Məhkəmə qərarları › İş №2(105)-2162/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2162/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2162/2021 21.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, idiaçı İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-30/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Zəngilan Rayon Məhkəməsinin 2(034)-30/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 5000 (beş min ) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia ərizəsinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim G.K.İmanova). Qətnamədən narazı qalan iddiaçı Məmmədov X7 Rayon Məhkəməsinin 2(034)- 30/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilib həmin hissədə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 Zəngilan Rayon Məhkəməsinin 2(034)- 30/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5000 (beş min ) manat pulun, 337.5 (üç yüz otuz yeddi manat əlli qəpik) manat, 250 (iki yüz əlli) manat məbləğində faiz pulun, 50.000 manat mənəvi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini qeyd edərək bildirdi ki, məhkəmə iddia tələbinin təmin edilməyən hissələrinə münasibətdə göstərir ki, iddiaçı cavabdehdən tələb etdiyi 337.5 manat və 250 manat faiz məbləğinin, 50.000 manat mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmədiyindən iddiaçının iddia tələbi bu hissədə təmin olunmamalıdır. Məhkəmə həmin hissədə iddia tələbini rədd edərkən heç bir əsaslandırma etmədiyi halda, faiz məbləğinin və mənəvi ziyanın tutulması ilə bağlı iddiaçıdan sübut tələb edir. 337.5 manat faiz məbləğinin tutulması tələbi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edilmişdir. Həmin maddədə qeyd edilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Digər faiz məbləği olan 250 manatın tələb edilməsinin hüquqi əsası kimi isə Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad ediİmişdir. Həmin maddədə qeyd edilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmış vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Hər iki faiz məbləğinin tutulması üçün qanunvericilik hər hansı sübut tələb etmədiyi halda və məhkəmə tərəfindən Cavabdeh1 5000 manat pulun tutulması qət edildiyi halda faiz məbləğlərinin tutulması üçün iddiaçıdan sübut tələb edilməsi qanunsuzdur. Mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı isə qeyd olunmalıdır ki, cavabdehlər tərəfindən ona maddi ziyanın vurulması iş materialları ilə öz təsdiqini tapır. Bu qədər vaxt keçməsinə baxmayaraq verilmiş pul geri qaytarılmamışdır. Bu səbəbdən vaxtı getməklə yanaşı əsəbləri də korlanmışdır. Bu işlə bağlı çoxsaylı şikayətlər etmək, polis orqanlarında izahat vermək məcburiyyətində qalmışdır. Hər iki şəxsi cavabdeh qismində cəlb etməyinin məqsədi ondan ibarətdir ki, pul məbləği Cavabdeh1 verilmiş olsa da Cavabdeh2 bütün bu proseslərdə birbaşa yaxından iştirak etmiş, onun Cavabdeh1 pul verməyini israrla təkid etmişdir. Ən azından məhkəmə mənəvi ziyanın hər iki cavabdehdən tutulması barədə qətnamə qəbul etməli idi. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın tutulmaması hissəsi ilə bağlı məhkəmə "Dövlət rüsumu haqqında” qanunun 9.1.20-ci maddəsinə istinad edir. Qeyd edir ki, həmin hissədə məhkəməyə verilən iddialar üzrə məcburi köçkünlərin dövlət rüsumu ödəməkdən azad edildiyi nəzərdə tutulmuşdur. İşə məhkəmədə baxılarkən isə məhkəmə MPM-in 119-cu maddəsinə istinad etməlidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(034)-30/2021 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini qeyd edərək bildirdi ki, 1993cü il tarixdən məcburi köçkün kimi mübahisəli evdə məskunlaşıblar. Həmin mübahisəli torpağı da qeyri-qanuni sənədləşdirmişlər. İddiaçı onlara evdən çıxmaq üçün 5000 manat pul vermiş, lakin o, həmin pula ailəsi üçün daimi yaşayış yeri tapa bilməzdi. 9 gün ailəsi ilə birlikdə çöldə qalmalı olmuş, bü müddət ərzində xəstələnmişlər. Həmin 5000 manat pul da onların müalicəsinə xərcləmişdir. Nəticədə yenə də evsiz qalmışlar, başqa yaşayış yerləri olmadığı üçün həmin evə qayıtmalı olublar. Hazırda da orada yaşayırlar. Daha sonra qeyd edir ki, onun həmin pulu qaytarmağa imkanı yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(034)-30/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının və cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin 20 iyun 2020-ci il tarixli cinayət işin başlanmasının rədd olunması barədə qərarından göründüyü kimi Cavabdeh1 əməlində cinayət tərkibi olmadığına görə onun barəsində Azərbaycan CM-nin 157,182 və 322-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarına əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcələnin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcələnin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən edilmişdir ki, Cavabdeh1 Zəngilan rayonu, Mincivan qəsəbəsindən məcburi köçkün düşdükdən sonra 1993-cü ildən ünvan 1 ünvanda Tikinti Nazirliyinin nəzdində olan obyektdə ailəsi ilə məskunlaşmışdır. Sonradan obyekt X12 tərəfindən özəlləşdirilmişdir. X12 2019-cu ildə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 ailə üzvləri ilə birlikdə qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb etmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli qətnaməsi ilə X4 iddia ərizəsi təmin olunmuşdur və cavabdehlər Cavabdeh1, X1, X5 və X14 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçı X8 təhvil verilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya, sonradan isə kasassiya şikayətləri versə də qətnamə hər iki instansiyada qüvvəsində saxlanılmışdır. Qətnamə Nəsimi rayon İcra və probasiya şöbəsində icra edilərkən hazırki iş üzrə İddiaçı X6 etibarnamə üzrə nümayəndəsi kimi məcburi icra tədbirlərində iştirak etmişdir. 06.03.2020-ci il tarixdə Cavabdeh1 və ailə üzvləri sözügüdən sahədən çıxarıldığı zaman Cavabdeh1 5000 manat pul verilməsini tələb etmiş və həmin pul verildiyi təqdirdə o, X9 və onun ailə üzvlərini bir daha narahat etməyəcəyinə söz vermişdir. Digər Cavabdeh1 dostu Rafik Atakişiyev isə Cavabdeh1 zamin durduğunu təkidlə bildirmişdir. İddiaçı X2 Cavabdeh1 əşyalarının daşınması üçün və Xırdalan şəhərində olan mənzilin təmiri üçün 5000 manat pul alıb Rafik Atakişiyevə vermişdir, o da pulu həmin an Cavabdeh1 vermişdir. Lakin Cavabdeh1 öz verdiyi sözünə əməl etməyərək yenidən mübahisəli qeyri-yaşayış sahəsinin qapısının qıfıllarını sındırıb ailə üzvləri ilə birlikdə X3 məxsus qeyri-yaşayış sahəsinə girmişdir. Cavabdeh1 yenidən həmin qeyriyaşayış sahəsinə daxil olduğundan və həmin sahədən çıxmaq istəmədiyindən X12 ondan alıb cavabdehə verdiyi 5000 manat pulu tələb etmişdir. Cavabdeh1 Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən təqdim olunmuş İddiaçı müraciəti əsasında toplanmış materiallarında olan izahatında 5000 manat pulu aldığını etiraf etmişdir. Eyni zamanda Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində izahatı alınmış Rafik Atakişiyev də İddiaçı verdiyi 5000 manat pulu həmin vaxt Cavabdeh1 verdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında da cavabdeh iddiaçıdan həmin pulu aldığını etiraf etdi. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq İddiaçı Cavabdeh1 5000 manat pulun alması tam sübuta yetirildiyindən, cavabdeh Rafik Atakişiyevin Cavabdeh1 aldığı 5000 manata heç bir aidiyyətinin olmadığından ona qarşı irəli sürülmüş iddianın əsassız olduğunu nəzərə alıb belə nəticəyə gəlmişdir ki, İddiaçı iddia ərizəsi qismən təmin olunmalı və Cavabdeh1 5000 manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşır ki, iddiaçının cavabdehdən tələb etdiyi 337.5 manat və 250 manat faiz məbləğinin, 50000 manat mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilmədiyindən iddiaçının iddia tələb bu hissədə təmin olunmamalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Müəyyən edilmişdir ki, Cavabdeh1 Zəngilan rayonundan məcburi köşkündür, ona görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçı apellyasiya şikayətində qətnamənin təmin olunmayan hissədə ləğv edilərək iddianın tam təmin edilməsini, cavabdeh isə qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etsə də şikayətlərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişlər. Bundan başqa apellyasiya şikayətlərində qeyd edlilən dəlillər araşdırılaraq məhkəmə qətnaməsində qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apellyasiya şikayətləri isə təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-30/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar