Məhkəmə qərarları › İş №2(105)-2166/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2166/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2166/2021 20.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-783/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-783/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19.07.2019-cu il tarixli, SUMG1-12373-1996 saylı kredit müqaviləsi ləğv edilmiş, əsas borc üzrə 13591,18 manat, faiz borcu üzrə 78,75 manat olmaqla, cəmi 13669 (on üç min altı yüz altmış doqquz) manat 93 (doxsan üç) qəpik məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməsi qət edilmişdir. (hakim E.Abdullayev) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-783/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1la bağlanmış 19 iyul 2019-cu il tarixli, SUMG1- 12373-1996 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 13591,18 manat əsas borc, 28,92 manat cari faiz borcu olmaqla, cəmi 13620,10 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 19.07.2019-cu il tarixli, SUMG1-12373-1996 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 1% olmaqla, 60 ay müddətinə 13597,69 manat məbləğində kredit verilmişdir. Bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə digər cavabdehlə kredit müqaviləsi ilə eyni tarixdə, SUMG1-12373-1996+SUMG1- 18461 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuşdur. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 07.10.2020-ci il tarixinə 13591,18 manat əsas borc, 28,92 manat cari faiz borcu olmaqla, cəmi 13620,10 manat borcu qalmışdır. Ona görə də iddia təmin olunmalıdır. İddiaçının nümayəndəsi işin məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən iddiaçının xeyrinə 13591,18 manat əsas borc, 78,75 manat cari faiz borcu olmaqla, cəmi 13669,93 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" BOKT MMC ilə onun arasında bağlanmış kredit müqaviləsi 19.07.2019-cu il tarixdə 60 ay, yəni 5 il müddətinə bağlanmışdır. İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsində onunla bağlanılan 25.10.2013-cü il tarixli müqavilənin ləğv edilməsi məsələsini qoymamışdır. Lakin ondan bütün müqavilə dövrü üzrə faiz borcunu tələb etmişdir.. Bu halda əgər müqavilə ləğv edilməyibsə iddiaçı ondan vaxtından əvvəl hansı əsaslarla pulunu tələb edir? Qeyd edilən məsələ birinci instansiya məhkəməsində məhkəmənin nəzərindən qaçmışdır. Bundan başqa, onun tərəfindən daha çox kredit ödənişi edilmiş, lakin həmin pullar qanunsuz olaraq faiz və dəbbə borcuna silinmişdir. Buna görə də iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir. Bu hallar məhkəmə tərəfindən kifayət qədər araşdırılmadığından qətnamə ləğv olunmalı, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrar gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 19.07.2019-cu il tarixli, SUMG1-12373-1996 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh1 iddiaçıya 60 ay müddətinə, illik 1 faizlə, 13597,69 manat kredit vermişdir. Müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə əsasən, Cavabdeh1 15-ci aydan etibarən MMC-yə hər ay 289 manat, sonuncu ay isə 294,09 manat ödəniş etməli idi. Yenə iş materiallarında olan 19.07.2019-cu il tarixli, SUMG1-12373- 1996+SUMG1-18461 saylı zaminlik müqaviləsindən görünür ki, eyni tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh2 iddiaçı qarşısında zamin olmuşdur. Yenə də iş materiallarında olan 07.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə olan borcu - 13591,18 manat əsas borc, 28,92 manat cari faiz borcu olmaqla, cəmi 13620,10 manat təşkil edir. İşdə olan 11.09.2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" BOKT MMC tərəfindən hər iki cavabdehə kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-783/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" BOKT MMC tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə 13597,69 manat məbləğində kredit verilmiş, bu barədə onlar arasında 19.07.2019-cu il tarixli, SUMG1-12373-1996 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit öhdəliklərinin təminatı kimi MMC ilə digər Cavabdeh2 arasında eyni tarxili zaminlik müqaviləsi imzalanmışdır. Qeyd edilən müqavilə üzrə borc yaranmış, lakin xəbərdarlıq edilməsinə baxmayaraq, bu borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən, Cavabdeh1 həmin kredit müqavilələri üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğlərini və həmin müqavilələrlə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitlərini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitlərinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası hüquqi mövqeyi və gəldiyi nəticə aşağıdakılara əsaslanır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdən göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. Həmçinin zamin Cavabdeh2 Cavabdeh1 "xxxx" BOKT MMC qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün məsuliyyəti öz üzərinə götürsə də, öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşdən göründüyü kimi, Cavabdeh1 iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borcu, faiz borcu və dəbbə pulu borcu yaranmışdır. Borcun məbləğini iddiaçı tərəf öz maliyyə arayışı ilə təsdiq etmişdir. Bu arayışa görə Cavabdeh1 borcu - 13591,18 manat əsas borc, 28,92 manat cari faiz borcu olmaqla, cəmi 13620,10 manat təşkil edir. Məhkəmənin gedişində iddiaçı faiz borcu hissəsində iddianın həcmini artırmış, tələb 78,75 manat olmuşdur. Apelyasiya şikayətindən isə görünür ki, cavabdeh faiz borcunun məbləğindən (78,75 manat) narazıdır. Kredit müqaviləsinin şərtinə görə illik tətbiq edilən faiz məbləğinin 1 olması və əsas borcun 13591,18 manat olması nəzərə alınarsa, tətbiq edilən faiz borcunun qanuni əsaslarla yaranması iş materialları ilə tamamilə təsdiq olunur. Bundan başqa, şikayətin digər dəlili kredit müqaviləsinin 60 ay müddətinə bağlanması və müqavilə ləğv edilmədən bütün dövr üzrə borcun cavabdehdən tutulmasının qanunsuzluğu barədədir. Bu dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbindən göründüyü kimi, tələblərdən biri də tərəflər arasında bağlanmış kredit müqaviləsinin vaxtında əvvəl ləğv edilməsi barədədir. AR Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir və beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozduğu üçün iddiaçının tərəflər arasında bağlanmış müqaviləyə vaxtından əvvəl xitam verilməsi, habelə müqavilə üzrə əsas və faiz borcunun tələb olunması hüququ yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və o, bu öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun "xxxx" BOKT MMC-yə 19.07.2019-cu il tarixli, SUMG1-12373-1996 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 13591,18 manat, faiz borcu üzrə 78,75 manat olmaqla, cəmi 13669,93 manat məbləğində borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-783/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar