Məhkəmə qərarları › İş №2(105)-217/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-217/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-217/2025 23.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması" tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, e-2(077)-204/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 12117,64 manat əsas borc, 2076,12 manat faiz borcu, 478,06 manat cərimə borcu olmaqla, cəmi 14671,82 manat borcun və 135 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CP/88453/87/10 saylı kredit sazişinə əsasən borcalana 36 ay müddətinə, illik 26% olmaqla 15000 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə banka 12117,64 manat əsas borc, 2076,12 manat faiz borcu, 478,06 manat cərimə borcu olmaqla, cəmi 14671,82 manat borcu yaranmışdır.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CP/88453/87/10 saylı kredit sazişinin surətindən görünür ki, bank tərəfindən borc alana 36 ay müddətinə, illik 26% hesablanmaqla 15000 manat məbləğində kredit verilmişdir.

5. 09.05.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022ci il tarixli, CP/88453/87/10 saylı kredit sazişi üzrə banka 12117,64 manat əsas borc, 2076,12 manat faiz borcu, 478,06 manat cərimə borcu olmaqla, cəmi 14671,82 manat borcu qalmışdır.

6. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-204/2024 saylı qərardadı ilə mülki iş üzrə ekspertiza təyin edilmiş və ekspert qarşısında İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CP/88453/87/10 saylı kredit sazişinə əsasən aparılan ödənişlər nəzərə alınmaqla əsas, faiz və cərimə borcunun müəyyən edilməsi sualı qoyulmuşdur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4833 saylı ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli, CP/88453/87/10 saylı kredit sazişinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət olunan müddətinə İddiaçı ASC-yə olan əsas borcu 12116,54 manat, faiz borcu 2949,03 manat və cərimə borcu 113,42 manat müəyyən edilmişdir.

8. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 135 manat dövlət rüsumu ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

9. Şuşa Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, e-2(077)-204/2024 nömrəli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli, CP/88453/87/10 saylı kredit sazişi üzrə 12117,64 manat əsas borc, 2076,12 manat faiz borcu, 178,06 manat cərimə borcu olmaqla, cəmi 14371,82 (on dörd min üç yüz yetmiş bir manat 82 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 131 (bir yüz otuz bir) manat hissəsinin İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 97 (doxsan yeddi) manat hissəsinin Cavabdeh, 3 (üç) manat hissəsinin İddiaçı ASCdən tutulub X2 hesabına köçürülməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 386.1, 390.4, 425.1, 442, 445.1 və 448.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1, 88, 119.1, 77.1, 217.4, 216-220, 222.2 və 360-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, Şuşa Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, e-2(077)-204/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

12. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf olaraq iddiaçının tələb etdiyi məbləğ ilə razı deyil. İddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli, CP/88453/87/10 saylı kredit sazişinə əsasən iddiaçı Bankdan 36 ay müddətinə, illik 26% olmaqla 15000 manat məbləğində kredit götürmüş və sözügedən müqavilə üzrə olan borc məbləğindən hər ay vaxtı-vaxtında ödənişlər etmişdir. Lakin, sonradan maddi vəziyyəti ilə əlaqədar kredit borcunu ödəməkdə çətinlik çəkdiyindən borcunu tam ödəyə bilməmişdir. Buna baxmayaraq iddiaçı ASC etdiyi ödəniş məbləğlərinin bir hissəsini nəzərə alsa da, qalan hissəni nəzərə almamışdır. Bundan əlavə onuda qeyd edir ki, iddiaçının tələb etdiyi faiz məbləği ilə razı deyil. Sözügedən müqavilə üzrə artıq hesablanmış 2076,12 manat məbləğində faiz borcunu qəbul etmir və həmin faiz borcunun əsassız olduğunu düşünür. Bu səbəbdən də, iş üzrə faiz borcu silinməklə yeni qətnamə qəbul olunmalıdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakları olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

15. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır. Nəticədə iddiaçı araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

22. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etməkdə haqlı olmuşdur.

23. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir.

24. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, CP/88453/87/10 saylı kredit sazişi əsasında İddiaçı ASC-dən borc alması və onu vaxtında ödəməməsi, nəticə də 12117,64 manat əsas borc və 2076,12 manat faiz borcunun qalması təsdiq olunduğundan və cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğundan, həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, borcun vaxtında ödənilməməsinə görə 478,06 manat məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən tələb olunan dəbbə pulu 178,06 manat məbləğinədək azaldılmalıdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğundur.

27. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir.

28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.

29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

30. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

31. Şikayətin dəlillərindən göründüyü kimi apellyator sözügedən müqavilə üzrə tələb olunan borcun miqdarını mübahisələndirir, faiz borcunu qəbul etmir, qətnamənin ləğv edilməsini tələb edir.

32. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, iddia olunan borc məbləğinin doğruluğu yoxlanılmışdır.

33. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə də həmin rəyə uyğun məbləğin müəyyən edilərək cavabdehdən tutulması qət edilmişdir.

34. Kollegiya hesab edir ki, tutulmalı olan borcun miqdarı üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla düzgündür, şikayətin borcun düzgün hesablanmaması barədə dəlili əsassızdır.

35. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh tərəfindən etirazını əsaslandıra biləcək hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizanın təyin edilməsinə zərurət yoxdur. Kollegiyanın qənaətincə heç bir tutarlı əsas olmadan ekspertizanın təyin edilməsi işin lüzümsuz yerə uzanmasına xidmət etmiş olar.

36. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, e-2(077)-204/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar