. Hətta cavabdeh həmin pul vəsaitini sahibkarlıq fəaliyyəti ilə əlaqədar almasını bildirsə idi belə, bu hal həmin iddianın kommersiya məhkəməsində baxılması üçün əsas ola bilməzdi. Çünki o, qanunsuz sahibkarlıqla məşğul olursa bu zaman onun fəaliyyəti sahibkarlıq fəaliyyəti deyil, cinayət əməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci və Cinayət Məcəlləsinin 192-ci maddələrinin dispozisiyasına əsasən, qanunsuz sahibkarlıq dedikdə aşağıdakı formada göstərilən fəaliyyətlər nəzərdə tutulur: · Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan göstərilən fəaliyyət; · Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan göstərilən fəaliyyət; · Lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə göstərilən fəaliyyət; · Xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi. Bundan əlavə bildirmək istəyir ki, əgər hazırki qərardadda göstərilən mövqe rəhbər tutularsa, yəni iddiaçının sahibkar olması ilə əlaqədar onun sahibkar olmayan fiziki şəxsə qarşı pul tələbi barədə verdiyi iddianın aidiyyatı kommersiya işi kimi müəyyən edilərsə, bu zaman bütün kredit təşkilatlarının və Bankların fiziki şəxslərə qarşı olan iddiaları kommersiya işi hesab edilməlidir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və iddiaçıdan borcu fərdi sahibkar qismində almamışdır. Göründüyü kimi hazırki iş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından bu mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu bənddə qeyd olunmuşdur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Göründüyü kimi hazırki iddiada "xxxx" MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, cavabdeh X1 deyil və onların arasında olan münasibətlər birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyinə görə, onlar iddianı kommersiya məhkəməsinə deyil, Sumqayıt Şəhər Məhkəməsinə vermişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı "xxxx" MMC vergi ödəyicisidir və ********** №-li VÖEN ona məxsusdur. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə müəyyən etmişdir ki, iddia ərizəsindən və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisənin predmeti, yəni pul məbləğinin verilməsi sadə qaydada bağlanılmış borc müqaviləsinin xüsusiyyətlərini əks etdirmir. Cavabdehin bildirdiklərinə əsasən (əksi təsdiq olunmur) iddiaçının təsisçisi olduğu kommersiya təşkilatında işlədiyi müddətdə götürdüyü pul məbləği, məhz iddiaçıya məxsus olan fəaliyyətin həyata keçirilməsinə xidmət etmişdir. Odur ki, iddiaçıya məxsus bank əməliyyatlarından məxaric edilməklə pul məbləği verilmişdir. Bütün qeyd olunanlar bu qənaətə gəlməyə əsas verir ki, onlar arasında yaranan mübahisə sahibkarlıq fəaliyyətindən əmələ gələn mübahisə ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 №-li Qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 19-cu bəndində eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən əsas tələb üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında pul münasibətlərinin sahinbkarlıq fəaliyyəti ilə bağlı yaranmasına dair iş materiallarında hər hansı müqavilə, razılaşma mövcud deyildir. Həmin məbləğin Cavabdeh borc verərkən niyyət hər hansı bir sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün verilməsi iş materiallarında müəyyən edilmir. Sahibkarlıq dedikdə, yalnız qanuni yollarla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulur. Yəni bir şəxs sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün ilk əvvəl vergi ödəyicisi kimi qeydiyyata alınmalı (VÖEN almalı), hansı fəaliyyətlə məşğul olacağı müəyyən edilməli, yalnız bundan sonra sahibkarlıq fəaliyyətini həyata keçirməlidir. Hazırki işdən isə görünür ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı "xxxx" MMC vergi ödəyicisidir və ********** №-li VÖEN ona məxsusdur. Lakin iş materiallarında X2 verg ödəyicisi olması və adına VÖEN olması iş materialları ilə təsdiqini tapmamışdır. Cavabdeh izahatında sahibkarlıq niyyəti ilə iddiaçıdan borc almasını qeyd etsə də, hansı sahibkarlıq fəaliyyəti üçün almasını qeyd etməmiş, bu barədə tərəflər arasında hər hansı razılaşmanın olmasına dair sübutu təqdim etməmişdir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı olması deyil, tərəflər arasında borc münasibətləri, eləcə də əmək münasibətlərinin olması müəyyən edildiyindən işə mülki məhkəmə icraatında baxılmalıdır. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda qeyd edilən əsaslarla işin məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, şikayət təmin edilməli, qərardadı ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5522/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar