Məhkəmə qərarları › İş №2(105)-2164/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2164/2022

07.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2164/2022 07.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(060)-3197/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, Cavabdeh məxsus ünvan 1 ünvanına onun və övladları - xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X4 istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və həmin vaxt ünvan 1 ünvanına gəlin köçərək orada yaşamağa başlamışdır. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X9 doğulmuş və onlar birlikdə həmin ünvanda yaşamışlar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-4285/2017 nömrəli qətnaməsi ilə nikahına xitam verilmişdir. Nikahları ləğv edildikdən sonra cavabdeh tərəfindən mənzildən qovulmuş və əsassız olaraq istifadə hüququndan məhrum edilmişdir. Hazırda onun başqa bir yerdə yaşamağa yeri yoxdur və kirayə yaşamaq üçün də maddi imkanı yol vermir.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(060)-3197/2022 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) İddiaçı Cavabdeh məxsus ünvan 1 ünvanına onun və övladları - xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X4 istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə iddiası təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı mənzilin mülkiyyətçisinin qanunvericilikdə müəyyən edilmiş ailə üzvləri dairəsinə mənsub olmadığından, eləcə də onun mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşması mövcud olmadığından, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onun mübahisəli mənzildən istifadə hüququ mövcud deyildir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4, 228.1, 228.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(060)-3197/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcələsinin 228.1, 228.2, 228.5-ci maddələri və MPM-nin 9.1, 9.3, 88, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qətbaməsinin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları

10. İddiaçı, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər.

11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir.

12. Məhkəmə kollegiyası cavadehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

15. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

17. Maddə 152.1. Mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

25. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir.

28. Belə ki, iş materialları ilə müəyyən olur ki, X2 Əlövsət Kamran oğlu ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və həmin vaxt cavabdehə məxsus ünvan 1 ünvanına gəlin köçərək orada yaşamağa başlamışdır. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X9 doğulmuş və onlar birlikdə 2020-ci ilə kimi həmin ünvanda yaşamışlar.

29. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-4285/2017 nömrəli qətnaməsi ilə X8 və X11 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 1126 nömrəli nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X1 Günay Rafiq qızının yanında qalması, xx.xx.2017-ci il tarixdən etibarən uşaqların saxlanılması üçün X3 hər uşaq üçün 50 manat, ümumilikdə 100 manat pulun tutularaq X10 verilməsi müəyyən edilmişdir.

30. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzil Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2007- ci il tarixli, 6/447 nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyəti MTTİB 5 saylı MKİS tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 2199 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında Cavabdeh mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.

31. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 31/13 saylı evin 30 saylı mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.

32. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Tərəflər arasındakı mübahisəli hüquq münasibəti 2004-cü ildə yaranmışdır.

34. İşdən görünür ki, mübahisəli mənzil dövlət mənzil fonduna aid olmuş və mübahisəli mənzilə dair cavabdehin adına xx.xx.2007-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir.

35. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı mənzil mübahisəsi 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə tənzimlənməlidir.

36. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər. İcarədarın ailə üzvləri onun arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb, onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb, onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

37. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

38. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

40. İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

41. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehin ailə üzvü kimi mübahisəli mənzilə gəlin köçmüş, həmin vaxt mübahisəli mənzil mənzil fonduna aid olmuş və həmin mənzildə istifadə hüququ əldə etmişdir.

42. Digər tərəfdən, Azərbaycan Respublikasının Konstitusiyasınin 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yəni, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan edilir.

43. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi yerdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırki işdə, birinci və ikinci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ailədə gərgin münasibətlər yarandığı üçün iddiaçı hazırda başqa evdə yaşamaq məcburiyyətində qalıb.

44. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi, mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.

45. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür.

46. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız qanun əsasında yol verilir.

47. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.

48. Bu cür müdafiə üsulları kimi mənzil hüququnun tanınması, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

50. Apellyasiya şikayəti qanuni və əsaslı olub, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla öz təsdiqini tapdığına görə təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsi təmin olunmalıdır.

51. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. İddia tələbi təmin olduğuna görə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(060)-3197/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı övladları - xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X9 ilə birlikdə Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilsin. İddiaçı övladları - xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X9 ilə birlikdə Cavabdeh məxsus ünvan 1 ünvanına istifadə hüququ tanınsın və həmin mənzilə köçürülsün. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat pul Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar