Məhkəmə qərarları › İş №2(105)-217/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-217/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-217/2023 29.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 09 avqust 2022ci il tarixli, 2(028)-306/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim V.Ruvinov) iddianın rədd edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 635,33 manat əsas borc, 50,3 manat faiz borcu, 26,61 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 712,24 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 635,33 manat əsas borc, 50,3 manat faiz borcu, 26,61 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 712,24 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25%-lə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Nəticədə borclunun xx.xx.2022-ci il tarixinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 635,33 manat əsas borc, 50,3 manat faiz borcu, 26,61 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 712,24 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "xxxx" ASC Qubadlı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən istinad etdiyi İddiaçı ASC-nin hesabdan çıxarışının surətindən görünür ki, Cavabdeh1 – hesabın adı üzrə 10000 manatlıq kredit üzrə xx.xx.2020-xx.xx.2022-ci il tarixli aralığa görə qalıq borc 0 manat təşkil edir cümləsi tamamilə əsassızdır. Belə ki, cavabdehin banka xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə nə qədər borcunun olması iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışında əks olunmuşdur. Hesabdan çıxarış borc müəyyən edən sənəd deyildir və xx.xx.2020-xx.xx.2022-ci il tarixli aralığa qalıq borcunun 0 olması cümləsi cavabdehin borcunun olmaması deyil, cari kredit hesabında kredit verilən tarixdən son ödəniş gününə kimi bütün əməliyyatların aparıldığını, kredit hesabında hər hansısa məbləğin olmadığını və aparılmış bütün əməliyyatların yerinə yetirildiyini göstərir. Həmçinin hesabdan çıxarış xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığını deyil, xx.xx.2020-xx.xx.2022-ci il tarix aralığını özündə əks etdirmişdir. Qeyd edək ki, cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 11710 manat ödəniş etdiyini etiraf edir (maliyyə arayışında da əks olunmuşdur) lakin təqdim olunan hesabdan çıxarışda 21.715 manatlıq əməliyyat əks olunub. Bu hal da hesabdan çıxarışda aparılmış kredit veriləndən (xx.xx.2020) son ödəniş günənədək (xx.xx.2022) olan bütün əməliyyatların aparıldığının sübutudur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni Cavabdeh1 etiraz ərizəsinə əlavə etdiyi İddiaçı ASC-nin hesabdan çıxarışının surətinə əsasən Cavabdeh1 (VÖEN **********) – hesabın adı üzrə 10000 manatlıq kredit üzrə xx.xx.2020xx.xx.2022-ci il tarixli aralığa görə qalıq borc 0 manat təşkil etməsi ilə əsaslandırmışdır. İddiaçı "xxxx" ASC bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. İşdən görünür ki, iddia tələbi borcun tutulması barədədir. İşin mübahisələndirilməyən halları isə ondan ibarətdir ki, iddiaçı bank ilə borclu Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə 24 ay müddətinə illik faiz dərəcəsi 25 % olmaqla 10000 manat kredit verilmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış kredit məbləğinin mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli 9/220 nömrəli ekspertiza rəyi ilə təqdim olunmuş hesabdan çıxarış məlumatları, 14 iyul 2020-ci il tarixli 4-MZ2-2-0-1469-20 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə Cavabdeh1 əsas borc üzrə 630,33 manat, faiz borcu üzrə 93,05 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin hallarına Mülki Məcəllənin 385.1., 386.1., 442, 445, 448.1, 739.1., 739.2., maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Göründüyü kimi ekspert rəyi ilə cavabdehlərin əsas borcu 630,33 manat, faiz borcu 93,05 manat təşkil edir. İddiaçının iddia tələbində isə faiz borcu 50,3 manat təşkil edir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 103.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, faiz borcu hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza rəyində göstərilən məbləğ bankın tələb etdiyi məbləğdən artıqdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 630 (altı yüz otuz) manat 33 (otuz üç) qəpik əsas borc, 50 (əlli) manat 30 (otuz) qəpik məbləğində faiz borcu, 26 (iyirmi altı) manat 61 (altmış bir) qəpik cərimə borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2020ci il tarixli kredit müqaviləsi üzrə 630 (altı yüz otuz) manat 33 (otuz üç) qəpik əsas borc, 50 (əlli) manat 30 (otuz) qəpik məbləğində faiz borcu, 26 (iyirmi altı) manat 61 (altmış bir) qəpik cərimə borcu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar